Deputat cinayət prosesində qiyabi icraatın həyata keçirilməsinin məqsədini açıqladı


  • 11 Dekabr 2023 10:46

Deputat, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov cinayət təqibi üzrə qiyabi icraatla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliyə aydınlıq gətirib.

E-huquq.az-ın məlumatına görə, o, qiyabi icraatın Azərbaycan qanunvericiliyi üçün yeni təcrübə olmadığını deyib.

"Qiyabi icraat - məhkəmə qərarı ilə təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin bütün instansiya məhkəmələrində aparılan icraatdır. Mülki prosessual qanunvericilikdə qiyabi icraat ehtiva edən 16 maddədən ibarət bütöv bir fəsil mövcuddur. Mövcud Cinayət-Prosessual Məcəlləsində isə sadəcə cəmi 3 maddədə işə qiyabi baxılmasının mümkünlüyü ifadə olunur və möhtərəm Prezidentin qanunvericilik təşəbbüsü ilə Məcəlləyə əlavə olunması təklif edilən LIV-II fəsil problemi kökündən həll edir", - deyə deputat qeyd edib.

B.Məhərrəmov cinayət prosesində qiyabi icraata institutuna müraciət olunmasının konseptual məqsədinə belə aydınlıq gətirib: "Ümumiyyətlə bilirsiniz ki, Cinayət mühakimə icraatının əsas vəzifələri, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək və təqsirsiz şəxslərə bəraət verməkdir.

Bildiyiniz kimi bir sıra hallarda təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının ərazisindən kənarda ya istintaqdan və ya məhkəmədən gizlənir, yaxud da çağırışa gəlməkdən qəsdən boyun qaçırır ki, bu da cəzasızlıq mühitinə rəvac verir.

Məsələn, müharibə dövründə törədilmiş sülh və insanlıq, habelə digər xarakterli cinayətlər üzrə milli qanunvericilik çərçivəsində aparılmış cinayət təqibi gedişində axtarışa verilmiş təqsirləndirilən şəxslərlə bağlı İNTERPOL öz nizamnaməsini əsas götürərək təqsirləndirilən şəxslərin axtarışlarından və qırmızı bülletenə salınmasından imtina etmişdir. Bu hal isə qeyd etdiyimiz kimi, faktiki olaraq cinayətkarların sərbəst hərəkət etmək, məsuliyyətdən kənarda qalmaq imkanlarını genişləndirmişdir. Amma belə şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə, hüquqi dildə desək ya restitusiya formasında - hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpası və ya reparasiya formasında - belə fəaliyyətin nəticəsində dəyən zərərin pul və ya kompensasiya şəklində ödənilməsi ilə həyata keçirilməsinə yönələ bilər.

Bu baxımdan Azərbaycan Respublikasına qarşı təcavüz və digər cinayətlərin törədilməsini ən azı milli məhkəmə sistemi çərçivəsində tanımaq, bunu rəsmiləşdirmək, məhkəmə baxışlarını açıq həyata keçirmək, beynəlxalq ictimaiyyəti prosesləri izləməyə dəvət etmək, bununla da dəymiş maddi, mənəvi ziyanı yekun məhkəmə qərarlarında müəyyən etmək məqsədilə “qiyabi cinayət icraatı” institutunun yaradılmasına ehtiyac var.

Bu gün təklif edilən dəyişikliklə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həyat və sağlamlıq əleyhinə olan cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, mülkiyyət əleyhinə olan cinayətlər, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər, idarəetmə qaydası əleyhinə olan cinayətlərdən ibarət 75 maddə, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə digər maddələri ilə ittiham olunan və Azərbaycan ərazisindən kənarda olan təqsirləndirilən şəxsin cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxslər istisna olmaqla barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər".

Deputat deyib ki, qiyabi icraat proseduru çox sadədir: "Ölkədən kənarda olan təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqana çağırılır və barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə onu məlumatlandırır, ona öz seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq istəsə, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir. Çağırış nəticə vermədikdə, həmin şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də ekstradisiyası üçün tədbirlər görülür. Bu tədbirlər nəticə vermədikdə, təqsirsizlik prezumpsiyasına riayət etməklə, şəxsin ünvanı istisna olmaqla çağırış məlumatları ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc edilir və bununla da həmin şəxs məlumatlandırılmış hesab olunur".

B.Məhərrəmov qeyd edib ki, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.

"Məhkəməyədək icraat zamanı qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Məhkəmənin hazırlıq iclası və ya məhkəmə baxışı zamanı, bütün instansiya məhkəmələrində cinayət təqibi üzrə qiyabi icraatın açılması məhkəmənin öz təşəbbüsü ilə və ya ittiham tərəfinin vəsatəti əsasında işə baxan məhkəmənin özünün qərarı ilə həll edilir. Təqsirləndirilən şəxs könüllü gəldikdə və ya ekstradisiya olunduqda isə işin mərhələsindən asılı olaraq müstəntiq, prokuror yaxud hakimin qərarı ilə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilir. Təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilir, bu barədə protokol tərtib edilir. Prosesin davamında qiyabi icraat zamanı aparılmış təqsirləndirilən şəxsə aid istintaq və digər prosessual hərəkətlər təkrar keçirilə, habelə əlavə istintaq və digər prosessual hərəkətlər aparıla, məhkəmə mərhələsində isə cinayət işinin baxılmasına xitam verilə və hazırlıq iclasının keçirilə mərhələsinə qaytarıla bilər. Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə isə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir", - o bildirib.

Məcəlləyə nəzərdə tutulan dəyişikliklərin digər istiqamətinə gəlincə isə deputat deyib ki, bu, prosessual sənədlərin rəsmi qaydada verilməsini ehtiva edir: "Bildiyiniz kimi, Mülki Prosessual Məcəllədə bu prosedurlarla bağlı ayrıca fəsillər mövcuddur. Cinayət-Prosessual Məcəlləsinin ayrı-ayrı maddələrində cinayət prosesini həyata keçirən orqana çağırış qaydalarını nəzərdə tutan normalar olsa da, Məcəllədə prosessual sənədlərin rəsmi qaydada verilməsini nəzərdə tutan ayrıca maddə və ya fəsil nəzərdə tutulmayıb. Baxmayaraq ki, bu beynəlxalq hüquqi baxımdan səmərəli yanaşma sayılmır. Avropa insan hüquqları Məhkəməsinin bir sıra qərarlarında, habelə, Avropa Şurası Nazirlər Komitəsinin “Təqsirləndirilən şəxsin iştirakı olmadan aparılan məhkəmə icraatını tənzimləyən meyarlar haqqında” 21 may 1975-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mühakimə olunmazdan əvvəl şəxsə ilk növbədə səmərəli şəkildə çağırış vərəqəsi təqdim edilməlidir. Layihə ilə Cinayət-Prosessual Məcəlləsi eyni məzmunlu IV-I fəsil əlavə edilir və Prosessual sənədlərin çatdırılması, Çağırış vərəqəsi, Qəbzin məzmunu, Prosessual sənədləri qəbul etməkdən imtina etmə kimi nüanslar məcəlləyə daxil edilir ki, bu da həm də qeyd edilən beynəlxlaq standartın təmin olunması deməkdir".

B.Məhərrəmov qeyd edib ki, qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikası Konstitusiyasının tələbləri və Cinayət-Prosessual Məcəllənin əsas prinsipləri rəhbər tutularaq Almaniya, Fransa, Çexiya, Estoniya, Litva, Ukrayna cinayət prosessual qanunvericlilik təcrübəsindən istifadə edilib.

Oxşar xəbərlər