Gecə vaxtı yerinə yetirilən iş və çoxnövbəli iş rejimi: şərtlər və işçinin hüquqları


  • 22 Sentyabr 2022 18:40

Fəaliyyəti fasiləsiz olaraq davam edən iş yerlərində çoxnövbəli iş rejimi, axşam növbəsi, gecə növbəsi anlayışlar meydana gəlir. Bu səbəbdən də, fəaliyyəti ara vermədən davam etməli olan iş yerlərində gecə vaxtı yerinə yetirilən işlər anlayışından da istifadə olunur. Odur ki, əmək münasibətlərinin əsas subyekti olan işçinin bu hallarda öz hüquqları barədə məlumatlı olması önəmlidir.

Bu məsələlər Qanunvericilikdə necə tənzimlənir?

Gecə vaxtı anlayışı

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən gecə saat 22:00-dan səhər saat 06:00-dək davam edən müddət gecə vaxtı və həmin müddətdə yerinə yetirilən işlər də öz növbəsində gecə vaxtı yerinə yetirilən işlər hesab olunur. Eyni zamanda qeyd etmək vacibdir ki, gecə vaxtı anlayışı yaşı 18-dən az olan işçilərlə bağlı bir qədər fərqlidir. Belə ki, yaşı 18-dən az olan işçilər üçün axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət gecə vaxtı hesab olunur.

Kimlər gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilməz?

Bəzi kateqoriya işçilər vardır ki, onların gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir.

Bura aşağıdakı kateqoriya işçilər daxildir:

1) Hamilə qadınlar

2) Üç yaşınadək uşağı olan qadınlar

3) Yaşı 18-dən aşağı olan işçilər

Qanunvericilik bu hissədə əlilliyi olan şəxslərlə bağlı olaraq da istisna hal müəyyən etmişdir. Belə ki, əliliyi olan işçilər yalnız öz yazılı razılığı əsasında və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilər.

Çoxnövbəli iş rejimi dedikdə nə nəzərdə tutulur?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatına əsasən, çoxnövbəli iş rejimi dedikdə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda gün ərzində iki və daha çox növbədə təşkil olunmuş və növbə müddəti 40 saatlıq iş həftəsində 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Yəni göründüyü kimi hər növbənin müddəti AR Əmək Məcəlləsində təsbit olunmuş gündəlik və həftəlik normal iş vaxtının müddətindən çox olmamalıdır. Çoxnövbəli iş rejimi zamanı işçilərin iş rejimi növbə cədvəllərinə əsasən qurulur.

Gecə növbəsi nədir?

Gecə növbəsi dedikdə iş vaxtının ən azı yarısı gecə vaxtına düşən iş növbəsi başa düşülməlidir. Yəni gecə növbəsi hesab olunması üçün işçinin iş saatlarının bütövlükdə gecə vaxtına düşməsi mütləq deyildir. Gecə növbəsindən əvvəlki iş növbəsi isə növbənin başlanma və qurtarma saatlarından asılı olmayaraq axşam növbəsi hesab edilir.

Gecə vaxtı işə cəlb edilən işçilərə güzəştlər nəzərdə tutulur mu?

Bəli, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan iş yerlərində çalışan işçilərin (bu kateqoriyaya aid işçilərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir) gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla işçiyə vaxtamuzd əmək haqqı sistemi üzrə haqq ödənilir.

Gecə vaxtı yerinə yetirilən işlərə görə əmək haqqı

Gecə vaxtı yerinə yetirilən işlərə görə, həmçinin çoxnövbəli iş rejiminə görə işçiyə ödənilməli olan əmək haqqının həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən olunur. Gecə vaxtı yerinə yetirilən işlərəvə çoxnövbəli iş rejiminə görə əmək haqqı işəgötürən tərəfindən işçiyə həmin Qərarla müəyyən edilmiş həddən aşağı olmamaqla, yüksək məbləğdə ödəməlidir. Belə ki, sözügedən Qərara əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işəgötürən tərəfindən işçiyə onun saatlıq vəzifə maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq vəzifə maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarında göstərilən gecə vaxtı yerinə yetirilən işlərə və çoxnövbəli iş rejiminə görə müəyyənləşdirilən əlavə haqların hədləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə şamil olunur. Gecə vaxtı yerinə yetirilən işlərə və çoxnövbəli iş rejiminə görə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə əmək haqqı büdcə vəsaitləri çərçivəsində ödənilir. Gecə vaxtı yerinə yetirilən işlərə və çoxnövbəli iş rejiminə görə digər müəssisə, idarə və təşkilatlar çalışan işçilərə əmək haqqı həmin müəssisə, idarə və təşkilatların öz vəsaitləri hesabına ödənilir. Gecə vaxtı yerinə yetirilən işə, həmçinin çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitində çalışan bütün kateqoriyadan olan işçilərə, yəni rəhbərlər, mütəxəssislər, texniki işçilər və fəhlələr daxil olmaqla ödənilir.

Təcrübədə qanunvericiliyin qadağan etdiyi kateqoriyadan olan işçilərin işəgötürən tərəfindən gecə vaxtı işlərə cəlb edilməsi, əmək şəraiti ağır və zərərli olan iş yerlərində, xüsusi xarakterli işlərdə çalışan işçilərin müəyyən edilmiş iş saatından artıq işlədilməsi, gecə növbəsində cəlb edildiyi işlərlə bağlı əlavə haqqın ödənilməməsi kimi hallara rast gəlinir. Odur ki, bu cür halların baş verməməsi üçün əmək münasibətləri iştirakçılarının maariflənməsi və hər bir şəxsin bu sahədə pozulmuş hüquqlarının bərpası və müdafiəsi məqsədilə peşəkar vəkillərə müraciət etməsi tövsiyə olunur.

Şəms Mirzəyeva

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər