- 29 May 11:52
Sosial şəbəkələrdə aliment mövzusunda paylaşdığım demək olar ki, bütün videoların şərhlərində vətəndaşların tez-tez ünvanladığı, bəzən isə mübahisə etdiyi əsas məsələ “uşaq pulu” ilə bağlıdır. Vətəndaşlar bəzən hesab edir ki, “Uşaq pulu”nun ödənilməsi şəxsləri “aliment ödəmə” öhdəliyindən azad edir.
Maraqlıdır, həqiqətən belədirmi? Uşaq pulu aliment öhdəliyini aradan qaldırırmı? Bu iki hüquqi institutun bir-biri ilə bağlılığı varmı?
Əvvəlcə onların hüquqi mahiyyətinə nəzər salaq:
• Uşaq pulu — dövlət tərəfindən uşağın sosial rifahını dəstəkləmək məqsədilə verilən müavinət növüdür.
• Aliment — uşağın saxlanılması üçün valideynin (baxılan halda) şəxsi və hüquqi öhdəliyidir, adətən məhkəmə qərarı ilə təyin olunur.
Müxtəlif ölkələrin qanunvericiliyinə nəzər saldıqda görürük ki, bu iki ödəniş növü bir-birindən tam müstəqildir:
• Almaniyada həm aliment, həm də uşaq pulu mövcuddur. Uşaq pulu alimentin əvəzi hesab edilmir, lakin bəzi hallarda alimentin hesablanmasında nəzərə alına bilər.
• Fransada hər iki ödəniş ayrı-ayrılıqda həyata keçirilir və biri digərini əvəz etmir.
• Böyük Britaniya və Kanadada da eyni yanaşma tətbiq olunur – uşaq pulu dövlət tərəfindən verilir, aliment isə şəxsi məsuliyyət kimi saxlanılır.
Bu təcrübələrə əsasən aydın olur ki, uşaq pulu şəxsi aliment öhdəliyini aradan qaldırmır və uşaq pulu mövcud olsa belə şəxslərin aliment ödəmə öhdəlikləri mövcud olaraq qalır.
Optimal çıxış yolu nə ola bilər?
Məsələnin daha səmərəli həlli kimi Skandinaviya ölkələrinin təcrübəsi diqqət çəkir. Norveç, İsveç və Finlandiya kimi ölkələrdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət alimenti öncədən ödəyir, daha sonra isə bu məbləği aliment ödəməli olan valideyndən geri tələb edir.
Bu sistem həm uşağın rifahını təmin edir, həm də alimentin gecikməsi və ya ümumiyyətlə ödənilməməsi problemini aradan qaldırmağa yönəlmişdir.
Əlbəttə, irəli sürülən bu yanaşma problemi tam şəkildə həll etməyə bilər. Bu baxımdan hesab edirəm ki, fərqli baxışların dinlənməsi və müzakirəsi məsələnin daha optimal həllinə töhfə verə bilər.
Dədəkişi Vəlizadə
Vəkillər Kollegiyasının üzvü