Namiq Cəfərov: "Bəzi hakimlərin başqa dildə verilən iddia ərizəsini geri qaytarması yanlış mövqedir"


  • 16 İyul 2020 12:20

İddia ərizəsi başqa dildə (rus dilində) verildikdə bəzi hakimlər onun geri qaytarılması barədə qərardad qəbul edir.

Bu, yanlış mövqedir.

Əgər həmin dil (rus dili) müvafiq şəxsin doğma dilidirsə, o cümlədən onun doğma dilləri sırasına (şəxsin bir neçə doğma dili ola bilir) Azərbaycan dili daxil deyildirsə, o, öz doğma dilində iddia ərizəsi verə bilər.

Yanlış mövqenin yaranmasına səbəb Mülki-Prosessual Məcəllənin 11.2-ci maddəsindəki “məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində aparılır” məzmunlu müddəanın səhv başa düşülməsidir. Həmin tələb məhkəmə icraatındakı o sənədlərə aiddir ki, onları məhkəmə və müvafiq dövlət qurumları tərtib edir: qətnamə, iclas protokolu, ekspert rəyi, qəyyumluq və himayəçilik orqanının rəyi və s. Göstərilən sənədlərdən fərqli olaraq, iddia ərizəsini iddiaçı tərtib edir və imzalayır, onun üzərində nə məhkəməyə, nə də başqa dövlət orqanına aid imza və möhür olmur. Hər hansı şəxsə özünün tərtib etdiyi və özünün imzaladığı sənədi öz doğma dilində tərtib etməyi qadağan etmək Konstitusiyanın 45-ci maddəsinin 2-ci hissəsinin pozulmasıdır.

Belə ki, 45-ci maddənin 2-ci hissəsində qeyd olunub ki, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Bu maddədə qeyd olunan “dil” ünsiyyət vasitəsidir, onun isə 2 forması var: şifahi və yazılı. Qanunda “dildən istifadə” deyiləndə onun yalnız şifahi deyil, hər 2 formasından istifadə nəzərdə tutulur. İddia ərizəsi dilin yazılı formasından istifadə sayılır: iddiaçı məhkəmə ilə yazılı formada ünsiyyətdə olmaqla öz problem və tələblərini çatdırır. İddiaçıya demək olmaz ki, məhkəmədə ana dilində danışa bilərsən, ancaq ana dilində yaza bilməzsən. Elə prosessual hüquqlar var ki, onu həm şifahi, həm də yazılı formada həyata keçirmək olar. Məsələn, işdə iştirak edən şəxslərin məhkəməyə həm şifahi, həm də yazılı formada izahat vermək hüququ var (Mülki-Prosessual Məcəllə, maddə 47.2). Əgər ana dilinin yalnız şifahi formasından istifadəyə icazə verilsə, belə çıxar ki, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs ana dilində yazılı izahat vermək hüququnu həyata keçirə bilməz. Bundan başqa, elə prosessual hüquqlar var ki, ancaq yazılı formada həyata keçirilə bilər. Məsələn, hakimə etiraz etmək hüququ (Mülki-Prosessual Məcəllə, maddə 21.2.), protokola qeydlər vermək hüququ (Mülki-Prosessual Məcəllə, maddə 273) və s. Əgər ana dilinin yalnız şifahi formasından istifadəyə icazə verilsə, belə çıxır ki, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs həmin hüquqları ana dilində həyata keçirə bilməz. Dil ilə bağlı belə məhdudiyyət yolverilməzdir.

İddia ərizəsi ilə bağlı qeyd edilənlər eynilə apelyasiya və kassasiya şikayətlərinə də aiddir. İddia ərizəsindən fərqli olaraq şikayətin ana dilində edilməsinin mümkünlüyü qanunda birbaşa nəzərdə tutulub (Mülki-Prosessual Məcəllə, maddə 11.2).

Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs ana dilində iddia ərizəsi, apelyasiya və kassasiya şikayəti verdikdə məhkəmə tərəfindən prosesə tərcüməçi cəlb edilməli, həmin sənədlərin əsli ilə yanaşı tərcümə olunmuş nüsxəsi işə tikilməli və müvafiq şəxslərə göndərilməlidir.

Ancaq bu vəziyyətdən sui-istifadə edilməsinə imkan verilməməlidir. Belə ki, cəmiyyətimizdə Azərbaycan dili ilə yanaşı başqa dilləri (xüsusilə rus və ingilis dillərini) bilən kifayət qədər şəxs var. Məhkəmə təcrübəsində belə hallar olub ki, Azərbaycan dilini bilən şəxs məhkəməyə rus dilində iddia ərizəsi və digər müraciət verib. Hətta məhkəmə iclasları zamanı belə şəxslərin bəziləri Azərbaycan dilini bilmədiklərini bəhanə edərək izahat vermir və ya digər formada prosesin gedişinə mane olurlar. Azərbaycan dili ilə yanaşı başqa dilləri bilən şəxslərin belə hərəkətlərinin qarşısı necə alınmalıdır ?

Birincicisi, başqa dildə məhkəməyə o şəxs müraciət edə bilər ki, o, Azərbaycan dilini bilsə də, bu dil ona doğma dil deyil.

İkincisi, şəxsin bir neçə doğma dili ola bilər. Cəmiyyətimizdə elə şəxslər var ki, həm Azərbaycan dili, həm də rus dili ona doğma dildir. Əgər məhkəməyə başqa dildə (məsələn, rus dilində) müraciət edən şəxsin doğma dilləri sırasına Azərbaycan dili də daxildirsə, o, başqa dildə məhkəməyə müraciət edə bilməz, çünki qanunda “məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs” ifadəsindən istifadə olunur, bu ifadə ilə o şəxs nəzərdə tutulur ki, onun doğma dilləri sırasına Azərbaycan dili daxil deyil. Kimin ki, doğma dilləri sırasına Azərbaycan dili daxildir o, məhkəmə icraatının aparıldığı dili bilən şəxs sayılır və bildiyi digər doğma dillərdən məhkəmə icraatında istifadə edə bilməz. Bu qayda ölkəmizdə yaşayan ləzgilərin, talışların və digər millətlərin nümayəndələrinə də aiddir, hansılar ki, doğma dilləri sırasına ləzgi dili, talış dili və digər müvafiq dil ilə yanaşı Azərbaycan dili də daxildir.

Göstərilən qaydaya əməl edilmədən verilən iddia ərizəsi, apelyasiya və kassasiya şikayəti dil haqqında qanunun tələbi pozulduğuna görə geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin həmin sənədlərin geri qaytarılmasını nəzərdə tutan 152, 363 və 408-ci maddələrində belə əsasın göstərilməməsi geriqaytarmaya mane olmur, əsas kimi Mülki-Prosessual Məcəllənin dil haqqında 11-ci maddəsi çıxış edir.

Bəs doğma dil necə müəyyən olunur?

Azərbaycan dilində “ana” ifadəsi müəyyən məqamlarda “doğma” sözünü əvəz edə bilir, ona görə də qanunda “ana dili” ifadəsi doğma dil mənasında işlənib: rus dilindəki “родной язык” kimi. “Doğma dil” sosiolingvistik və etnoloji anlayışdır, aşağıda göstərilən meyarlarla müəyyən olunur:

Birincisi, dilin mənimsənilməsinin qaydası və tipi ilə. Doğma dil adətən birinci və təbii yolla mənimsənilən dildir. Yəni xüsusi təlim olmadan, şəxsin həmin dil mühitində olması yolu ilə, adətən həmin dildə danışan valideynlərdən mənimsənilir. Uşaq lap körpəlikdən bir neçə dili bu və ya digər dərəcədə mənimsəyə bilər, bu halda onun iki və daha çox doğma dili olur. Ona görə də mübahisəli vəziyyətlərdə müvafiq şəxsin valideynlərinin dili və uşaqlıqda onu əhatə etmiş şəxslərin dili nəzərə alına bilər.

İkincisi, dilin mənimsənilməsinin keyfiyyəti ilə. Doğma dil o dildir ki, təfəkkür fəaliyyəti həmin dildə həyata keçirilir. Ona görə də mübahisəli vəziyyətlərdə müvafiq şəxsin fikirlərini (yəni təfəkkürün məhsulunu) hansı dildə daha yaxşı ifadə etdiyi nəzərə alına bilər.

Üçüncüsü, dilin istifadəsinin genişlik dərəcəsi ilə. Doğma dil ən çox istifadə olunan dildir. Ona görə də mübahisəli vəziyyətlərdə müvafiq şəxsin ətrafındakı insanlarla ünsiyyət zamanı hansı dildən daha çox ifadə etdiyi nəzərə alına bilər.

Dördüncüsü, dil ilə daxili emosional əlaqənin olması və ya olmaması ilə. Doğma dil daxilən ən yaxın kimi qiymətləndirilir, həmin dildə poeziya və s. daha yaxşı qavranılır. Ona görə də mübahisəli vəziyyətlərdə müvafiq şəxsin bədii ədəbiyyatı və s. hansı dildə daha çox oxuduğu və dinlədiyi nəzərə alına bilər.

Beşincisi, zahiri identifikasiya ilə. Məhkəmə prosesi zamanı zahiri əlamətinə görə başqa millətə (məs., rusa) oxşayan şəxs Azərbaycan dilini bilmədiyini iddia edirsə, onun doğma dilini müzakirə etməyə dəyməz, tərcüməçi cəlb edin.

Beləliklə, gəldiyimiz nəticə:

Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs öz ana (doğma) dilində iddia ərizəsi, o cümlədən apelyasiya və kassasiya şikayəti vermək hüququna malikdir.

Namiq Cəfərov

Bakı Apelyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər