Avropa İttifaqı kənar raketlərdən asılılığı azaltmaq üçün fəaliyyət planı hazırlayır


  • 17:00

Avropa daşıyıcı raket böhranını geridə qoysa da, artan peyk tələbatı fonunda kosmos sahəsində yeni bir çatışmazlıq riski ilə üz-üzə qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus bəyan edib.

Komissarın sözlərinə görə, qarşıdakı onillikdə qlobal miqyasda təxminən 50 min peykin orbitə cıxarılması gözlənilsə də, mövcud buraxılış imkanları bu böyük tələbatı ödəyə bilmir.

Kubilyus vurğulayıb ki, Avropa İttifaqının "Galileo" peyk naviqasiya sistemi, "Copernicus" Yer müşahidə proqramı və "IRIS²" təhlükəsiz peyk rabitəsi şəbəkəsi kimi mühüm layihələrinin reallaşdırılması üçün 2034-cü ilə qədər 62 raket buraxılışına ehtiyacı var. O, Avropanın kosmik proqramlarının, müdafiə və təhlükəsizliyinin birbaşa bu imkanlardan asılı olduğunu qeyd edərək, yaranmış boşluğun təcili aradan qaldırılmasının vacibliyini bildirib.

Aİ-nin kosmosa müstəqil çıxışının təmin edilməsini əsas hədəf kimi göstərən komissar, Avropanın kənar daşıyıcı raketlərdən asılı vəziyyətdə qalmamalı olduğunu vurğulayıb.

Andryus Kubilyus istehsal və sınaq imkanlarını artırmaq məqsədilə Avropa üzrə raket buraxılış qurğularına baş çəkəcəyini və gələn il kosmosa çıxış üzrə xüsusi fəaliyyət planı təqdim etməyi planlaşdırdığını diqqətə çatdırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər