- 1 Avqust 19:25
"Apellyasiya instansiyası məhkəməsi sübutların bilavasitə tədqiq edilməsinin mümkün olduğu, faktların yenidən müəyyən edilə bildiyi sonuncu məhkəmə instansiyası olduğundan, məhkəmə tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, o cümlədən əlavə sübutlar tədqiq edilməklə keçirilməsinə zərurətin olub-olmaması məsələsi apellyasiya müraciətlərinə ilkin baxılması zamanı mütləq şəkildə araşdırılmalı, cinayət prosesi iştirakçılarının tam və ya qismən məhkəmə istintaqının keçirilməsi barədə vəsatətlərinə baxılmalı, belə vəsatətlər rədd edildikdə məhkəmə qərarı vəsatətə əsaslandırılmış cavabı əks etdirməlidir".
E-huquq.az-ın məlumatına görə, bu barədə vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədilə qəbul edilən "Məhkəmə hökmü haqqında" Ali Məhkəmə Plenumunun yeni qərarında qeyd olunub.
Plenum qərarda Apellyasiya instansiyası məhkəməsinin hökmünün xüsusiyyətlərinə toxunub.
Qərarda deyilir:
"Apellyasiya icraatının apellyasiya müraciətinin məhkəməyə daxil olduğu andan, xüsusilə apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasının cinayət-prosessual normaların tələblərinə uyğun olaraq həyata keçirilməsi məhkəmə baxışında apellyasiya müraciətlərinin düzgün həll edilməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olması üçün başlıca şərtlərdəndir.
Avropa Konvensiyasının 6-cı maddəsi nöqteyi-nəzərindən də (Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi (Kuznetsov and Others v. Russia), № 184/02, üzrə 2007-ci il 11 yanvar tarixli qərarının 83-cü bəndində və bir sıra başqa qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə) “Əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər”.
CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”.
Apellyasiya baxışında yeni sübutların tədqiq edilməsini isə cinayət-prosessual qanunun 397.3-cü maddəsi aşağıdakı əsaslarla şərtləndirmişdir:
- cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1);
- birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2).
Odur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla və yaxud aparılmamaqla keçirilməsi üzrə məsələni həll edilərkən birinci instansiya məhkəməsində aparılmış araşdırmanın natamam olub-olmamasına, aparılmış araşdırma natamam olmaqla məhkəmənin gəldiyi nəticələrin qəbul edilməsi üçün kifayət etmədikdə natamamlığın aradan qaldırılması üçün yeni sübutların tədqiq edilməsinə zərurətin olub-olmamasına əhəmiyyət verməlidir.
Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunla apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqının aparılıb-aparılmaması üzrə məsələnin həllinin apellyasiya müraciətlərinə ilkin baxıldığı mərhələyə aid edilməsi, məhkəmə istintaqının keçirilməsi üçün əsaslar məhkəmə baxışında ortaya çıxdıqda, ilkin baxış iclasının qərarında məhkəmə istintaqının keçirilməsinin nəzərdə tutulmamasına baxmayaraq tam və ya qismən məhkəmə istintaqının keçirilməsi haqqında qərarın məhkəmə baxışında qəbul edilməsinin qarşısını almır.
Apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqının aparılmasına və əlavə sübutların tədqiq edilməsinə zərurətin olub-olmaması məsələsi həll edilərkən bu məsələləri tənzimləyən cinayət-prosessual normalarla yanaşı Avropa Məhkəməsinin hüquqi mövqeyi də nəzərdən qaçırılmamalıdır.
Avropa Məhkəməsinin apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin apellyasiya icraatına tətbiqi) barədə hüquqi mövqeyi onun “Ekbatani İsveçə qarşı” işi (Ekbatani v. Sweden, № 10563/83, 26 may 1988-ci il) üzrə qərarında və bir sıra başqa qərarlarda əksini tapmışdır.
Həmin qərarda Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdır ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərər çəkmiş şəxsin ifadələri bilavasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi.
“Sibqatullin Rusiyaya qarşı” iş üzrə (Sibgatullin v. Russia, № 32165/02, 23 aprel 2009-cu il) qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İşlərə faktlar və hüquq üzrə yenidən baxıldığı apellyasiya icraatı ilə əlaqədar olaraq 6-cı maddə heç də həmişə işə açıq məhkəmə iclasında baxılması hüququnun, hətta şəxsin məhkəmə iclasında iştirak etmək hüququnun təmin olunmasını tələb etmir. ... Bu məsələnin həlli zamanı, digər hallarla bərabər, konkret baxışın xüsusiyyətlərinə, habelə apellyasiya məhkəməsində onun həll etməli olduğu məsələlərin xarakteri və ərizəçi üçün əhəmiyyəti xüsusi olaraq nəzərə alınmaqla ərizəçinin maraqlarının təmsil olunması və müdafiəsi qaydasına diqqət yetirilməlidir ... Misal üçün, apellyasiya məhkəməsi şəxsin təqsirli olub-olmaması məsələsini tam araşdırmalıdırsa, həmin məsələnin həll edilməsi təqsirləndirilən şəxsin ona istinad edilən cinayət törətmədiyini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən mümkün deyil”.
Eyni mövqe Avropa Məhkəməsinin “Dondarini San Marinoya qarşı” (Dondarini vş San Marino, № 50545/99, 6 iyul 2004-cü il, § 27), “Sevastyanov Rusiyaya qarşı” (Sevastyanov v. Russia, № 37024/02, 22 aprel 2010-cu il, § 71), “Nefedov Rusiyaya qarşı” (Nefedov v. Russia, № 40962/04, 13 mart 2012-ci il, § 38) işləri üzrə qərarlarında müdafiə olunmuşdur.
Odur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktların, təqsirlilik üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin mübahisələndirildiyi apellyasiya şikayətlərinə ilkin baxılması zamanı məhkəmə istintaqının keçirilməsinə zərurətin olub-olmaması məsələsi Avropa Məhkəməsinin hüquqi mövqeyi də nəzərə alınmaqla xüsusilə araşdırılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin hökmü CPM-in 398.2-ci maddəsinə əsasən həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
Lakin nəzərə almaq lazımdır ki, apellyasiya icraatı birinci instansiya məhkəməsinin hökmündən və digər yekun qərarından verilmiş apellyasiya müraciətlərinə baxılmasını, bu müraciətlərdə irəli sürülən dəlillərin araşdırılmasını, mahiyyət etibarı ilə həmin hökm və qərarların yoxlanılmasını ehtiva etdiyi üçün apellyasiya baxışı nəticəsində çıxarılan hökm bundan irəli gələn xüsusiyyətləri də əks etdirməlidir.
Odur ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün giriş hissəsi hansı apellyasiya müraciəti əsasında işə (materiala) baxılmasını, təsviri-əsaslandırıcı hissəsi apellyasiya müraciətlərinin dəlillərini və həmin dəlillər üzrə məhkəmə qənaətinin əsaslandırılmasını, nəticəvi hissəsi isə birinci instansiya məhkəməsinin hökmünün, digər yekun qərarının ləğv edilməsi və hansı apellyasiya müraciətinin təmin edilməsi, hansının isə rədd edilməsinə dair nəticələri də əks etdirməlidir.
Apellyasiya müraciətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün müəyyən hissədə ləğv edilməsi və həmin hissədə yeni hökmün çıxarılması, digər hissələrdə isə hökmün dəyişdirilmədən saxlanılması və yaxud dəyişdirilməsi üçün əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsinin hökmü həm hökmə, həm də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına və yaxud dəyişdirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarına xas olan xüsusiyyətləri təsviri-əsaslandırıcı və nəticəvi hissələrdə nəzərdə tutmalıdır.
Məsələn, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmündən əməlin əsassız olaraq ittiham aktında göstərilən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsi ilə əlaqədar dövlət ittihamçısının apellyasiya protestinə və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı halda CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müdafiəçinin apellyasiya şikayətinə baxılması nəticəsində apellyasiya məhkəməsi apellyasiya protestinin əsaslı, apellyasiya şikayətinin isə əsassız olması haqqında nəticəyə gələrsə, bu halda CPM-in 405.1.4-cü maddəsinin mənasına görə hökm çıxarmalı olduğu üçün qəbul edilən yekun qərar şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökm formasında olmalı və bununla yanaşı, apellyasiya məhkəməsinin yekun qərarı hər bir apellyasiya müraciəti üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələri əks etdirməli olduğundan, hökmün nəticəvi hissəsində həm də müdafiəçinin apellyasiya şikayətinin təmin edilməməsinə, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması hissəsində birinci instansiya məhkəməsinin hökmününün dəyişdirilmədən saxlanılmasına dair qərarlar (təsviri-əsaslandırıcı hissəsində isə bu qərarların əsaslandırılması) öz əksini tapmalıdır.
Həmçinin, apellyasiya icraatının xüsusiyyətləri apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyətinin və birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarda müəyyən edilmiş sayılan cinayətin təsvirinin verilməsi ilə yanaşı, apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi bəraətin verilməsinə əsas olmuş halların, ittiham tərəfinin gətirdiyi və yaxud birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarında əsaslandığı sübutların rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir.
Apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə bəraətin verilməsi ilə yanaşı, birinci instansiya məhkəməsinin ittiham hökmünün, digər yekun qərarının ləğv edilməsinə dair qərar verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir.
Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir.
CPM-in 353.2.2-ci maddəsinin tələbləri ilə uzlaşan Avropa Məhkəməsinin bir sıra (məs. “Moreira Ferreira Portuqaliyaya qarşı” (Moreira Ferreira v. Portugal, № 19867/12, 11 iyul 2017-ci il) qərarlarında təkrarladığı yanaşmasına görə də, məhkəmə qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir. Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur".