- 30 İyul 13:01
8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərar layihəsi preambula, amnistiyanın tətbiq ediləcək şəxslərin dairəsi, amnistiya tətbiqinə qoyulan məhdudiyyətlər və amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanin tətbiqi qaydalarını ehtiva edir.
Preambulada Qarabağ, Şərqi Zəngəzurun, o cümlədən Şuşanın işğaldan azad olunmasında Azərbaycan övladlarının misilsiz şücaəti vurğulanaraq, xalqımızın özgüvən hissi və qələbə ruhunun daha da yüksəldiyi, bərqarar olmuş hüququn aliliyi və ədalətin cəmiyyət üçün əhəmiyyəti vurğulanaraq, humanizm ənənələrini davam edib, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifah və inkişafına öz töhfələrini verəcəklərinə ümid edilir.
Cinayət Qanunvericiliyinə əsasən, Amnistiya Aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Amnistiya aktı ilə cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən, artıq məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud şəxslərə təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə, cəzasını çəkmiş şəxslərin isə məhkumluğu götürülə bilər. Hazırki akt üzrə amnistiya tətbiq ediləcək şəxslərin dairəsi çox genişdir və həm azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslərin cəzadan azad olunması, həm cəzanın azaldılması, həm məhkumluğun götürülməsi, həm də cinayət təqibinə xitam verilməsi formasında reallaşacaq.
Təsəvvür edin bu humanist aktdan yalnız azadlıqdan müəyyən müddətə məhrum olunmuş şəxslər üzrə 16 fərqli istiqamət faydalanacaq. Ümumiləşdirsək, buraya Vətən müharibəsində, suverenlik və ərazi bütövlüyümüz uğrunda digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə, istər döyüşlərdə iştirakı, istər digər xüsusi xidmətlərinə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslər, müki şəxslərdən isə erməni təxribatları nəticəsində həlak olanların yaxın qohumları və əlil olanların özləri, 1948-1953, 1988-1992-ci illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqlarından deportasiya edilənlər, 1988-1993-cü illərdə işğal nəticəsində məcburi köçkün düşənlər, 20 yanvar və Xocalı faciələrində həlak olan və ya xəbərsiz itkin düşənlərin yaxın qohumları və əlil olanların isə özləri, SSRİ dövrü beynəlmiləl, müstəqlillik dövründə isə sülhməramlı əməliyyatlarda iştirak edən şəxslər, bu vəzifələri yerinə yetirərkən həlak olmuş xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, İkinci Dünya müharibəsində döyüşlərdə iştirak edən, o cümlədən arxa cəbhədə xidmət edən yaxud qanunla buna bərabər tutulan şəxslər, döyüşlərdə həlak olan, xəbərsiz itkin düşənlərin yaxın qohumları, keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunan şəxslər, SSRİ dövründə siyasi repressiyaya məruz qalıb sonradan bəraət alanlar və onların yaxın qohumları, Çernobl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslər və onların qanunla müəyyən edilmiş himayəçiləri, qadınlar, cinayət törədərkən 18 yaşa çatmamış şəxslər, bu qərar qüvvəyə minənədək 60 yaşı tamam olmuş şəxslər, birinci və ya ikinci dərəcəli əlilliyi olan şəxslər, öhdəsində birinci və ya ikinci dərəcəli əlil övladı olan, yaxud, atalığı, qəyyum və himayəçiliyi bu qərar qüvvəyə minənədək müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir.
Göründüyü kimi, layihənin dairəsi çox genişdir və ümumilikdə bu dəfəki təşəbbüs əvvəlki amnistiya aktlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk olaraq nəzərə alaq ki, bu layihə yalnız humanizm prinsipi önə çəkilşmiş hüquqi hadisə deyil. Bu eyni zamanda Azərbaycanın 44 günlük zəfəri sonrası proseslərin təbii axarının çox dəqiq və zamanında qiymətləndirilməsində ehtiva olunan mühüm tarixi-siyasi hadisədir. Eyni zamanda, cənab Prezident bu təşəbbüsü ilə faktiki olaraq hüquq və ictimai münasibətlərin real imkanlarına əsaslanaraq yeni bir səhifəyə başlamaq iradəsi ortaya qoyur. Geosiyasi səhnədə 44 günlük savaşımızın nəticəsi olaraq bu səhifə artıq başlanılıb. Hüquq müstəvisində isə heç şübhəsiz ki, təqsirli olaraq ictimai təhlükəli əməli ilə cəmiyyətin mənafelərinə qəsd etmiş minlərlə vətəndaş üçün məhz bu amnistiya aktı ilə yeni başlanğıc olacaq. Bu əslində hər bir vətəndaşın kimliyindən asılı olmayaraq dövlət üçün qiymətli olduğunu, cənab İlham Əliyevin hər bir vətəndaşın dövlətin inkişafı və rifahı və proseslərdə iştirak etməsi üçün şans yaradılması niyyətini göstərir. Xüsusən, qələbəmizin doğurduğu tarixi nəticələrə uyğun olaraq yalnız birbaşa bu zəfərin əldə olunmasında iştirak edən şəxslər yox, onların yaxın qohumlarının da prosesdən faydalanması üçün şans yaradılması özlüyündə unikal hadisədir. Burada bir məqamı qeyd etmək lazımdır ki, amnistiya aktında yaxın qohum dedikdə, CPM-in 7.0.32. maddəsində müəyyən olunan dairə, yəni, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur. Həmçinin bu yanaşmanın bütövlükdə erməni təxribatlarının, habelə, Xocalı və 20 yanvar qurbanlarına, İkinci Dünya Müharibəsi, Çernobıl qəzası, beynəlxlaq missiya və sülhməramlı fəaliyyətə də şamil edilməsi amnistiyadan faydalanacaq şəxslərin sayının kifayət qədər ciddi rəqəmlərdə ehtiva olunacağını deməyə əsas verir.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Qərar layihəsində amnistiya tətbiqinə qoyulan məhdudiyyətlər də nəzərdə tutulub. Konkretləşdirsək, Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında 24 fevral 1994-cü il qanunu ilə müəyyən olunmuş qaydada, 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktları tətbiq olunmayacaq. Habelə, ağır və xüsusi ilə ağır cinayətlər törətmiş şəxslər, təhlükəli və xüsusi ilə təhlükəli resediv yaradan cinayətlərə görə məhkum olunanlar, müstəqlillik dövrümüzdə amnistiyaya salınmış və ya əfv olunmuş, lakin, yenidən qəsdən cinayət törətmiş şəxslər, cəzacəkmə müəssisəsində, intizam xarakterli hərbi hissədə cəza çəkərkən, həbs yerlərində saxlanarkən yenidən qəsdən cinayət törətmiş şəxslər, bu qərar qüvvəyə minənədək maddi ziyanı ödəməmiş şəxslər, o cümlədən Amnistiya Qərar layihəsinin 11.1-ci maddəsində göstərilən Cinayət Məcəlləsinin konkret müddəaları üzrə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslər barəsində amnistiya tətbiq olunmayacaq ki, bu da dünya hüquq praktikasında qəbul edilmiş, ictimai təhlükəsizlik və ictimai qaydanın, cəmiyyətin mənəviyyatının və maraqlarının qorunmasına xidmət edən prosedurdur.
Bəhruz Məhərrəmov, millət vəkili
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü