- 22 May 17:52
Əmək münasibətləri cəmiyyətin əsas sosial münasibətlərindən biridir və işəgötürən ilə işçi arasında qarşılıqlı hüquq və vəzifələrin müəyyənləşdirilməsi əmək hüququnun əsas məqsədlərindən biridir. İş prosesində hər hansı bir səbəbdən işçiyə ziyan dəyməsi mümkündür və bu zaman işəgötürənin işçiyə vurduğu ziyana görə məsuliyyət daşıması hüquqi ədalətin təmin olunması baxımından vacibdir. İşçinin sağlamlığına və əmək qabiliyyətinə vurulan ziyan onun maddi və mənəvi vəziyyətinə mənfi təsir göstərir, buna görə də işəgötürənin belə hallar qarşısında məsuliyyət daşıması əmək münasibətlərinin dayanıqlığını və ədalətini qoruyur.
E-huquq.az xəbər verir ki, bu mövzu əmək qanunvericiliyində də xüsusi yer tutur və işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətinin hansı hallarda yaranması əmək hüququnun praktik tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Otuz birinci fəsli işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini və bu məsuliyyətin tənzimlənmə qaydalarını əhatə edir.
Məcəllənin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar müəyyən edilib.
Belə ki, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; işçi seksual qısnamaya məruz qaldıqda işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
Bəs işçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası necədir?
Məcəllənin 195-ci maddəsində göstərilən hallar işçi tərəfindən müəyyən edildikdə, eləcə də müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçi, auditor, auditor təşkilatı, müvafiq icra hakimiyyəti orqanı və onların səlahiyyətli vəzifəli şəxslərinin qərar, rəyi və ya arayışı, həmçinin məhkəmənin hökmü, qətnaməsi və ya qərarı əsasında təsdiq olunduqda, işçiyə dəyən maddi ziyanın ödənilməsi təmin edilir.
İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə əmlakına dəyən ziyan işçiyə natura şəklində də ödənilə bilər.
Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.
İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır.
İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
Qeyd edək ki, bu maddədə "əmək alətləri, vasitələri və digər əşyalar" dedikdə, işçinin şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün işəgötürənin razılığı ilə iş yerinə gətirdiyi maşın və mexanizmlər, elektron və mexaniki cihazları, rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri minimum əmək haqqının iki mislindən çox olan əl əməyi vasitələri nəzərdə tutulur.
İşçi vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi üçün işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən isə işçinin ərizəsində göstərilən iddianı araşdıraraq 15 gün ərzində müvafiq qərar qəbul edib yazılı şəkildə cavab verməlidir.
Əgər işçi işəgötürənin qərarından tam və ya qismən narazıdırsa, yaxud da müəyyən edilmiş müddət ərzində yazılı cavab almırsa, o zaman ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Tərəflər məhkəməyə müraciətdən çəkinmək məqsədilə qarşılıqlı razılıq əsasında mübahisənin başqa yollarla həllini müəyyən edə bilərlər. Ancaq bu razılaşmalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.
Şəbnəm Mehdizadə