- 14 May 14:25
Boşanma şəxsi və hüquqi cəhətdən mürəkkəb bir mərhələdir və bu prosesin nə qədər davam edəcəyi vətəndaşlar üçün ən çox maraq doğuran suallardan biridir. Ailə münasibətlərinin hüquqi şəkildə sonlandırılması, bir çox hallarda müxtəlif amillərə bağlı olaraq fərqli müddətlər tələb edə bilər. Tərəflərin razılığı, mülkiyyət bölgüsü, uşaqların saxlanması və digər hüquqi məsələlər boşanma prosesinin nə qədər davam edəcəyinə təsir edən əsas faktorlardandır.
E-huquq.az xəbər verir ki, vəkil Vamiq Şükürov boşanma prosesinin nə qədər vaxt aparmasına aydınlıq gətirib.
O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, boşanma iki formada həyata keçirilə bilər: məhkəmə qaydasında boşanma və məhkəmədənkənarqaydada boşanma.
Vəkilin sözlərinə görə, müddətlər bu qaydalara uyğun olaraq müəyyən edilib. Belə ki, əgər ər və arvadın birgə nikah dövründə dünyaya gəlmiş azyaşlı övladları yoxdursa və ya övladları 18 yaşına çatıbsa, onlar Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrinə və ya "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Əgər hər iki şəxs boşanmaya razıdırsa, bu halda müraciət tarixindən etibarən 1 ay sonra tərəflərə nikahın pozulması barədə şəhadətnamə təqdim olunur.
V.Şükürov deyib ki, əgər tərəflərin ortaq azyaşlı uşaqları varsa və ya boşanma ilə bağlı razılıq əldə olunmayıbsa, boşanma yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə prosesindən əvvəl tərəflər mütləq Mediasiya Təşkilatına müraciət etməlidirlər. Mediasiya mərhələsi təxminən 1 ay davam edir. Mediasiya nəticəsiz qalarsa, tərəflər məhkəməyə müraciət edə bilərlər: "Əgər tərəflər boşanma və digər məsələlər üzrə razılığa gəlirlərsə, məhkəmə prosesi təxminən 2 ay ərzində yekunlaşa bilər. Əgər razılıq əldə olunmayıbsa, məhkəmə barışıq müddəti təyin edir ki, bu da 3 aya qədər davam edə bilər. Belə halda ümumi proses təxminən 5 ay çəkə bilər. Əlavə olaraq, əgər tərəflər məhkəmənin qətnaməsindən apellyasiya və ya kassasiya qaydasında şikayət edərlərsə, proses 1 il və ya daha artıq müddətə uzana bilər".
Şəbnəm Mehdizadə