QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb


  • 6 Avqust 14:56

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

İclasın reqlament layihəsi üzrə çıxış edən Şura üzvləri sənəddə əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, onların hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Müşahidə Şurasında sənədlərin ilkin və yekun müzakirəsi qaydaları, həmçinin bir sıra digər maddələr ətrafından fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alınıb.

Sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Müşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurunun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alırdı.

Müzakirələrin sonunda qərara alınıb ki, agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər qısa zamanda ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.

Oxşar xəbərlər