İpoteka vəsaitlərini mənimsəməkdə təqsirləndirilən sabiq bank əməkdaşı Ali Məhkəməyə müraciət etdi


  • 29 Noyabr 2023 12:17

İpoteka vəsaitlərini mənimsəməkdə təqsirli bilinən sabiq bank əməkdaşı Cahandar Əmrahlı barəsində olan hökmdən kassasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, şikayət artıq Ali Məhkəməyə təqdim edilib və hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttiham aktına görə, Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilib, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər