- 16:03
Bakıda 26 yaşlı kişi avtomobil nömrəsi satmaq adı ilə dələduzluq edib.
E-huquq.az xəbər verir ki, ittihama görə, Elvin Hacıyev (şərti ad-soyad) özünü avtomobillər üçün dövlət qeydiyyat nişanlarının satışı ilə məşğul olan şəxs kimi özünü təqdim edib. O, avtomobilinə dövlət qeydiyyat nişanını almaq istəyən Natiq Eyvazovu (şərti ad-soyad) həmin nişanı əldə etməsinə köməklik göstərə biləcəyinə inandırıb.
E.Hacıyev zərərçəkmiş şəxsin avtomobilini 17 noyabr 2025-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının həyətinə gətizdirib. Bundan sonra əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq dövlət qeydiyyat nişanının dəyəri olan 3 600 manat pul şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə zərərçəkmiş şəxsdən alınıb. İttihama görə, pul Elvin Hacıyevə çatdırılıb və o, vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmə iclasında ifadə verən E.Hacıyev ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilib. O bildirib ki, müxtəlif internet saytlarında avtomobil nömrələrinin satışı ilə bağlı elanlar yerləşdirib. Zərərçəkmiş şəxs ona zəng edərək dövlət qeydiyyat nişanını almaq istədiyini deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 600 manat pulu özü birbaşa deyil, taksi sürücüsü vasitəsilə alıb.
E.Hacıyev ifadəsində taksi sürücüsünü əvvəldən tanımadığını və onunla hər hansı sövdələşməyə girmədiyini bildirib. Onun sözlərinə görə, sürücü zərərçəkmiş şəxsdən 3 600 manat alaraq pulu ona çatdırıb. E.Hacıyev sürücüyə məbləğini xatırlamadığı qədər “şirinlik” verdiyini də qeyd edib.
Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəmədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini bildirib. O, törətdiyi əməldən peşman olduğunu deyərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, E.Hacıyev Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə