- 18 İyun 17:10
"Müsabiqə və hərrac prosedurlarından kənar formada bələdiyyədən fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi əldə edən şəxslər həmin ərazi ilə bağlı 5 il müddətində heç bir hüquqi əməliyyat apara bilməzlər".
E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil bildirib ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bələdiyyə ərazisində daimi yaşayan və ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci bəndində nəzərdə tutubmuş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və icarəyə verilməsi halları istisna olmaqla bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və müsabiqələr vasitəsi ilə əldə edilə bilər.
"Əgər müsabiqə və hərracdan kənar fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən torpaq əldə etmisinizsə, məhdudiyyət ondan ibarətdir ki, 5 il müddətində həmin torpağı özgənkiləşdirə - sata, bağışlaya eləcə də torpaq üzərində hər hansı bir əməliyyat apara bilmərsiz", - T.Abdullazadə qeyd edib.
Humay Eminqızı