İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması proseduru


  • 18 Avqust 2022 16:52

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüququ təsbit olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi də işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna təminat verir. Belə ki, ölkə ərazisindəki hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından aslı olmayaraq qanunvericilikdə əks olunmuş əməyin mühafizəsi normaları, prinsipləri və qaydalarına riayət etməyə borcludur. Qanunvericilik bununla əlaqədar işəgötürənlərin və mülkiyyətçilərin üzərinə müəyyən vəzifələr qoyur. Əməyin mühafizəsi normaları və qaydaları işçilərin, istehsalat təcrübəsi keçən tələbələrin, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların, məhkəmə hökmlərinin icrası ilə əlaqədar məhkumların, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

İşçi ilə işəgötürən arasındakı münasibətlərin əsas şərtlərini tənzimləyən əmək müqaviləsində istehsalatda baş verən bədbəxt hadisələr zamanı əmək qabiliyyətinin itirilməsi hallarından işçinin işəgötürən tərəfindən icbari sığorta olunmaq hüququ öz əksini tapmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisələrdən zərərçəkmiş işçilərin mənafelərinin müdafiəsi əməyin mühafizəsinin mühüm prinsiplərindən biri hesab olunur. İstehsalatda baş vermiş qəzalar və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək əməyin mühafizəsi üzrə işçinin əsas vəzifələrindən biri hesab olunur. İşəgötürənin bu sahədə əsas vəzifələrindən biri isə işə qəbul edilən bütün işçilərini bədbəxt hadisə nəticəsində zərərçəkən şəxslərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təlimatlandırmaqdır.

“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qaydalarına əsasən, işçi əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən, çalışdığı müəssisəyə məxsus nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, işçi dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə və digər bir sıra hallarda işçinin səhhətinin pozulması faktı təhqiq edilməlidir.

İstehsalatda bədbəxt hadisə baş verdikdə bu barədə zərərçəkən işçi və ya şahidlər dərhal işəgötürənə məlumat verməlidir. İşəgötürən isə öz növbəsində hadisə nəticəsində zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibb müəssisəsinə çatdırılmasını, hadisə yerinin olduğu kimi saxlanılmasına (lakin digər işçilərin həyatı və sağlamlığına təhlükə törətməmək şərtilə) borcludur.

İstehsalatda bədbəxt hadisə baş verdikdə işəgötürən hansı addımları atmalıdır? İstehsalatda ağırlıq dərəcəsindən asılı olmayaraq baş vermiş bədbəxt hadisələrlə bağlı araşdırılmanın aparılması üçün işəgötürən dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. Eyni zamanda baş vermiş hadisə barədə işçi həmkarlar ittifaqının üzvü olarsa Respublika Həmkarlar İttifaqı Konfederasiyasına, hadisə təhlükə potensiallı obyektdə baş verdikdə isə Fövqəladə Hallar Nazirliyinə məlumat verilir. Əgər işçi istehsalatda baş verən bədbəxt hadisə nəticəsində tibbi yardım almaq məqsədilə tibb müəssisəsinə özü müraciət etmişdirsə bu barədə tibb müəssisəsi mütləq Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. Bu məqamda baş vermiş hadisənin təhqiqatının aparılmasına lazimi şəraitin yaradılması üçün, hadisənin aktlaşdırılması üçün işəgötürən birbaşa cavabdehdir. İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında işəgötürənin həmkarlar ittifaqının nümayəndələri də iştirak edirlər. İşəgötürənin vəzifəli şəxsləri istehsalatda baş vermiş bədbəxt hadisələri gizlətdikdə həmkarlar ittifaqı təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir.

İstehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması prosesi hansı formada aparılır? Dövlət Əmək Müfəttişliyi Xidməti də daxil olmuş məlumat əsasında baş vermiş bədbəxt hadisənin istehsalatla bağlılığının olub-olmamasını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaradır. Xüsusi komissiya ağırlıq dərəcəsindən aslı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı ilə məşğul olur. Komissiya bədbəxt hadisənin baş vermə səbəbini və iş yerinin şəraitini, əməyin mühafizəsi qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən edilməsini, hadisənin şahidlərindən, zərərçəkəndən, müəssisədəki rəhbər şəxslərdən izahatların alınmasını, zərurət olduqda ekspert dəvət edilməsini və ekspertizanın nəticəsi barədə yazılı rəy alınmasını həyata keçirir. Komissiya tərəfindən bədbəxt hadisənin araşdırılması prosesi (bu proses adətən 20 gün müddətində aparılır) yekunlaşdıqdan sonra işəgötürən tərəfindən 1 gündən gec olmayaraq toplanmış materiallar əsasında təhqiqat aktı (İZ – istehsalat zədəsi - formalı akt) tərtib edilir, təhqiqat materialları müvafiq akta əlavə edilir və həmin aktın bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur.

Hətta işəgötürən tərəfindən baş vermiş hadisənin təhqiqatının aparılması üçün məlumat verilməzsə və bu hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə və ya ölərsə, zərərçəkənin, yaxud onun mənafeyini müdafiə edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində bədbəxt hadisə təhqiq edilir.

İstehsalatda baş vermiş bədbəxt hadisəninaraşdırılması zamanı yol verilən nöqsanlara görə işəgötürən üçün hansı məsuliyyət nəzərdə tutulur? Baş vermiş bədbəxt hadisə faktını gizlədən, həmçinin aparılan araşdırılma nəticəsində müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması məqsədilə hadisə baş verən gün işəgötürən tərəfindən Dövlət Əmək Müfəttişliyinə bu barədə məlumatın verilməməsinə görə işəgötürən üçün min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. Həmçinin, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq təhqiqat aktının tərtib edilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə isə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.

İş yerində bədbəxt hadisə baş verərsə və bunun nəticəsində işçi əmək qabiliyyətini itirərsə həkim məsləhət komissiyasının rəyi əsasında müvəqqəti olaraq daha yüngül işə keçirilir və ona əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin peşə əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

Baş verən bədbəxt hadisələrlə bağlı işəgötürənin işçiləri sığortalamaq vəzifəsi. İşəgötürən hər bir işçinin istehsalatda bədbəxt nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu barədə işçi ilə bağlanmış əmək müqaviləsinə də məlumatlar daxil edilməlidir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir. İşəgötürən hadisənin baş verdiyi tarixdən 3 iş günü müddətində bədbəxt hadisə barədə sığortaçıya məlumat verilməlidir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən, sığortalanmış işçilərin sağlamlığına dəyən zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. Həmin Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.

Rəsmi statistikaya nəzər yetrisək təkcə ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 327 nəfər zərərçəkmiş şəxsə təhqiqat aktının verilməsi təmin olunub. Son olaraq qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisə halları işçinin sağlamlığına dəyən zərərlə yanaşı, işəgötürən üçün də əhəmiyyətli maliyyə itkilərinə səbəb ola bilir. Odur ki, işçilərin bədbəxt hadisələrə üzləşmələrinin mümkün qədər qarşısının alınmasını təmin etmək işəgötürənin əsas məsuliyyətidir.

Şəms Mirzəyeva

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər