- 17:52
Uzun illərdir ki, qadınların iş dünyasındakı rolu genişlənməkdədir. Onlar artıq təkcə ailənin deyil, eyni zamanda iqtisadiyyatın da dayağına çevriliblər. Amma bir sual hələ də cavabsızdır: bu artan yük və məsuliyyətlər fonunda qadınlar eyni fiziki və psixoloji resurslarla həm işdə, həm də evdə necə dayana bilirlər?
Azərbaycanda tətbiq olunan 8 saatlıq iş günü modeli, qadının yalnız bir sferada - əmək bazarında funksionallığını nəzərə alır. Halbuki, qadın hələ də ailə modelinin əsas dayağı olaraq qalır: uşağın tərbiyəsi, evin rifahı, ailədaxili emosional tarazlıq onun üzərindədir. Bu isə ikinci, ödənişsiz, lakin cəmiyyət üçün həyati əhəmiyyətli bir işdir.
Hüquq və psixologiya baxımından bu ikili yükü 8 saatlıq sistemlə balanslaşdırmaq nə dərəcədə ədalətlidir?
Bir hüquqşünas və vətəndaş kimi hesab edirəm ki, qadınların 6 saatlıq iş rejimində işləməsi yalnız istək deyil, hüquqi və psixoloji baxımdan sosial ədalətin təməl prinsiplərindən biridir. Bu tələbin arxasında sentimental deyil, real hüquqi, sosial və iqtisadi arqumentlər dayanır. Əmək bazarında gender bərabərliyi təkcə eyni əməkhaqqı ilə ölçülməməlidir. Həqiqi bərabərlik - fiziki, psixoloji və sosial yükün də bərabər bölüşdürülməsi ilə mümkündür. Azərbaycanda minlərlə qadın həm ailə həyatını idarə edir, həm də iş həyatında peşəkar kimi fəaliyyət göstərir. Lakin reallıq odur ki, qadınların üzərinə düşən ikili məsuliyyət - həm işçi, həm də ana, həyat yoldaşı kimi funksiyalar - onların resurslarını ədalətsiz şəkildə tükədir. Qadınlar evə gələndə ikinci növbəyə başlayırlar. Bu isə onların nə istirahətə, nə də şəxsi inkişaflarına imkan verir. Bu təkcə qadının problemi deyil bu, bir millətin, bir ailənin, bir gələcəyin keyfiyyət problemidir.
Aparılan beynəlxalq araşdırmalar göstərir ki, qadınların uzun iş saatları emosional tükənməyə, depressiyaya, ailədaxili münasibətlərin gərginləşməsinə səbəb olur. Qadınlar işdənkənar saatlarda da mental yüklənmə ilə yaşayırlar: ailə qayğıları, uşaqlar, ev təsərrüfatı və sosial gözləntilər onların stress səviyyəsini artırır. Bu isə həm işdə məhsuldarlığın, həm də ailə institutunun keyfiyyətinin azalmasına səbəb olur. Məsələn, Finlandiya və İsveçdə tətbiq edilən qısaldılmış iş saatları qadınlarda daha balanslı həyat, daha sağlam ailə mühiti və daha məhsuldar əmək nəticələri ilə müşahidə olunur. Qadına nəfəs almaq imkanı verildikdə, cəmiyyət daha sağlam nəfəs alır.
Əmək Məcəlləsinin 91-ci maddəsində müəyyən hallarda qısaldılmış iş günü hüququ tanınır. Lakin bu müddəa sistemli tətbiq edilmir və cinsə əsaslanan sosial funksiyalar nəzərə alınmır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsində göstərilən hüquq bərabərliyi prinsipi, qadınların faktiki bərabər imkanlara sahib olması üçün xüsusi müdafiə tədbirlərini də əhatə etməlidir.
Ədalətli hüquqi tənzimləmə yalnız oxşar vəziyyətdə olan şəxslərə eyni münasibət göstərməklə deyil, fərqli durumda olanlara fərqli yanaşma tətbiq etməklə mümkündür. Bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-ci il tarixli “Thlimmenos Yunanıstana qarşı” (Thlimmenos v. Greece, App. No. 34369/97) işində formalaşdırdığı presedentdə öz əksini tapmışdır. Həmin qərarda qeyd olunur ki, Konvensiyanın təmin etdiyi hüquqlar çərçivəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi, eyni zamanda, “oxşar olmayan vəziyyətdə olan şəxslərə, obyektiv və əsaslı səbəb olmadan, eyni münasibət göstərildiyi hallarda” da pozulur. Başqa sözlə, “müxtəlif olanı müxtəlif tənzimləmək” prinsipi hüququn substantiv ədalətə əsaslanan tətbiqini tələb edir. Qadınların bioloji, sosial və ailəvi öhdəliklər baxımından real fərqliliklərini nəzərə almadan onlara kişilərlə tam eyni hüquqi rejim tətbiq edilməsi, zahirən neytral görünsə də, mahiyyət etibarilə bərabərsizliyə gətirib çıxara bilər. Bu səbəbdən, qadınlar üçün daha qısa iş vaxtı rejimi müəyyən edilməsini diskriminasiya deyil, beynəlxalq hüquqda qəbul edilmiş bərabərlik prinsipinin düzgün və ədalətli tətbiqi kimi qiymətləndirmək lazımdır.
Azərbaycanın sosial inkişafı qadının hüquqlarının yalnız bərabər elan olunması ilə deyil, real həyatdakı yüklərinin bölüşdürülməsi ilə mümkündür. 6 saatlıq iş rejiminin qadınlar üçün qanunvericilikdə təsbit olunması, hesab edirəm ki, təkcə qadınlar üçün deyil, bütün cəmiyyət üçün daha sağlam, dayanıqlı və ədalətli sosial düzənin təməlini qoya bilər.
Aytac Qurbanova
Hüquqşünas