“Azərbaycan Prokuroru” jurnalına məqalə qəbul olunur


  • 28 Fevral 17:38

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokuroru” elmi jurnalının üçüncü nömrəsinə azərbaycan, türk, rus, ingilis dillərində hazırlanmış elmi-hüquqi məqalə qəbulu elan edilir.

E-huquq.az xəbər verir ki, elmi nəşrdə hüququn müxtəlif sahələri üzrə praktiki və nəzəri məsələlər üzrə hüquqşünaslar və ya hüquq elminin digər sahələri ilə kəsişdiyi aktual məsələlər üzrə digər sahələrin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar və onların nəticələri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemlər və onların həlli yollarına dair tədqiqatların əks olunduğu məqalələrin dərc olunması nəzərdə tutulub.

“Azərbaycan Prokuroru” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə nəşr olunur və məqalələr həmin tələblərə cavab verməlidir.

Məqalələrinin “Azərbaycan Prokuroru” jurnalında dərc olunmasını arzulayanlar martın 30-dək müraciət edə bilərlər.

Məqalələrin mövzularının razılaşdırılması və akademik yazı ilə bağlı köməkliyin alınması üçün Redaksiyaya ilə əlaqə saxlanıla bilər (əlaqə nömrəsi: 0123611458, 0123611455, 0504666535).

Məqaləyə dair tələblər:

Məqalələr hüququn müxtəlif sahələri üzrə təcrübi və nəzəri məsələləri, hüquq tətbiqetmə zamanı qarşıya çıxan problemləri və onların həlli yollarını əhatə etməklə, əvvəllər heç bir nəşrlərdə dərc edilməməli və onlara təqdim olunmamalı (istisna hallar redaksiya heyəti tərəfindən müzakirə olunur);

Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməli;

Məqalələr Word Document fayl şəklində, Arial 14 şrifti ilə, 1,5 intervalla yazılmalı;

Məqalənin həcmi şəkil, cədvəl və ədəbiyyat siyahısı ilə birlikdə 8 səhifədən, ədəbiyyat icmalları və mühazirələrin həcmi isə 12 səhifədən artıq olmamalı;

Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməli;

Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməli;

İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə, o cümlədən internet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalı;

Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.

Oxşar xəbərlər