- 28 İyul 10:56
Bəzən insanın ömür yolu təqvimdəki illərlə deyil, cəmiyyətə bəxş etdiyi dəyərlərlə ölçülür. Elə insanlar var ki, onlar peşələrini sadəcə icra etmir, onu həyat amalına çevirirlər. Hüququn aliliyini yalnız qanun maddələrində deyil, insan talelərində yaşatmağı bacaran belə simalardan biri də tanınmış hüquqşünas, peşəkar vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyevdir.
Avqustun 2-də o, ömrünün 50 ilini geridə qoyur. Arxada qalan yarım əsr təkcə zamanın keçidi deyil, minlərlə insanın haqq səsinə çevrilən mübarizənin, ədalət naminə atılan qətiyyətli addımların, peşəkarlıqla qazanılan nüfuzun tarixidir. Hüquq onun üçün yalnız peşə deyil, vicdanın səsi, məsuliyyətin yükü, insan taleyinə ehtiramın ifadəsidir.
Məhz buna görə də o, illərdir məhkəmə zallarında hüququn keşiyində dayanmaqla yanaşı, sosial ədalətin bərqərar olması naminə də yorulmadan çalışır, ehtiyacı olanların yanında olur, gənclərin inkişafına dəstək verir. Rəhbərlik etdiyi hüquq şirkəti, ictimai fəaliyyəti və xeyriyyəçilik təşəbbüsləri onun həyat fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilib.
Şaiq Mirzəyevin həyat yolu göstərir ki, əsl nüfuz və etibar yüksək vəzifələrlə deyil, insanların qəlbində qazandığın yerlə ölçülür.
Yubiley münasibətilə onunla keçdiyi ömür yolu, peşə fəaliyyəti, hüquqa baxışı, həyat prinsipləri və gələcək hədəfləri barədə söhbətləşdik.
E-huquq.az tanınmış vəkillə müsahibəni təqdim edir...
- Şaiq müəllim, yarım əsrlik ömür yolu insanı istər-istəməz ötüb keçən illərə nəzər salmağa vadar edir. Sizin üçün 50 yaş hansı mənanı ifadə edir? Bu yaşın astanasında dayanarkən geriyə baxanda ilk olaraq hansı düşüncələr keçir ağlınızdan?
- Adətən deyirlər ki, 50 yaş ömrün yarısıdır. Ancaq həyatın ölçüsü illərlə deyil, insanın bu dünyada qoyduğu izlə müəyyən olunur. Axı heç də hər kəsə 100 il yaşamaq nəsib olmur. Məncə, insan müəyyən yaş həddinə çatanda özünə ən vacib sualları verməlidir: Bu həyata hansı missiya ilə gəlmişəm? Cəmiyyətə, insanlara nə vermişəm? Faydalı ola bilmişəmmi? Düşünürəm ki, ömrün əsl hesabatı da məhz bu sualların cavabında gizlənir.
- İnsan həyatında yubileylər adətən həm ötən yolun dəyərləndirilməsi, həm də gələcəyə baxış üçün xüsusi məqam hesab olunur. Siz 50 illik yubileyinizi daha çox geridə qalan mərhələnin hesabatı kimi qiymətləndirirsiniz, yoxsa qarşıdakı yeni dövrün başlanğıcı kimi?
- Mən bu yubileyə daha çox yeni bir mərhələnin başlanğıcı kimi baxıram. Hər yaş insanın qarşısında yeni hədəflər, yeni məsuliyyətlər və yeni imkanlar açır. İnanıram ki, bundan sonrakı illər də həm peşəkar fəaliyyətimdə, həm də cəmiyyətə xidmət baxımından daha məhsuldar və daha faydalı olacaq.
.jpg)
- Həyat yoluna nəzər saldıqda, elə qərarlar və ya hadisələr olubmu ki, ilk anda sizə ağır görünsün, lakin zaman keçdikcə onların əslində həyatınızda müsbət dönüş nöqtəsi olduğunu anlayasınız?
- Əlbəttə, belə məqamlar həyatımda kifayət qədər olub. Düşünürəm ki, səhvsiz və çətinliksiz həyat mümkün deyil. Əsas məsələ insanın buraxdığı səhvlərdən düzgün nəticə çıxarması və eyni yanlışları təkrarlamamasıdır. Etiraf edim ki, elə səhvlərim də olub ki, müəyyən dövrdə onları yenidən təkrarlamışam. Lakin illər keçdikcə insanın dünyagörüşü formalaşır, həyat təcrübəsi artır və hadisələrə baxışı dəyişir.
Gənclik illərimdə müxtəlif məsul vəzifələrdə çalışdım və qarşıma qoyduğum hədəflərə nail oldum. Ancaq bəzən məndən asılı olmayan səbəblərdən həmin vəzifələrdən ayrılmalı oldum. O zaman bunu həyatımın ən ağır məqamlarından biri, hətta uğursuzluq kimi qiymətləndirirdim. İllər keçdikcə isə anladım ki, bəzən insanın itki hesab etdiyi hadisələr əslində onun xeyrinə olur. Ola bilsin ki, həmin vəzifələrdə qalsaydım, daha mürəkkəb problemlərlə, daha ağır məsuliyyətlərlə və arzuolunmaz nəticələrlə üz-üzə qalacaqdım. Geriyə baxanda görürəm ki, Allah-Təala məni bir çox yanlış qərarlardan və onların ağır nəticələrindən qoruyub. Həyat mənə öyrətdi ki, hər hadisənin görünməyən bir tərəfi var və zaman keçdikcə insan bəzi ayrılıqların, uğursuzluqların və dəyişikliklərin əslində onu daha doğru istiqamətə apardığını anlayır.
- Əgər bugünkü Şaiq Mirzəyev gənclik illərindəki Şaiq Mirzəyevlə üz-üzə oturub söhbət etsəydi, ona ən vacib hansı tövsiyəni verərdi? Ümumiyyətlə, o dövrlə bu gün arasında ən böyük fərq nədədir?
- Düşünürəm ki, aradakı ən böyük fərq həyata və dəyərlərə baxışımladır. Gənclik illərində müəyyən qədər şöhrətpərəst idim. İnsan tanınmaq, uğur qazanmaq, cəmiyyətdə seçilmək istəyir və bəzən bu istək onu yanlış qərarlar verməyə sövq edir. Bu xüsusiyyətin müsbət tərəflərindən daha çox mənfi nəticələri olur. Mən də həmin dövrdə kifayət qədər səhvlər etmişəm. Təəssüf ki, o səhvlərin bəzilərinin nəticələrini bu gün də hiss edirəm. İllər keçdikcə anlayırsan ki, insanı ucaldan vəzifə, var-dövlət və ya şöhrət deyil. Ən böyük sərvət etibar, nüfuz, vicdan rahatlığı və insanların hörmətini qazana bilməkdir. Əgər gənc Şaiqə bir tövsiyə vermək imkanım olsaydı, ona deyərdim ki, qərarlarını emosiyalarla deyil, həyatın həqiqətlərini daha dərindən dərk edərək versin və heç vaxt keçici şöhrəti əsl dəyərlərdən üstün tutmasın.
- Hər bir insanın zamanla dəyişmək, təkmilləşdirmək istədiyi xüsusiyyətləri olur. Bəs siz öz xarakterinizdə hansı cəhətləri ən çox tənqid edir və onları dəyişmək üçün daim üzərinizdə çalışırsınız?
- Hesab edirəm ki, insan ilk növbədə özünü tanımalı və çatışmazlıqlarını etiraf etməyi bacarmalıdır. Mənim də həyatım boyu dəyişməyə çalışdığım iki əsas xüsusiyyətim olub - səbirsizlik və tənqidi qəbul etməkdə çətinlik çəkməyim. Səmimi desəm, xüsusilə gənclik illərində bu xüsusiyyətlər həm şəxsi həyatımda, həm də peşə fəaliyyətimdə mənə kifayət qədər problemlər yaradıb. Bəzən tələsik qərarlar vermişəm, bəzən isə deyilən tənqidlərə lazımi qədər soyuqqanlı yanaşa bilməmişəm.
İllər keçdikcə insan daha çox təcrübə qazanır və anlayır ki, səbir uğurun ən vacib şərtlərindən biridir, sağlam tənqid isə inkişaf üçün bir fürsətdir. Bu gün əvvəlki Şaiq Mirzəyev deyiləm. Hadisələrə daha təmkinlə yanaşmağa, fərqli fikirləri dinləməyə və tənqiddən nəticə çıxarmağa çalışıram. Bununla belə, özümü ideal hesab etmirəm. Hələ də üzərimdə işləyirəm və inanıram ki, insan yaşından, vəzifəsindən və qazandığı uğurlardan asılı olmayaraq, ömrünün sonunadək özünü inkişaf etdirməyə davam etməlidir.
- İnsan müəyyən yaş mərhələsinə çatdıqda geridə qalan illərin nəticələrinə nəzər salır və əldə etdiyi uğurları dəyərləndirir. Siz bu gün olduğunuz mövqedən, qazandığınız nəticələrdən və keçdiyiniz yoldan nə dərəcədə razısınız?
- Açığı, tam razı olduğumu deyə bilmərəm. Çünki insan qarşısına məqsədlər qoyduğu zaman həmin hədəflərlə kifayətlənməməli, daim daha yüksək nəticələrə can atmalıdır. Mənim də hələ həyata keçirmək istədiyim çox planlarım, çatmaq istədiyim yeni mərhələlər var. Bu gün əldə etdiklərimi qiymətləndirirəm, amma özümü arzuladığım və görmək istədiyim səviyyədə hesab etmirəm. İnanıram ki, insanın inkişafı heç vaxt dayanmamalıdır. Qarşıda hələ görüləsi çox iş, öyrəniləsi çox şey var. Mənim üçün əsas prinsip əldə olunanlarla kifayətlənməmək, hər zaman daha yaxşısına doğru irəliləməkdir.
- Hüquq peşəsinə marağınızın təməlində hansı amillər dayanırdı? Bu sahəyə yönəlməyinizdə ailə mühitinin və uşaqlıq illərində formalaşan arzuların hansı rolu oldu?
- Hüquq sahəsinə marağımın yaranmasında atamın böyük rolu olub. O, polis orqanlarında çalışırdı və mən uşaqlıq illərimdə onun iş mühiti ilə yaxından tanış olurdum. İş yerinə gedəndə formanı, paqonları görür, həmin peşəyə xüsusi maraq və hörmət hissi ilə yanaşırdım. Bu, məndə hüquq-mühafizə sahəsinə qarşı böyük maraq formalaşdırmışdı. Amma qeyd etmək istəyirəm ki, atam heç vaxt mənə bu istiqamətdə seçim etməyim üçün təzyiq göstərməyib. Bu, mənim öz istəyim və daxili marağım olub. Hətta birinci sinfə gedəndə məktəbə gələn komissiya üzvləri uşaqlardan gələcəkdə kim olmaq istədiklərini soruşanda mən də tərəddüd etmədən "atam kimi olmaq istəyirəm" cavabını vermişdim. Sonrakı illərdə bu arzu məni hüquq fakültəsinə gətirdi. Bakı Dövlət Universitetində hüquq təhsili aldım, daha sonra magistratura pilləsini başa vurdum və təhsilimi davam etdirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Bu gün geriyə baxanda görürəm ki, uşaqlıq illərində yaranan həmin maraq mənim peşəkar həyat yolumun əsas istiqamətini müəyyənləşdirib.
- Şaiq müəllim, siz illərdir müxtəlif qurumlarda, həm dövlət orqanlarında, həm də özəl sektorda fəaliyyət göstərmisiniz. Bu fəaliyyət dövrləri arasında elə bir mərhələ varmı ki, həyatınızın formalaşmasında xüsusi rol oynayıb?
- Hüquqşünas və vətəndaş kimi formalaşmağımda ən böyük rolu, səmimi desəm, Dövlət Təhlükəsizlik Xidmətində (o vaxtkı Milli Təhlükəsizlik Nazirliyində) xidmət illərim oynayıb. Mən rusdilli təhsil aldığım üçün Azərbaycan dilində fikirlərimi bugünkü kimi rahat ifadə edə bilmirdim, hüquqi terminologiyanı da yetərincə bilmirdim. Məhz həmin illərdə Azərbaycan dilini, hüquq terminologiyasını daha dərindən öyrəndim. Eyni zamanda, müstəntiq peşəsinin incəliklərini mənimsədim, insanları tanıdım və həyatda çox dəyərli təcrübələr qazandım.
Rəhbər kimi formalaşmağıma gəlincə isə, insanları idarə etməyi, istehsalın, biznesin, marketinqin və satışın idarə olunmasını ən çox "AZGRANATA" şirkətində öyrəndim. Orada həm iş prosesində, həm də şirkətin təşkil etdiyi təlimlər sayəsində çox böyük və dərin təcrübə qazandım.
- Əgər hüquqşünas olmasaydınız, özünüzü hansı peşədə təsəvvür edərdiniz?
- Açığını deyim ki, Allah mənə yenidən seçim imkanı versəydi, yenə hüquqşünaslığı, yenə də vəkilliyi seçərdim. İlk dəfə müstəntiq kimi işləyəndə, 22-23 yaşım olardı. İlk tutma protokolunu tərtib edib bir şəxsi istintaq təcridxanasına göndərəndə otağa qapanıb çox düşünmüşdüm, hətta ağlamışdım. Sonralar da istintaq hərəkətləri zamanı insanların həbs olunmasına, qollarına qandal vurulmasında iştirak etmişəm. Səmimi deyim ki, mən bundan heç vaxt zövq almamışam. Heç vaxt həmin işdə özümü rahat hiss etməmişəm. Ola bilsin ki, bunun səbəbi məndə mərhəmət hissinin daha güclü olması idi. Bəlkə də elə buna görə sonradan müstəntiq peşəsindən ayrıldım. Mən insanlara daha çox kömək etməyi sevirəm. Ona görə də bu gün yenidən seçim etmək imkanım olsaydı, yenə hüquqşünas, yenə də vəkil olardım.
- Vəkillik peşəsi hüquq sahəsində xüsusi məsuliyyət və prinsipiallıq tələb edən fəaliyyət istiqamətlərindən biridir. Bu peşəni seçərkən qarşıda sizi hansı çətinliklərin gözlədiyini təsəvvür edirdinizmi? Ümumiyyətlə, vəkilliyə olan münasibətiniz necə formalaşdı?
- Açığı, vəkillik peşəsinə ilk baxışda indiki qədər böyük marağım yox idi. Hətta 2011-ci ildə atam mənə vəkil olmağı tövsiyə edirdi. Lakin həmin dövrdə mən bu fikrə çox isti yanaşmırdım. Çünki o vaxt ölkəmizdə vəkillik indiki qədər nüfuzlu və inkişaf edən bir sahə deyildi. Vəkillərin cəmiyyətdəki rolu, peşənin imkanları və hüquqi xidmətlərin təşkili baxımından müəyyən çətinliklər mövcud idi. Mənim tərəddüdüm də məhz bu amillərlə bağlı idi. Sonrakı illərdə isə vəkillik institutunda ciddi dəyişikliklər baş verdi. Anar Bağırovun Vəkillər Kollegiyasının sədri seçilməsindən sonra bu sahədə mühüm islahatlar həyata keçirildi, vəkilliyin nüfuzu artdı, peşəyə münasibət dəyişdi. Mənim də bu istiqamətdə düşüncələrim yeniləndi və vəkilliyə marağım yarandı. 2019-cu ildə vəkilliyə qəbul imtahanında iştirak etdim. Həmin günləri bu gün də yaxşı xatırlayıram. İmtahanın ilk mərhələsindən uğurla keçdiyim gün dostumun anası vəfat etmişdi və yas mərasimində iştirak etmək üçün Qəbələyə gedirdim. Bakıdan Qəbələyə qədər olan yol boyu Allaha şükür edirdim ki, bu məsuliyyətli mərhələni uğurla geridə qoymuşam. Bu gün isə vəkil olmağımla qürur duyuram. Çünki vəkillik yalnız hüquqi bilik tələb edən bir peşə deyil, eyni zamanda insan talelərinə toxunmaq, ədalətin bərqərar olmasına xidmət etmək və böyük məsuliyyət daşımaq deməkdir.
- Hər bir peşəkarın həyatında ilk addımlar, ilk təcrübələr və ilk uğurlar xüsusi yer tutur. Sizin üçün də vəkillik fəaliyyətinizin başlanğıcı, xüsusilə ilk məhkəmə çıxışınız yadda qalan məqamlardan biridir. Həmin günləri necə xatırlayırsınız?
- Bəli, ilk məhkəmə prosesimi xatırlayıram. Mənim ilk vəkil kimi iştirak etdiyim iş kassasiya şikayətinin hazırlanması və Ali Məhkəmədə müdafiənin həyata keçirilməsi ilə bağlı idi. Həmin prosesdə Qazaxıstan vətəndaşı olan bir şəxsin hüquqlarını müdafiə edirdim. Bu iş dövlət hesabına göstərilən hüquqi yardım çərçivəsində həyata keçirilirdi. Həmin şəxs ağır cinayətdə ittiham olunurdu və işin məsuliyyəti kifayət qədər böyük idi. İlk proses olmasına baxmayaraq, məsələyə çox ciddi yanaşdım, iş materiallarını dərindən araşdırdım və müdafiə mövqeyimizi düzgün qurmağa çalışdım. Nəticədə həmin şəxs irəli sürülən ittiham üzrə bəraət aldı. Bu, mənim üçün həm peşəkar fəaliyyətimin ilk uğurlarından biri, həm də vəkillik yolunda böyük motivasiya verən mühüm hadisə oldu. Xatırlayıram ki, həmin işə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olan hörmətli İsmayıl Xəlilov baxırdı. İlk işimin belə məsuliyyətli bir proseslə başlaması mənim üçün həm böyük təcrübə, həm də gələcək fəaliyyətimə ciddi təsir göstərən bir başlanğıc oldu.
- Uğurlu vəkil olmaq üçün daha vacib olan amil hansıdır: dərin hüquqi bilik, yüksək nitq qabiliyyəti, yoxsa insan psixologiyasını düzgün dərk etmək bacarığı?
- Hesab edirəm ki, peşəkar vəkil olmaq üçün bütün bu amillərin hər biri vacibdir. İlk növbədə vəkil möhkəm nəzəri hüquqi biliyə malik olmalıdır. Qanunvericiliyi dərindən bilmədən, hüquqi təhlil aparmaq və düzgün müdafiə strategiyası qurmaq mümkün deyil. Lakin yalnız nəzəri biliklə kifayətlənmək də yetərli deyil. Bu bilikləri praktikada tətbiq etmək, xüsusilə məhkəmə təcrübəsi qazanmaq vacibdir. Bununla yanaşı, vəkilin şəxsi keyfiyyətləri də onun fəaliyyətində mühüm rol oynayır. Vəkil çətin vəziyyətlərdə mövqeyini qorumağı bacarmalı, cəsarətli və prinsipial olmalıdır. Eyni zamanda səbirli, əzmkar və dözümlü olmaq bu peşənin əsas tələblərindəndir. Çünki vəkillik bəzən uzunmüddətli mübarizə, mürəkkəb proseslər və böyük məsuliyyət tələb edən bir yoldur. Bu yolda uğur qazanmaq üçün yalnız hüquqi bilik deyil, həm də güclü xarakter, insanlarla düzgün ünsiyyət qurmaq bacarığı və ədalətə inam vacibdir. Məncə, əsl vəkil bütün bu xüsusiyyətləri özündə birləşdirən şəxsdir.
- Düşünürəm ki, bu peşə sizə insan psixologiyasını daha yaxşı anlamağa da kömək edir. Axı hər gün müxtəlif problemlərlə üzləşən insanlarla işləyirsiniz...
- Bəli, tamamilə doğrudur. İstər vəkil, istər prokuror, istər müstəntiq – bu peşələrdə uzun illər çalışan insanlar müəyyən mənada psixoloqa çevrilirlər. Çünki insanın problemini diqqətlə dinləmək, onu anlamaq, vəziyyətini düzgün qiymətləndirmək və ona çıxış yolu göstərmək psixoloji yanaşma tələb edir. Əlbəttə, bunun üçün psixologiyanı da öyrənmək lazımdır. Biz insanlarla işləyirik. Fərq etməz, mülki iş olsun, yoxsa cinayət işi. Hər bir işin arxasında bir insan taleyi dayanır.
- Vəkillik fəaliyyətiniz ərzində elə işlər olubmu ki, yalnız hüquqi tərəfi ilə deyil, həm də arxasında dayanan insan taleyi ilə sizi dərindən düşündürsün və yaddaşınızda xüsusi iz buraxsın?
- Belə işlər kifayət qədər çox olub. Mən əsasən cinayət işləri üzrə vəkil kimi fəaliyyət göstərirəm və bu sahədə çalışarkən demək olar ki, hər bir işin arxasında fərqli bir insan taleyi, fərqli bir həyat hekayəsi dayanır. Vəkil yalnız qanun maddələri ilə işləmıi, eyni zamanda insanın yaşadığı çətinliklərlə, ailə vəziyyəti ilə, keçirdiyi psixoloji sarsıntılarla da qarşılaşır. Məsələn, bir işdə gənc bir şəxsin müdafiəsini həyata keçirirdim. Onun ailəsində ağır xəstəliklə mübarizə aparan övladları var idi və həmin vəziyyət onun həyatına, psixoloji durumuna ciddi təsir göstərirdi. Başqa bir işdə isə 72 yaşlı bir şəxsin hüquqlarını müdafiə edirdim. Həmin insanın özü səhhətində ciddi problemlər yaşayırdı, eyni zamanda ailəsində də mürəkkəb vəziyyətlər mövcud idi. Belə hallarda vəkil kimi yalnız hüquqi mövqeyi deyil, insan amilini də nəzərə almağa çalışırsan. Çünki hər bir işin arxasında bir ailə, bir həyat, bir ümid dayanır. Bu cür talelərlə qarşılaşmaq insana böyük məsuliyyət hissi verir və heç vaxt təsirsiz ötüşmür. Məhz buna görə vəkillik mənim üçün sadəcə peşə deyil, eyni zamanda insanlara kömək etmək və onların hüquqlarını qorumaq missiyasıdır.
- Peşə fəaliyyətinizdə elə məhkəmə işi olubmu ki, sizə hüquqşünas kimi yeni baxış qazandırsın, fəaliyyətinizdə mühüm bir dərs versin və gələcək yanaşmalarınıza təsir etsin?
- Əslində, mənim üçün hər bir məhkəmə prosesi özlüyündə bir məktəb, hər bir iş isə yeni bir təcrübədir. İnsan nə qədər təcrübəli olsa da, hər prosesdə öyrənməli olduğu yeni məqamlarla qarşılaşır. Hər bir işdən sonra öz fəaliyyətimə nəzər salır, buraxdığım səhvləri təhlil edir və onlardan nəticə çıxarmağa çalışıram. Mən hesab edirəm ki, peşəkar inkişaf yalnız şəxsi təcrübə ilə məhdudlaşmır. İnsan ətrafındakı hər kəsdən öyrənməyi bacarmalıdır. Məhkəmə prosesində qarşı tərəfin vəkillərinin yanaşmaları, müdafiə üsulları da mənim üçün müəyyən mənada öyrənmə mənbəyidir. Eyni zamanda istintaq mərhələsində müstəntiqlərin iş prinsiplərini, yanaşmalarını müşahidə edir və həmin təcrübələrdən faydalanmağa çalışıram. Məhkəmə zalında isə hakimin prosesi idarə etməsi, hüquqi məsələlərə yanaşması və qərarvermə mexanizmi də diqqətlə izlədiyim məqamlardandır. Düşünürəm ki, hüquq sahəsində uğurlu olmaq üçün insan heç vaxt "artıq hər şeyi bilirəm" düşüncəsinə qapılmamalıdır. Daim öyrənmək, öz üzərində işləmək və hər bir işi yeni bir təcrübə kimi qəbul etmək peşəkar inkişafın ən vacib şərtlərindən biridir.
- Vəkillik fəaliyyəti bəzən hüquqi mövqe ilə insani münasibətlər arasında həssas tarazlıq tələb edir. Xüsusilə qarşı tərəflərin emosional olduğu cinayət işlərində prinsipial mövqeyi qorumaqla yanaşı, insan münasibətlərini necə tənzimləyirsiniz?
- Bu, həqiqətən də vəkillik peşəsinin ən çətin məqamlarından biridir. Prinsipiallıqla insan münasibətləri arasında düzgün balans yaratmaq hər zaman asan olmur. Xüsusilə cinayət işlərində tərəflərin hər birinin öz ağrısı, öz baxışı və öz həqiqəti olur. Məsələn, biz təqsirləndirilən şəxsin müdafiəsini həyata keçiririk, qarşı tərəfdə isə zərərçəkmiş şəxsin hüquqlarını və maraqlarını təmsil edən insanlar dayanır. Təbii olaraq, zərərçəkmiş tərəf hesab edir ki, təqsirləndirilən şəxs ən ağır cəzanı almalıdır. Bizim vəzifəmiz isə müdafiəçi kimi qanun çərçivəsində həmin şəxsin hüquqlarını qorumaq, onun mövqeyini düzgün təqdim etmək və ədalətli araşdırmanın təmin olunmasına çalışmaqdır. Bəzən məhz bu səbəbdən zərərçəkmiş tərəfin narazılığı və hətta sərt münasibəti ilə qarşılaşırıq. Onlar düşünə bilərlər ki, vəkil təqsirləndirilən şəxsi müdafiə etməklə qarşı tərəfin mövqeyinə qarşı çıxır. Halbuki vəkilin vəzifəsi şəxsi deyil, hüququ və qanunun tələblərini müdafiə etməkdir. Belə vəziyyətlərdə vəkil xüsusilə təmkinli, səbirli və mədəni davranmağı bacarmalıdır. Əgər vəkil emosiyalarına hakim ola bilməyib qarşı tərəfin aqressiyasına eyni şəkildə cavab versə, bu, ilk növbədə onun peşəkarlığına zərər vurar. Vəkilin gücü məhz çətin anlarda soyuqqanlılığını qorumaq, hüquqi mövqeyindən kənara çıxmamaq və etik prinsiplərə sadiq qalmaqdır.
- Vəkillik fəaliyyətinizdə təzyiq, maneə və ya sizi qərarınızdan döndərməyə yönəlmiş cəhdlərlə qarşılaşdığınız hallar olubmu?
- Bəli, belə hallar olub. Vəkillik fəaliyyətində bəzən müdafiə etdiyiniz mövqe və ya həyata keçirdiyiniz hüquqi fəaliyyət müəyyən şəxslərin narazılığına səbəb ola bilir. Elə vəziyyətlər olub ki, qarşı tərəf mənə təzyiq göstərmək məqsədilə müxtəlif dövlət orqanlarına əsassız müraciətlər edib, haqqımda xoşagəlməz ifadələr səsləndirib. Bu cür addımların əsas məqsədi məni başladığım işdən çəkindirmək, müdafiədən imtina etməyə sövq etmək olub. Belə məqamlarda insan istər-istəməz seçim qarşısında qalır: ya təzyiq qarşısında geri çəkilməlidir, ya da öz peşə prinsipinə sadiq qalaraq yoluna davam etməlidir. Mən hər zaman ikinci yolu seçmişəm. Çünki vəkilin ən mühüm keyfiyyətlərindən biri də çətinliklər qarşısında mövqeyini qorumaq, qanun çərçivəsində fəaliyyətini davam etdirmək və üzərinə götürdüyü məsuliyyəti sonadək yerinə yetirməkdir. İnanıram ki, peşəkar fəaliyyət zamanı müxtəlif maneələrlə qarşılaşmaq mümkündür, amma əsas məsələ insanın öz prinsiplərinə, peşəsinə və ədalət anlayışına sadiq qalmasıdır.
- Məhkəmələrdə çıxış etdiyiniz işlərdə hakimlər arasında tanışlarınız, hətta dostlarınız da olur. Belə hallarda münasibətlər peşəkarlığınıza təsir edirmi?
- Çox yaxşı sualdır. Hüquqda etiraza səbəb ola biləcək məsələlərdən biri də məhz budur. Bəli, mənim dostlarım arasında vəkillər də var, prokurorlar da var, hakimlər də var. Elə işlər olur ki, yaxın dostum və ya tələbə yoldaşım hakim olur, mən isə həmin iş üzrə vəkil kimi iştirak edirəm. Amma tam səmimiyyətlə deyə bilərəm ki, məhkəmə zalına daxil olduğumuz andan münasibətlər dəyişir. O, artıq mənim dostum yox, ədalət mühakiməsini həyata keçirən hakimdir. Mən isə onun dostu yox, vəkiləm. Hər ikimiz peşəmizə sadiq qalırıq və yalnız qanunun tələblərinə uyğun davranırıq. Düşünürəm ki, peşəkar vəkil məhz bunu bacarmalıdır. Əgər vəkil şəxsi münasibətlərlə peşəsini qarışdırmırsa, deməli, artıq bu peşədə formalaşıb.
- Belə olubmu ki, hakim özü bu səbəbdən işə baxmaqdan imtina etsin?
- Xeyr. Mənim təcrübəmdə belə bir hal olmayıb.
- Bəs qarşı tərəfdə yaxın dostunuz olan vəkil çıxış edəndə necə?
- Belə bir hadisə yadımdadır. Vəkillik fəaliyyətimin ilk illərində bir iş üzrə məhkəmə zalına daxil oldum və gördüm ki, qarşı tərəfin vəkili yaxın dostumdur. Əvvəlcədən bundan xəbərim yox idi. Bir anlıq dostluqla peşə arasındakı balansı necə qoruyacağımı düşündüm. Hazırlıq iclasından sonra ona yaxınlaşıb dedim: "Mən bu işi sona qədər aparmalıyam. Ola bilər ki, məhkəmə prosesində sənə sərt etirazlar edim, arqumentlərini qəbul etməyim. Bu, şəxsi münasibətimizə təsir etməsin". Bu hadisə mənim üçün çox ciddi peşə dərsi oldu. Əslində, biz əvvəlcədən bilmirik ki, işə hansı hakim baxacaq, qarşı tərəfin vəkili kim olacaq və ya ittihamı hansı prokuror müdafiə edəcək. Hüquq ictimaiyyəti böyük görünməsinə baxmayaraq, əksəriyyətimiz eyni universitetdə - Bakı Dövlət Universitetində oxumuşuq, bir-birimizi tanıyırıq. Amma bütün bu münasibətlərin sərhədi yalnız ədalətdir. Əgər insan ədalət naminə çalışırsa, heç kim onu qınamaz. Əgər şəxsi münasibətlərinə görə ədalətdən uzaqlaşırsa, onda artıq həm peşəsinə, həm də öz adına zərər vurmuş olur. Elə olur ki, əvvəllər normal münasibətdə olduğum bir vəkillə məhkəmədə qarşı-qarşıya gəlirik. İş başa çatandan sonra həmin şəxs münasibətini dəyişir. Halbuki mən belə yanaşmanı düzgün hesab etmirəm. Mənim də uduzduğum işlər olub, qarşı tərəfdə tanıdığım vəkillər çıxış edib. Amma heç vaxt buna görə onlarla münasibətimi pozmamışam. Əksinə, düşünmüşəm ki, həmin işdən nə öyrənə bilərəm. Mən hesab edirəm ki, peşəkar vəkil uduzduğu işdən inciməməli, nəticə çıxarmalı və özünü inkişaf etdirməlidir. Təəssüf ki, bəzən bəzi həmkarlarımız məhkəmədəki nəticəni şəxsi münasibətlərə daşıyırlar. Məncə, bu, doğru yanaşma deyil. Ən vacib prinsip budur ki, iş heç vaxt şəxsi münasibətlərə çevrilməməlidir.
- Vəkilin əsas vəzifəsi hüquqi müdafiəni təmin etməkdir. Lakin bəzən hüquqi baxımdan uğurlu nəticə əldə edilən bir iş insani və mənəvi baxımdan fərqli hisslər yarada bilər. Sizin fəaliyyətinizdə belə hallar olubmu ki, hüquqi nəticədən razı qalsanız da, daxilən müəyyən narahatlıq hiss etmisiniz?
- Bəli, belə hallar olub. Bəzən müdafiə etdiyimiz şəxslə bağlı qurduğumuz hüquqi mövqe və seçdiyimiz müdafiə taktikası nəticəsində iş bizim üçün müsbət nəticələnib. Müdafiə etdiyim şəxs həmin nəticədən razı qalıb, sevinib və bunu təbii olaraq hüquqi uğur kimi qiymətləndirib. Amma səmimi etiraf edim ki, mən hər zaman eyni hissləri yaşamamışam. Elə məqamlar olub ki, hüquqi baxımdan uğur əldə etsək də, daxilən tam rahatlıq hiss etməmişəm. Çünki vəkil yalnız sənədlərlə, maddələrlə və hüquqi arqumentlərlə işləmır, eyni zamanda insan taleləri ilə qarşılaşır. Hər bir işin arxasında bir insan, bir ailə, bəzən isə uzun illərin formalaşdırdığı mürəkkəb həyat hekayəsi dayanır.
- Qanun deyir ki, hər kəsin müdafiə olunmaq hüququ var... Bəs siz bir insan olaraq necə düşünürsünüz: hər kəs müdafiə olunmağa layiqdirmi?
- Bu, həqiqətən də çox mürəkkəb sualdır. Məncə, bu sual müəyyən mənada "hər kəsin yaşamaq hüququ varmı?" sualına bənzəyir. İlk baxışdan cavab sadə görünür - bəli. Hüquqi baxımdan isə cavab daha da konkretdir: necə ki, hər bir insanın yaşamaq hüququ varsa, hər bir insanın müdafiə olunmaq hüququ da var. Lakin həyat bizi çox mürəkkəb situasiyalarla qarşılaşdırır və bu məsələlərə yalnız emosional yanaşmaq düzgün olmaz. İnsan dünyaya gəlməyi özü seçmir. O, doğulduğu andan müəyyən hüquqlara sahib olur və həmin hüquqlar dövlət tərəfindən qorunmalıdır. Mən hesab edirəm ki, şəxs hansı cinayətdə ittiham olunmasından asılı olmayaraq - istər şəxsiyyətə, istər əmlaka, istər cəmiyyətə, istərsə də dövlətə qarşı yönəlmiş əməl olsun - onun hüquqi müdafiə imkanları təmin edilməlidir. Burada çox mühüm bir məqam var: vəkil cinayəti müdafiə etmir, vəkil insanın qanunla müəyyən edilmiş hüquqlarını müdafiə edir. Bu iki anlayışı bir-birindən ayırmaq lazımdır. Hətta cəmiyyət tərəfindən ən ağır cinayətdə ittiham olunan şəxsə vəkil təyin olunursa, bu, həmin əmələ bəraət qazandırmaq və ya onu qəbul etmək anlamına gəlmir. Bu, hüquqi dövlətin əsas prinsiplərindən biridir - hər kəsin ədalətli məhkəmə araşdırması və müdafiə hüququ təmin edilməlidir. Əgər hüquq sistemi yalnız emosiyalar üzərində qurulsaydı, müəyyən şəxslərə qarşı qəzəb və ictimai təzyiq qanunun yerini alsaydı, bu zaman hüquqi dövlət prinsipləri zərbə görərdi. Məhz buna görə məhkəmə, prokurorluq və vəkillik institutları mövcuddur. Bu sistemin əsas məqsədi qanunun aliliyini təmin etməkdir. İstər hakim, istər prokuror, istərsə də vəkil fəaliyyətində şəxsi hisslərə deyil, qanuna və peşə prinsiplərinə əsaslanmalıdır. Çünki hüququn gücü məhz ondan ibarətdir ki, o, ən mürəkkəb və emosional vəziyyətlərdə belə ədalətli yanaşmanı təmin edə bilir.
- Sizcə, ədalət həmişə qanunun içində olur, yoxsa bəzən qanundan kənarda da yaşaya bilir?
- Bu, çox mürəkkəb sualdır. Bir misal çəkim. Təsəvvür edin ki, bir nəfər ailəsi ilə avtomobildə gedir. Həyat yoldaşı və iki övladı yanındadır. Sürəti yüksək olur, özünə həddindən artıq güvənir və nəticədə ağır yol-nəqliyyat hadisəsi baş verir. Həyat yoldaşını və iki övladını itirir. Bu, insan üçün təsəvvür olunmaz faciədir. Qanun deyir ki, belə nəticəyə səbəb olan şəxs müəyyən müddətə, məsələn, səkkiz və ya doqquz il azadlıqdan məhrum edilməlidir. Hakim də qanunun tələbini tətbiq edir. Amma gəlin özümüzə sual verək: bu, həqiqətən ədalətdirmi? Həmin insan artıq mənəvi cəhətdən məhv olub. Ən əziz insanlarını itirib. Belə bir vəziyyətdə əlavə olaraq həbs cəzası almaq ədalətin tam bərpası sayıla bilərmi? Mən düşünürəm ki, bəzən qanunla ədalət eyni məna daşımır. Elə insanlar var ki, on il həbs cəzası alırlar, amma islah olmurlar. Elələri də var ki, törətdikləri əmələ görə dərhal peşman olur, vicdan əzabı çəkir və daxilən dəyişirlər. Belə bir insana uzunmüddətli cəza vermək həmişə ədalətli hesab oluna bilərmi? Axı cəzanın məqsədi insanı fiziki və ya mənəvi əzab çəkməyə məcbur etmək deyil. Cəzanın məqsədi törədilmiş əmələ hüquqi qiymət vermək, cəmiyyətdə ədalət hissini bərpa etmək və şəxsin islah olunmasına nail olmaqdır. Ona görə də düşünürəm ki, ədalət anlayışı qanunun mətnindən daha geniş məfhumdur. Onu hər zaman yalnız hüquq normaları ilə ölçmək mümkün olmur. Bu, çox mürəkkəb və dərin bir anlayışdır.
- Azərbaycan vəkillik institutunun son illərdə keçdiyi inkişaf yolu diqqətçəkən dəyişikliklərlə yadda qalıb. Vəkillər Kollegiyasının üzvü kimi bu prosesləri necə qiymətləndirirsiniz? Sizcə, bu gün vəkilliyin cəmiyyətdəki mövqeyi və nüfuzu hansı səviyyədədir?
- Mən vəkillik fəaliyyətinə başlamazdan əvvəl bu instituta baxışım indiki qədər müsbət deyildi. Həmin dövrdə vəkilliyin həm cəmiyyətdəki mövqeyi, həm də peşə kimi cəlbediciliyi indiki səviyyədə deyildi. Vəkillərin sayı indikindən dəfələrlə az idi və onların böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Gənclərin bu sahəyə marağı olduqca az idi. Açığı, həmin illərdə vəkillik mənim üçün də çox perspektivli və cəlbedici görünmürdü. Lakin sonrakı illərdə, xüsusilə 2018-ci ildən sonra Vəkillər Kollegiyasında ciddi və mühüm dəyişikliklər baş verdi. Anar Bağırovun sədr seçilməsindən sonra həyata keçirilən islahatlar nəticəsində vəkillik institutunun inkişafında yeni mərhələ başladı. Bu dəyişikliklər həm vəkilliyin təşkilati baxımdan güclənməsinə, həm də cəmiyyətdə bu peşəyə münasibətin dəyişməsinə səbəb oldu. Bu gün vəkillik artıq nüfuzlu və prestijli hüquq peşələrindən birinə çevrilib. Gənclərin bu sahəyə marağı əhəmiyyətli dərəcədə artıb, vəkillərin sayı 3000-i ötüb. Ən önəmlisi isə odur ki, cəmiyyətdə vəkillərə olan etimad yüksəlib və güclü, peşəkar və nüfuzlu vəkillik institutu formalaşıb. Mən bir hadisəni də xatırlayıram. Təxminən 2000-ci ildə müstəntiq kimi çalışdığım dövrdə ezamiyyətdə olarkən rayonun polis rəisi və prokuroru məni nahara dəvət etmişdilər. Həmin vaxt onlar rayon hakimini zarafatla qınayırdılar ki, "hakim gedib vəkillə nahar edir". Bu, həmin dövrdə vəkilliyə olan münasibətin müəyyən göstəricisi idi. Amma bu gün mənzərə tamamilə fərqlidir.. Vəkillər hüquq sistemində öz layiqli yerini tutub və bu dəyişikliklər vəkillik institutunun keçdiyi inkişaf yolunun ən bariz göstəricilərindən biridir.
- Şaiq müəllim, bilirik ki, siz təmənnasız hüquqi yardım göstərən vəkillərdənsiniz. Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən pulsuz hüquqi yardım aksiyalarında fəal iştirak etməklə yanaşı, fərdi qaydada da ehtiyacı olan insanlara dəstək göstərirsiniz. Bu, yəqin ki, sizin özünüz üçün müəyyən etdiyiniz mənəvi bir öhdəlikdir.
- Bildiyiniz kimi, Vəkillər Kollegiyasının siyasəti ondan ibarətdir ki, aztəminatlı ailələrə davamlı hüquqi yardım göstərilsin. Respublikanın bütün vəkil büroları bu prosesdə iştirak edir. Rayonlarda səyyar qəbul keçiririk, Bakıda mütəmadi hüquqi yardım aksiyaları təşkil edirik. Xüsusilə şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı vətəndaşlar bizim daim diqqət mərkəzimizdədir. Biz bunu özümüzə borc hesab edirik. Fərdi qaydada da ehtiyacı olan insanlara kömək edirik. Amma səmimi deyim ki, bunun statistikasını heç vaxt aparmamışıq. Heç vaxt saymamışıq ki, neçə nəfərə hüquqi yardım göstərmişik, neçə nəfərə maddi dəstək olmuşuq. Mən hesab edirəm ki, belə işlərin statistikası tutulmamalıdır. Çünki məqsəd rəqəm toplamaq və ya sonradan hesabat vermək deyil. Məqsəd insanlara kömək etməkdir.

- Siz uzun illər ərzində müxtəlif kollektivlərə rəhbərlik etmisiniz və idarəçilik təcrübəsi qazanmısınız. Rəhbər üçün ən çətin məsələlərdən biri peşəkar tələbkarlıqla insan münasibətləri arasında düzgün tarazlıq yaratmaqdır. Siz bu balansı necə qoruyursunuz?
- Açığını deyim ki, bu məsələdə mənim də həyat və idarəçilik təcrübəmdən formalaşan müəyyən nəticələrim olub. Mən uşaqlıqdan insanlarla tez ünsiyyət quran, asanlıqla münasibət yaradan bir insan olmuşam. İş həyatımda da əməkdaşlarla daha səmimi, dost münasibətləri qurmağa çalışmışam. Lakin zaman keçdikcə gördüm ki, bu yanaşmanın müsbət tərəfləri ilə yanaşı, müəyyən riskləri də var. Bəzən həddindən artıq yaxın münasibətlər rəhbər və əməkdaş arasındakı peşəkar məsafənin qorunmasına mane ola bilər. Hətta bəzi hallarda insanlar bu səmimiyyətdən düzgün istifadə etməyə də bilərlər. Düşünürəm ki, yaxşı rəhbər ilk növbədə balansı qorumağı bacarmalıdır. Rəhbər lazım gəldikdə tənqid etməyi, tələbkar olmağı və obyektiv qərarlar qəbul etməyi bacarmalıdır. Çünki idarəçilik yalnız yaxşı münasibətlər qurmaq deyil, eyni zamanda kollektivin inkişafı və işin nəticəsi üçün məsuliyyət daşımaqdır. Zərurət yarandıqda çətin qərarlar vermək də rəhbərin vəzifələrindən biridir. Amma bununla yanaşı, rəhbər insan amilini heç vaxt unutmamalıdır. Əməkdaşın ailə vəziyyətini, yaşadığı çətinlikləri, sevincini və problemlərini anlamaq, ona insan kimi yanaşmaq da vacibdir. Mən hesab edirəm ki, ədalətli rəhbərlik məhz bu iki prinsipin - tələbkarlığın və humanist yanaşmanın düzgün birləşməsi üzərində qurulur.
- Hər bir insanın həyat yolunda ona istiqamət verən, düşüncələrinə və xarakterinin formalaşmasına təsir edən örnək aldığı şəxslər olur. Sizin həyatınızda və peşəkar fəaliyyətinizdə nümunə hesab etdiyiniz insanlar kimlərdir? Hansı xüsusiyyətlər onları sizin üçün xüsusi edir?
- Mən hesab edirəm ki, insan üçün nümunə anlayışı ilk növbədə şəxsin sahib olduğu keyfiyyətlərlə bağlıdır. Nümunə olmaq yalnız müəyyən mövqe və ya statusla ölçülmür. Xeyirxahlıq, səbir, intizam, məsuliyyət, dürüstlük və insanlara münasibətdə səmimiyyət - bütün bunlar insanı örnək edən əsas xüsusiyyətlərdir. Peşəkar və rəhbərlik fəaliyyəti baxımından mənim üçün örnək insanlardan biri Anar Bağırovdur. Səmimi deyirəm ki, onun Vəkillər Kollegiyasına rəhbərliyi dövründə vəkillik institutunun inkişafı, nüfuzunun artması və müasir tələblərə uyğun formalaşması istiqamətində böyük işlər görülüb. Mən onu həm peşəkar, həm də idarəçilik baxımından nümunəvi rəhbər hesab edirəm.
Ailə dəyərləri baxımından isə mənim üçün ən böyük örnək, şübhəsiz ki, atam və anamdır. Onlar bizim üçün çox böyük zəhmət çəkiblər, yaxşı təhsil almağımız, düzgün tərbiyə olunmağımız və həyatda öz yolumuzu tapmağımız üçün əllərindən gələni ediblər. Uşaqlıq illərimdən yaddaşımda qalan bir hadisə var. Yeddi yaşım olanda rayonda velosiped sürərkən ayağımdan ciddi xəsarət almışdım və həkimlər ayağımın tam sağalacağına müəyyən şübhə ilə yanaşırdılar. Həmin vaxt anam üç ay ərzində hər gün məni belində məktəbə aparıb-gətirdi. Bu hadisə mənim üçün valideyn sevgisinin, fədakarlığının və ailə dəyərlərinin ən böyük nümunəsidir. Bu gün əldə etdiyim hər bir uğurda onların zəhməti, dəstəyi və verdikləri tərbiyənin böyük payı var. Mənim üçün ən böyük örnək məhz valideynlərimdir.
- Bu gün özünüzü borclu hesab etdiyiniz insanlar varmı?
- Bəli, əlbəttə ki, var. Mənim üzərimdə haqqı olan insanlar var. Ən böyük haqq sahibi, təbii ki, valideynlərimdir. Onların haqqı əvəzolunmazdır və bu borcu qaytarmaq mümkün deyil. Bununla yanaşı, həyatımda üzərimdə böyük haqqı olan başqa insanlar da var. Mən onlara mənəvi borclu olduğumu hiss edirəm və Allahdan arzum budur ki, ömrümün sonunadək onların mənə etdikləri yaxşılıqların, heç olmasa, bir hissəsini qaytara bilim. Onların adlarını çəkməyim, yəqin ki, düzgün olmaz. Amma davranışları, hərəkətləri və mənə göstərdikləri münasibətlə həyatımda xüsusi yeri olan bir neçə insan var. Mən onlara borcluyam. Onların üzərimdə həm zəhməti, həm mənəvi dəstəyi, hətta maddi dəstəyi olub. Bəziləri yaşca məndən böyükdür. Belə insanlar çox deyil, azdır. Amma adlarını çəksəm, düşünürəm ki, özləri də bundan narahat olarlar. Lakin həm mən, həm onlar, həm də ailəm bilir ki, həyatımda və cəmiyyət içində üzərimdə böyük haqqı olan insanlar var. Onlara hər zaman minnətdaram.
- Deyirlər ki, əsl müəllim insanın həyatında yalnız bilik verən deyil, həm də onun düşüncə tərzini formalaşdıran şəxsdir. Sizin həyat yolunuza və şəxsiyyət kimi formalaşmağınıza təsir edən müəllimləriniz olubmu?
- Əlbəttə, var. Mən həm orta məktəbdə, həm də Bakı Dövlət Universitetində mənə dərs deyən müəllimlərimi böyük hörmət və minnətdarlıqla xatırlayıram. Onların hər birinin bizim formalaşmağımızda, dünyagörüşümüzün inkişafında böyük rolu olub. Xüsusilə Bakı Dövlət Universitetində bizə dərs deyən müəllimlərimiz arasında bu gün də həyatımızda xüsusi yeri olan insanlar var. Onlardan biri hazırda Bakı Kommersiya Məhkəməsinin sədri olan İlham Əhmədovdur. Biz onu bu gün də yalnız keçmiş müəllimimiz kimi deyil, daim məsləhət aldığımız, yol göstərən bir insan kimi qəbul edirik. Maraqlıdır ki, təkcə mən deyil, tələbə yoldaşlarım da hər hansı çətinlik, mühüm qərar və ya həyat məsələsi ilə qarşılaşanda onun fikrini öyrənməyə çalışırlar. Çünki o, hər zaman bizə düzgün istiqamət verib, heç vaxt yanlış məsləhət verməyib. Müəllimlik yalnız dərs keçməklə bitmir. Əsl müəllim illər keçdikdən sonra da tələbəsinin həyatında qalmağı bacaran insandır. İlham müəllim də məhz belə insanlardandır. Allah-Təala ona və eləcə də üzərimizdə haqqı olan bütün müəllimlərimizə sağlamlıq, uzun ömür və xeyirli həyat nəsib etsin.
- Maraqlıdır, peşəkar fəaliyyətinizdən kənarda - ailə üzvlərinizin, dostlarınızın tanıdığı Şaiq Mirzəyev necə insandır? Sizi yaxınlarınız hansı xüsusiyyətlərinizlə xarakterizə edərdi?
- Düşünürəm ki, yaxınlarım məni ilk növbədə ailəcanlı, insanlarla münasibətdə səmimi və həyatda gözəllik axtaran biri kimi tanıyırlar. Mən həyatın kiçik detallarından zövq almağı, yaxşı münasibətləri qorumağı və insanlarla səmimi ünsiyyət qurmağı sevirəm. Dostluğa dəyər verən, yaşamaq həvəsi olan, hər zaman pozitiv olmağa çalışan bir insanam. Eyni zamanda, romantik tərəfim də var. Məncə, insanın peşəsi və cəmiyyətdəki mövqeyi nə qədər ciddi olsa da, daxilindəki insani duyğuları qoruyub saxlamaq çox vacibdir.
- İş qrafikinizin çox gərgin olduğunu görürük. Məhkəmə prosesləri, görüşlər, telefon zəngləri demək olar ki, gün boyu davam edir. Bəs işdən kənarda özünüzə vaxt ayıra bilirsinizmi? Asudə vaxtınızı necə keçirirsiniz?
- Uşaqlıqdan idmana xüsusi marağım olub. Təxminən 13 yaşımdan karate ilə məşğul olmağa başlamışam və bu idman növünə olan sevgim bu gün də davam edir. Hazırda imkan olduqca məşq edirəm. Bu, mənə həm fiziki formada qalmağa, həm də daxili rahatlıq tapmağa kömək edir. Düşünürəm ki, insan nə qədər gərgin iş rejimində olsa da, özünə vaxt ayırmağı bacarmalıdır. Ailə, dostlar, sağlam həyat tərzi və sevdiyin məşğuliyyətlər insanın enerjisini bərpa edən əsas amillərdəndir.
- Gərgin iş rejimi ailə həyatına necə təsir edir? Ailə üzvləriniz sizin iş qrafikinizdən narazı olmurlar ki?
- Təbii ki, hər bir ailə istəyər ki, ailə başçısı evdə daha çox vaxt keçirsin. Bu, tam normal istəkdir. Amma mənim şəxsi düşüncəm bir qədər fərqlidir. Hesab edirəm ki, ailə başçısının əsas vəzifəsi ailəsinin rifahını və ehtiyaclarını təmin etməkdir. Bunun üçün kişi işləməlidir. Boş vaxtını isə ailəsinə həsr etməlidir. Hətta düşünürəm ki, kişi ömrünün sonuna qədər işləməlidir. Bu o demək deyil ki, hər gün səkkiz-doqquz saat işləməlidir. Amma insan həyatının sonuna qədər faydalı olmalı, hansısa işlə məşğul olmalıdır. Bir saat da olsa, yarım saat da olsa, çalışmalıdır. Mənə görə işləmək təkcə maddi qazanc deyil. İşləmək insanı həyata bağlayan, onu aktiv saxlayan və cəmiyyət üçün faydalı edən amillərdən biridir. Buna görə də hesab edirəm ki, insan, xüsusilə də ailə başçısı, ömrünün sonunadək fəaliyyət göstərməyə çalışmalıdır.
- Siz atanızı örnək götürüb hüquq sahəsinə üz tutmusuz, bəs övladlarınız necə? Onlar hansı sahədədirlər?
- Hər ikisi hüquqşünasdır. Biri artıq hüquq təhsilini başa vurub, digəri isə təhsilini davam etdirir.
- Vəkil olmaq istəyirlərmi?
- Hələlik bu barədə qəti qərar verməyiblər.
- Onların hüquq sahəsini seçməsində sizin təsiriniz olub?
- Düşünürəm ki, həm mənim, həm də atamın təsiri olub. Amma maraqlıdır ki, məktəb illərində onların maraqları tamamilə başqa sahələrə idi. Qızım dizaynla maraqlanırdı, oğlum isə informasiya texnologiyalarına böyük həvəs göstərirdi. Hətta hər ikisini məktəbdənkənar kurslara da özüm aparıb-gətirirdim. Sonradan qərarlarını dəyişdilər. Qızım 11-ci sinifdə, oğlum isə 10-cu sinifdə hüquqşünas olmaq istədiyinə qərar verdi. Açığı, buna sevindim. Düşündüm ki, ailəmizdə formalaşmış hüquq ənənəsini davam etdirəcəklər. Amma seçim yenə də onların özünündür. Mənim vəzifəm onlara bu peşəni sevdirməkdir.
- Gənc hüquqşünaslara və yeni vəkillərə ən vacib tövsiyəniz nə olardı?
- İlk növbədə hər bir işə böyük məsuliyyətlə yanaşmağı tövsiyə edərdim. Hər işi bir insan taleyi kimi qəbul etsinlər və həmin məsuliyyəti hiss etsinlər. Vəkillik peşəsi saat 09:00-dan 18:00-dək davam edən adi iş deyil. Bu, 24 saat davam edən həyat tərzidir. Vəkilin düşüncəsi, davranışı, danışığı, geyimi, oturuşu-duruşu - hər şey bu peşəyə uyğun olmalıdır. Əgər bu peşəni ürəklə yaşamırsansa, gördüyün işdə də keyfiyyət və uğur olmayacaq. Əlbəttə, belə həyat tərzi insanın şəxsi vaxtına və sağlamlığına da təsir edə bilər. Amma vəkillik romantik peşə deyil. Kənardan filmlərdə göründüyü kimi bahalı avtomobillər, dəbdəbəli həyat təsəvvürü ilə bu peşəyə gəlmək düzgün deyil. Vəkillik çox ağır, məsuliyyətli və şərəfli bir missiyadır. Bu peşəni seçən hər kəs əvvəlcə özünə sual verməlidir: "Mən insan taleyi ilə işləməyə hazırammı?"
- Şaiq müəllim, siz həm hüquqi fəaliyyətiniz, həm də ictimai mövqeyinizlə seçilirsiniz. Müxtəlif sosial və xeyriyyə təşəbbüslərində iştirak etdiyiniz də məlumdur. Bu istiqamətdə fəaliyyətinizə necə yanaşırsınız?
- Bəli, müxtəlif ictimai təşəbbüslərdə və sosial layihələrdə iştirak edirəm. Amma mən bu mövzuda geniş danışmağı çox doğru hesab etmirəm. Çünki insanın etdiyi yaxşılıqları daim dilə gətirməsi mənim düşüncəmə görə, həmin əməlin mahiyyətini müəyyən qədər dəyişə bilər. Hesab edirəm ki, ehtiyacı olan insana kömək etmək, cəmiyyətə fayda vermək hər bir insanın mənəvi borclarından biridir. Belə məsələlər daha çox insanın vicdanı, inancı və daxili dəyərləri ilə bağlıdır. Ona görə də bu barədə danışmaqdansa, imkan daxilində əməl etməyə üstünlük verirəm. Düşünürəm ki, bəzi məsələlər insanla Allah arasında qalmalıdır. Əsas olan görülən işin təbliği deyil, həmin işin kiməsə real fayda verməsidir.

- Söhbətimizin sonunda qarşıdakı illərlə bağlı planlarınız barədə danışmağınızı istərdik. Yeni mərhələdə qarşınıza qoyduğunuz əsas məqsədlər və həyata keçirmək istədiyiniz arzular hansılardır?
- İlk növbədə Allaha şükür edirəm ki, müstəqil və güclü dövlətimiz var. Şükür edirəm ki, Azərbaycanın İlham Əliyev kimi dövlət başçısı var. Bu gün dövlətimizin, torpaqlarımızın və milli maraqlarımızın qorunması hər birimiz üçün böyük dəyər daşıyır. Biz ağır və mürəkkəb bir problemi gələcək nəsillərin üzərinə yük olaraq qoymadıq. Dünyada baş verən proseslərə, müxtəlif ölkələrdə yaşanan münaqişələrə baxanda bunun nə qədər böyük nailiyyət olduğunu daha yaxşı anlayırıq.
Allaha şükür edirəm ki, sevdiyim və həyatımı həsr etdiyim bir peşəyə sahibəm. Hüquqşünas və vəkil olmaq mənim üçün sadəcə fəaliyyət sahəsi deyil, həm də böyük məsuliyyət və qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam və bu ölkədə vəkil kimi xidmət edirəm.
Gələcək planlarıma gəldikdə isə, əsas məqsədlərimdən biri gənc hüquqşünasların və gənc vəkillərin peşəkar formalaşmasına mümkün qədər dəstək olmaqdır. Hesab edirəm ki, hər bir təcrübəli hüquqşünasın üzərinə düşən vəzifələrdən biri də öz bilik və təcrübəsini gənc nəslə ötürməkdir. Hazırda Vəkillərin İxtisas Komissiyasının üzvüyəm və bu istiqamətdə fəaliyyətimi də məsuliyyətlə davam etdirmək niyyətindəyəm.
Bununla yanaşı, həyatın ən vacib dəyərlərindən biri olan ailəmə daha çox vaxt ayırmaq, övladlarımın xoş günlərini görmək, valideynlərimə daha çox qayğı göstərmək və imkanım daxilində insanlara faydalı olmaq istəyirəm. Mənim üçün gələcək illərin əsas məqsədi həm peşəkar fəaliyyətimdə fayda vermək, həm də insan kimi üzərimə düşən mənəvi məsuliyyətləri layiqincə yerinə yetirməkdir.
- Şaiq müəllim, səmimi və maraqlı söhbət üçün sizə təşəkkür edirik. Sizi qarşıdan gələn 50 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, peşə fəaliyyətinizdə uğurlar və qarşıdakı illərdə yeni-yeni nailiyyətlər arzulayırıq...
- Mən də sizə təşəkkür edirəm. Xoş arzular üçün minnətdaram. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun!