- 20:47
Martın 5-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən e-huquq.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başlatdığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.
Telefon danışığı zamanı İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.