İşdən azad olunarkən işçilərə müavinətlər necə ödənilir?


  • 25 May 2021 11:12

İşdən azad olunarkən işçiyə ödənilən müavinətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq qayda ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə ) və “b” (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) bəndləri ilə xitam verilərkən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı işdənçıxarma müavinəti verilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi), 74-cü maddəsinin birinci hissəsinin «a» (işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda) və «c» (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.

Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “ç” (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçinin vəfatı ilə əlaqədar) bəndi ilə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Bundan əlavə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən həmin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər