"Amnistiya aktı məhkəmə təcrübəsinin dəyişdirilməsini də aktual edir"


  • 10 Fevral 2021 12:05

Qarabağ müharibəsində Azərbaycan dövlətinin şanlı qələbəsi ilə bağlı amnistiya elan edilməsi dövlət hakimiyyətinin konstitusion səlahiyyətlərini reallaşdıran humanizm və mərhəmətin nümayişidir. Amnistiya “həbsxana əhalisinin” sayını azaltmaqla penitensiar sistemin təkmilləşdirilməsi üçün lazımi şərait yarada bilər. Belə ki, penitensiar müəssisələrdə yerləşənlərin sayını azaltmadan bu sistemin köklü şəkildə yenidən qurulmasını təmin etmək mümkün deyil. Müasir cəzaların icrası sistemi cəzanın məqsədlərinin hazırki təsəvvürləri fonunda məhkumların saxlanmasının ümumi qəbul olunmuş standartlarını və dövlətin insan ləyaqətini qorumaq sahəsində konstitusion öhdəliklərini təmin etməklə fəaliyyət göstərməlidir.

Amnistiya haqqında aktın qəbul edilməsi həm də azadlıqdan məhrum etmə cəzasının və şərti olaraq vaxtından əvvəl cəzadan azad etmənin tətbiqi sahəsində məhkəmə təcrübəsinin dəyişdirilməsini də aktual edir. Belə ki, hazırda əvvəllər törədilmiş cinayətlərə görə tətbiq olunan daha ciddi cəzalar həmin cinayətlərin müasir ictimai təhlükəliliyi ilə uyğunlaşdırılmır, bu isə cinayət məsuliyyətinə cəlb etmədə bərabərlik prinsipini pozur, həmçinin məhkumun vəziyyətini yüngülləşdirdiyi hallarda qanunun geriyə qüvvəsinin tətbiqinə mane olur.

Bir çox hallarda məhkum barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzası artıq öz məqsədinə çatmış olur, yəni məhkum islah olunmuş olur. Amnistiya bu cür vəziyyətlərin birmənalı tənzimlənməsində böyük rol oynayacaq. Amnistiyanın belə potensial imkanları və vəzifələri onun həm geniş diapazonda, həm də ayrı-ayrı cinayət əməlləri üzrə və yaxud cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin kateqoriyaları üzrə (qadınlar, əlillər və s.) tətbiqini mümkün və zəruri edir.

Amnistiyanın tətbiqində, şübhəsiz ki, cəmiyyətin, dövlətin, şəxsiyyətin ədalətlilik və bərabərlik prinsiplərinin maraqlarına dair tələblər nəzərə alınmalıdır. Bu baxımdan, hesab edirik ki, daha çox sosial dəstəyə ehtiyacı olan məhkumlar (yetkinlik yaşına çatmayanlar, qadınlar, təqaüdçülər, əlillər, döyüş əməliyyatlarının iştirakçıları, müalicəsi mümkün olmayan xəstələr) barəsində amnistiyanın tətbiq edilməsi daha məqsədəmüvafiq olar.

Eyni zamanda, amnistiya ictimai təhlükəliliyi yüngül cəza tətbiqinə imkan verməyən konkret məhkum kateqoriyaları üçün cinayət əməllərinə tətbiq olunmaya bilər. Belələrinə : qəsdən adam öldürmə, sağlamlığa qəsdən ağır ziyan vurma, işgəncə, adam oğurluğu (evlənmək məqsədilə qız qaçırma istisna olmaqla), qanunsuz azadlıqdan məhrum etmə, insan alveri, qul əməyindən istifadə etmə, psixiatrik stasionarda qanunsuz yerləşdirmə, zorlama, seksual xarakterli zorakı hərəkətlər, ölümlə nəticələnən quldurluq, terror aktı, cinayətkar birliyin yaradılması, hava gəmisinin qaçırılması, narkotiklərin xüsusilə külli miqdarda dövriyyəsi, vətənə xəyanət, dövlət xadiminin həyatına qəsd, qanunsuz olaraq hakimiyyətin ələ keçirilməsi, təxribat, xüsusilə külli miqdarda rüşvət alınması, qanunsuz həbs etmə, insanlıq əleyhinə cinayətlər və s. aid edilə bilər.Göstərilən məhkum kateqoriyalarına əvvəllər artıq amnistiya və yaxud əfv qaydasında cəzadan azad olan və təkrar qəsdən cinayət törədən şəxslər, cəzaçəkmə müəssisələrində yenidən cinayət törədən şəxslər, xüsusilə təhlükəli residivistlər barədə amnistiya tətbiq olunmaya bilər.

Amnistiyanın geniş şəkildə tətbiqi məhkumetmənin nəticələrinin yüngülləşməsinin müxtəlif formalarını şərtləndirir. Bu formaların seçimi cinayət qanunvericiliyi ilə nəzərdə tutulan sanksiyanın ciddiliyindən, eyni zamanda seçilən cəzanın növündən və müddətindən və cəza növünün çəkilməsindən asılı olur. Hesab edirik ki, birinci növbədə, ilk dəfə cinayət törətməklə qəsdən cinayətə görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və ehtiyatsızlıqdan törədilən cinayətə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər cəzanın çəkilməmiş hissəsindən tam olaraq azad olmalıdırlar.

Həmçinin təyin olunmuş və çəkilmiş cəzaya proporsional olaraq cəzanın çəkilməmiş hissəsi azaldıla bilər. Məhkumetmənin hüquqi nəticələrinin yüngülləşdirilməsi cinayət əməllərinin böyük hissəsinə münasibətdə cəzadan tam azadetmə ilə yox, azadlıqdan məhrumetmə cəzasının müddətinin, eyni zamanda məhkuma təyin edilmiş əlavə cəzaların müddətinin, məhkumluq müddətinin, sınaq müddətinin azaldılması ilə həyata keçirilə bilər.

Hesab edirik ki, aşağıda göstərilən maddələrdə nəzərdə tutulmuş cinayətləri ilk dəfə törətmiş şəxslər barəsində də mərhəmətlilik nümayiş etdirməklə, (AR CM 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 215 (adamları girov götürmə), 217 (banditizm), 218 (cinayətkar birlik yaratma), 219 (hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma), 219-1 (dəniz quldurluğu), 220 (kütləvi iğtişaş), 227 (radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə), 232 (odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 234 (qanunsuz olaraq narkotik vasitələri və s. əldə etmə, daşıma, saxlama), 235, 242 (pornoqrafik materialları və əşyaları qanunsuz olaraq yayma), 274 (dövlətə xəyanət), 275, 276 (casusluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə), 280 (silahla qiyam), 311.3 (rüşvət alma), 328 (əmri icra etməmə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) onların cəzası 1 il azaldıla, əgər cəzanın çəkilməmiş hissəsi maksimum 1 ildirsə, cəzadan tam azad edilə bilərlər.

Belə ki, bu cinayətlərə görə adətən uzunmüddətli azadlıqdan məhrumetmə cəzası təyin olunur.Məhkumun çəkdiyi uzunmüddətli cəza ilə müqayisədə cəzasının 1 il azaldılması ədalətlilik meyarlarına uyğundur.

Məsuliyyətin yüngülləşdirilməsinin bir sıra əlavə cəzalardan azad edilməsi, məhkumluq müddətinin azaldılması kimi formaları da tətbiq edilməlidir. Həmçinin əməlləri zorakılıq xarakteri daşımayan və ağır nəticələrə səbəb olmayan şəxslər tərəfindən törədilən başa çatmamış cinayətlər üzrə də amnistiyanın tətbiq olunması məqsədəmüvafiqdir.

Tətbiq olunan amnistiya cinayətkarlıqla mübarizədə mühüm rol oynamalıdır. Belə ki, qanunlara riayət etməklə normal həyata qayıtmaq istəyən hər bir məhkuma bu şans verilməlidir. Hesab edirik ki, amnistiya barədə akt, ilk növbədə, birinci və ikinci Qarabağ müharibəsində iştirak etmiş şəxslərə aid edilməlidir. Eyni zamanda, amnistiya 60 yaşdan yuxarı qadınlara, 70 yaşdan yuxarı kişilərə münasibətdə tətbiq olunmalıdır. Təklif edirik ki, 18 yaşa qədər şəxslər tərəfindən törədilmiş cinayətlərə görə təyin olunmuş cəzalar azaldılsın. Eyni zamanda, amnistiyanın hamilə qadınlara və yaxud tək valideyn olan məhkumları, çoxuşaqlı valideynləri, yaxud 14 yaşına qədər övladı olan qadınları əhatə etməsini məqsədəmüvafiq hesab edirik.

İlhamə Həsənova

Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, vəkil

Oxşar xəbərlər