Hitlerin baş hakimi - Məhkəmə kürsüsündə aktyor


  • 27 Oktyabr 2021 12:10

Hitler onu “bizim bolşevik” adlandırsa da, Roland Freyslerə ən yüksək vəzifələrin birini, Xalq Məhkəməsi Palatasının sədri vəzifəsini həvalə edib. Fürer onun haqqında bolşevik ifadəsini heç də təsadüfi işlətməyib.

1893-cü ildə Almaniyanın Tselle şəhərində anadan olan Roland Freysler I dünya müharibəsində könüllü iştirak edib, döyüşlərdə fərqlənib, hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb. Amma onun döyüş yolu çox qısa olub. O, 1915-ci ildə ruslara əsir düşüb. Əsirlik həyatının ağırlığından qurtulmaq üçün Freysler bolşevik hərəkatına qoşulub, Vətəndaş müharibəsində iştirak edib. Bu fəallığına görə ərzaq komissarlığında ona yüksək vəzifə də veriblər. Düzdür, Freyslerə silah-sursat etibar edilməyib. Amma ordunun əşya və ərzaq təminatı məsələsində o, əsas vəzifələrdən birini tutub. 1920-ci ildə Freysler Almaniyaya qayıdıb. Fridrix Şiller adına universitetin hüquq fakültəsində təhsil alıb. Almaniyaya qayıtdığı ilk illərdə kommunist olduğunu gizlətməsə də, Freysler 1925-ci ildə siyasi baxışlarını tam dəyişərək nasist partiyasına üzv olub.

Bundesarchiv_Bild_183-J03238,_Roland_Freisler.jpg (36 KB)

Roland Freysler son dərəcə çevik, istənilən mürəkkəb situasiyada qərar qəbul etməyi bacaran şəxs olub. O, zaman-zaman yuxarı eşelonlarda özünü bacarıqlı kadr kimi tanıda bilib. Elə bunun nəticəsi olaraq Freysler 1932-ci ildə nasist partiyasından deputat seçilib. Hər addımda fürerə sədaqətini nümayiş etdirən Freyslerin vəzifə hədəfləri ədliyyə naziri, yaxud da xalq məhkəməsinin sədri vəzifələrinə tuşlanıb. Bu məsələdə kommunist keşmişi ona mane olsa da, Freysler hədəfinə doğru inamla addımlayıb. O, əvvəlcə Ədliyyə nazirliyində katib vəzifəsinə sahib olub. Nazir təyinatı müzakirəsi zamanı onun namizədliyini Hitler və Borman kənara qoyub. Buna baxmayaraq, Freysler ruhdan düşməyib. Əvvəlki templə fəaliyyətini davam etdirib.

1942-ci ildə Otto Tirak Xalq Məhkəməsi Palatısı sədri vəzifəsindən ədliyyə naziri vəzifəsinə keçiriləndə Freyslerin vəzifəyə təyinat məsələsi yenidən gündəmə gəlib. Bu dəfə Hitler onun Xalq Məhkəməsi Palatasına sədr təyin olunmasına etiraz etməyib. Freysleri əsas müdafiə edənlərdən biri isə Göbbels olub. O, Freysler haqqında fikrini belə bildirib: “Biz Roland Freyslerdən əsl nasist düzəldə bilməsək də, əsl hakim düzəldə biləcəyik. O, bu sahəni yaxşı bilir və fürerin etimadını doğruldacaq. Mən əminəm ki, Freyslerin Xalq Məhkəməsi Palatasına sədr təyin etməyimizdə yanılmırıq...”

P1070250.jpg (100 KB)

Yeni vəzifəsində Roland Freysler öz qəddarlığı ilə fərqlənib. Cəlladlığına görə onu Almaniyanın Baş Təhlükəsizlik İdarəsinin rəisi Reynxrad Heydrixlə müqayisə ediblər. Freyslerin göstərişi ilə “Hitler xəstələnib”, “Almaniya qoşunları geri çəkilib” kimi ifadələr işlədən sıravi almanlar məhkəməyə gətiriliblər, ən ağır cəzaya məhkum ediliblər.

Freyslerin qəddarlığı haqqında təsəvvür yaratmaq üçün statistik rəqəmlərə nəzər yetirmək kifayətdir. Onun məhkəməyə rəhbərlik etdiyi 1942-1945-ci illər ərzində Freysler 4951 nəfər haqqında ölüm hökmü çıxarıb. Onun təyinatına qədər isə Xalq Məhkəməsi Palatasının fəaliyyət göstərdiyi 8 il ərzində cəmisi 292 ölüm hökmü çıxarılıb.

загружено.jpg (60 KB)

Freyslerin hakimlik etdiyi məhkəmə prosesləri də öz gedişi ilə fərqlənib. O, məhkəmə zamanı ittiham olunanı təhqir etməkdən, söyməkdən, bəzən isə durub üzünə sillə vurmaqdan çəkinməyib. Proses zamanı heç kimə danışmağa imkan verməyən Freysler həm prokurordan, həm vəkillərdən, həm də ittiham olunanlardan 4 dəfə çox danışıb. Ümumiyyətlə, bir çoxları onu məhkəmə kürsüsündə aktyor adlandırıb.

1944-cü ildə fürerin qərargahında Hitlerə sui-qəsdə cəhd ediləndə hadisəni törətmək istəyənlərin məhkəməsi də Freyslerə həvalə olunub. Təbii ki, istənilən hakim fürerə sui-qəsd etmək istəyənlərə ölüm hökmü çıxarmalı idi. Yəni proses “rahat” keçməliydi. Amma Hitler bu prosesi şəxsən özü Freyslerə tapşırıb:

“Həyatıma qəsd etmək istəyənlərə danışmaq imkanı verilməməlidir. Bunu Roland Freysler bacaracaq. O, bizim Vışınskidir (SSRİ-nin baç prokuroru Andrey Vışınski nəzərdə tutulub)”

Proses Almaniyanın məhkəmə tarixində ən yadda qalan hadisələrdən biri olub. Freystel “şef”ini öldürmək istəyənlərin təkcə özlərini deyil, bütün ətrafını da məhv edib.

Roland Freysler son məhkəməsini 3 fevral 1945-ci ildə keçirib. Həmin gün o, 4 nəfərə ölüm hökmü çıxarıb. Məhkəmədən çıxdıqdan sonra isə Freysler ABŞ hərbi hava qüvvələrinin bomba yağışına düşüb. Məhz həmin ərəfədə SSRİ və müttəfiqləri artıq Berlin ərazisində hərbi əməliyyatlara başlayıblar.

Roland Freystlerin ölümündən sonra ailə üzvləri soyadlarını dəyişiblər və bunu ailə başçılarının utanc gətirən əməllərinə görə etdiklərini bəyan ediblər. Hətta onun qəbirüstü baş daşına soyadını da yazmayıblar.

Mənbə: musavat.com

Oxşar xəbərlər