Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?


  • 13:56

Ailə hüququ sahəsində ən çox müzakirə olunan məsələlərdən biri də boşanma zamanı ər-arvadın və övladların əmlak hüquqlarıdır.

E-huquq.az-ın məlumatına görə, vəkil Vamiq Şükürov deyib ki, bəzi hallarda, birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay verilməsi barədə yanlış fikirlər mövcuddur.

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah dövründə ər və arvadın əldə etdiyi əmlak ümumi mülkiyyət hesab olunur və boşanma zamanı bərabər şəkildə bölünür. Lakin bəzən qadınlar elə hesab edirlər ki, birgə nikah dövründə qazanılmayan əmlaklardan onların övladlarına pay düşür. Ailə Məcəlləsinə əsasən ər-arvad birgə nikah dövründə və onların birgə qazancı ilə qazanılmayan əmlakları tələb edə bilməzlər. Məsələn, nikahdan əvvəl pay alınıb, mənzil alınıb və ya nikah dövründə vərəsəlik qaydasında və bağışlama ilə ər və ya arvada əmlak verilibsə, bunlardan qarşı tərəfə hər hansı bir pay verilmir”, - deyə vəkil bildirib.

"Bəzən elə hesab edilir ki, qadın uşaqlar onun yanında qaldığı təqdirdə əmlakdan uşaqlara görə pay ala bilər. Bu, yalnış fikirdir. Belə ki, qanunvericiliyə əsasən, ər və arvadın adına olan əmlaklardan tərəflər uşaqlara heç bir pay verməyə borclu deyil. Ailə Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulmayıb. Uşaqlar qadının yanında qalırsa, uşaqların saxlanmasına görə aliment tələb edə bilər", - V.Şükürov əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər