Xadimə işlədiyi evdən 19 min manat oğurlamaqda təqsirləndirilən qadın: "Az maaş verdiyinə görə ona qarşı aqressiv idim"


  • 20 İyun 12:01

Bakıda xadimə işlədiyi evdən 19 300 manat oğurlamaqda təqsirləndirilən Günay Təhməzovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G.Təhməzova 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İttihama görə, G.Təhməzova xidmətçi kimi işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən dörd mərtəbəli bağ evində olarkən zərərçəkmişin “Burberry” markalı əl çantasının içərisində saxlanılan 17000 manat təşkil edən 10000 ABŞ dollarını və 2300 manatı gizli olaraq talayaraq ona ümumilikdə 19300 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, o, 2022-ci ilin sentyabr ayından həmin evdə həm xadimə, həm də baxıcı kimi
xidmət edirmiş və zərərçəkmişin insult xəstəsi olan anasına baxırmış. Hadisə baş verən gün o, mətbəxdəki dolabda əl çantası görüb və əl çantasını açıb içərisinə baxdıqda çantanın içərisində ABŞ dolları və azərbaycan manatı görüb. O, həmin vaxt zərərçəkmiş şəxsin ona az əmək haqqı verməsi səbəbindən ona qarşı aqressv olub və bu səbəbdən də həmin pulları çantadan götürüb, bu barədə ev sahibinə heç bir söz deməyib. Səhəri gün oğurladığı ABŞ dollarının 2000 ABŞ dollarını azərbaycan manatına çevirib, 8000 ABŞ dollarını saxlamaq üçün sevgi münasibətində olduğu şəxsə, 3350 manatı isə saxlamaq üçün rəfiqəsinə verib. Onun özündə 2350 manat qalıb, həmin pulun 550 manatını isə şəxsi ehtiyaclarına xərcləyib.

Hadisədən xəbər tutan ev sahibi polisə müraciət edib. G.Təhməzova polisə ifadəsində törətdiyi əməli etiraf edib və əl çantasından götürdüyü pulların hamısını zərərçəkmiş şəxsə qaytarıb.

Zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın ödənildiyini və onun G.Təhməzova qarşı şikayət və tələbinin olmadığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər