Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti


  • 6 Mart 2023 14:28

Cəmiyyətdə baş verən prosesləri izləyərkən açıq-aşkar görmək mümkündür ki, yetkinlik yaşına çatmayan şəxslər də cinayət törədirlər. Onlar bu cinayətləri bir sıra amillərin təsiri nəticəsində törədirlər. Təcrübə göstərir ki, yetkinlik yaşına çatmayan şəxslərdə cinayətkarlığa meyil əksərən kriminal aləmin və qaydalarının təbliği nəticəsində yaranır və həmin şəxslər bunun nəticəsində və ya digər yaşa dolmuş cinayətkarların təhriki ilə cinayət yoluna qədəm qoyurlar.

Bu məqalədə yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, onlara cəzanın təyin edilməsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətiriləcək.

İlk növbədə, yetkinlik yaşına çatmayanların kim olduğunu aydınlaşdırmaq lazımdır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsində də təsbit olunduğu kimi, cinayət-hüquqi mənada, “cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur”. Məcəllənin 84.2-ci maddəsində qeyd olunur: “Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”. Deməli, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər cinayət törətdikdə onlar cinayət məsuliyyətinə cəlb oluna bilirlər.

Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilən cəza növləri və tərbiyəvi xarakterli məcburi tədbirlər BMT Baş Məclisinin 1985-ci il 29 noyabr tarixində qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”-a tamamilə uyğundur.

Cinayət qanunvericiliyi humanizm və ədalət prinsiplərini rəhbər tutaraq yetkinlik yaşına çatmayanların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə alaraq, onların cinayət məsuliyyəti və cəza təyini məsələlərində bir sıra güzəştlər edir.

Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Yəni, ümumi subyekt kimi, on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxs cinayət qanunvericiliyində təsbit olunan istənilən cinayət tərkibinin əlamətlərinin mövcud olduğu əməli törətdikdə cinayət məsuliyyətinə cəlb olunur. Lakin cinayət qanunvericiliyi 14-16 yaşlı şəxslərin əqli yetkinlik və psixi inkişaf səviyyəsini nəzərə alaraq onların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacaq yalnız on səkkiz cinayət tərkibi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsində göstərilir: “On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuluları talamağa və ya hədə qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir”.

Cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulub. Məcəllənin 86-cı maddəsində cəza təyini ilə bağlı təsbit olunur: “Yetkinlik yaşına çatmayana cəza təyin edilərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır”.

Cinayət qanunvericiliyimiz yetkinlik yaşına çatmayanlara təyin oluna biləcək yalnız beş cəza növünü müəyyən etmişdir: cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə. Bu, Məcəllənin 85-ci maddəsində müəyyən olunmuşdur.

Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönələ bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.

İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə axtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.

Azadlıqdan məhrum etmə isə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 123-cü maddəsində qeyd olunub ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan məhkumlar ümumi və möhkəm rejimli tərbiyə müəssisələrində cəza çəkirlər. Ümumi rejimli tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar, ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər. Möhkəm rejimli tərbiyə müəssisələrində əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirləri tətbiq etməklə, onları cinayət məsuliyyətindən azad etmək mümkündür. Məcəllənin 88.1-ci maddəsində təsbit olunur: “Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirləri tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər”.

Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:

- xəbərdarlıq (CM – 88.2.1-ci maddə);

- valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək (CM – 88.2.2-ci maddə);

- vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək (CM – 88.2.3-cü maddə);

- yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək (CM – 88.2.4-cü maddə).

Cinayət Məcəlləsinin 88.3 və 88.4-cü maddəsinə görə, yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir. Burada müvafiq dövlət orqanı dedikdə, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 2-ci maddəsinə uyğun olaraq, müvafiq yerli komissiya, Bakı şəhər icra hakimiyyəti yanındakı komissiya, Naxçıvan MR-ın Nazirlər Kabineti yanındakı komissiya, AR Nazirlər Kabineti yanındakı komissiya nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, yetkinlik yaşına çatmayan cinayət məsuliyyətinə cəlb edilə bilməz:

- böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən bir il keçdikdə;

- az ağır cinayətin törədildiyi gündən üç il altı ay keçdikdə;

- ağır cinayətin törədildiyi gündən altı il keçdikdə;

- xüsusilə ağır cinayətin törədildiyi gündən on il keçdikdə.

Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi açıldıqdan sonra ibtidai istintaq başlayır. Cinayət-Prosessual Məcəllənin 430-cu maddəsində təsbit olunur: “Yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır”. Yetkinlik yaşına çatmayan şəxs barəsində istintaqın aparılmasının da spesifik xüsusiyyələri vardır. Həmin şəxs barəsində ibtidai istintaq aparılarkən də şəxsin prosessual hüquqları təmin olunmalıdır. Yetkinlik yaşına çatmayan şəxs barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir. Yetkinlik yaşına çatmayan müdafiəçi yardımından imtina edə bilməz. Cinayət-Prosessual Məcəllənin 432.4-cü maddəsində təsbit olunur: “Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın bütün mərhələlərində aşağıdakı hüquqların təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir:

- irəli sürülmüş ittiham barəsində məlumat almaq hüququ;

- ifadə verməkdən imtina etmək hüququ;

- müdafiə hüququ;

- valideynlərin və ya digər qanuni nümayənlərin iştirak etmək hüququ;

- məxfilik hüququ.

Cinayət-Prosessual Məcəllənin 432.5-ci maddəsində təsbit olunur ki, 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir.

Cinayət-Prosessual Məcəllənin 432.6-cı maddəsində isə təsbit olunur: “Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə hər bir halda yetkinlik yaşına çatmayan şəxsin və ya onun valideynlərinin (digər qanuni nümayəndələrinin) razılığı ilə yol verilir”.

Anar Hüseynli

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər