Səkkiz ABŞ dənizçisi intihara cəhd edib


  • 16:30

ABŞ-nin "USS Abraham Lincoln" təyyarə daşıyan gəmisində xidmət edən 8 hərbçi uzunmüddətli missiya zamanı intihara cəhd edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi Dəniz Qüvvələri katibinin müavini Hung Caonun Demokrat senator Kirsten Gillibranda göndərdiyi 4 səhifəlik məktubunda yer alıb.

Məlumata görə, hərbçilərin ailələri gəminin Yaxın Şərqdə uzunmüddətli xidmət müddətində şəxsi heyətin psixi sağlamlığı və yaşayış şəraiti ilə bağlı narahatlıqlarını bildiriblər.

ABŞ Hərbi Dəniz Qüvvələri gəmidə təchizat və texniki problemlərin olduğunu təsdiqləsə də, psixi sağlamlıq böhranının mövcudluğunu rədd edib. Bildirilib ki, heyətin psixoloji və mənəvi ehtiyaclarının qarşılanması üçün gəmidə hərbi din xadimləri və psixi sağlamlıq mütəxəssisləri fəaliyyət göstərib.

Təxminən 5 min nəfərlik heyətə malik "USS Abraham Lincoln"un missiyası dəfələrlə uzadılıb. Gəmi doqquz aylıq xidmət müddətini başa vurduqdan sonra ABŞ-yə qayıdıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında dərc olunan və 956 dənizçini əhatə edən araşdırmada ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərində xidmət edən hərbçilərdə yüksək səviyyədə psixoloji gərginlik müşahidə edildiyi bildirilib. Araşdırmada ağır iş qrafiki, yuxu çatışmazlığı, səs-küy və yaşayış şəraiti əsas stress amilləri kimi göstərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər