- 17:34
Cənubi Koreyalı alimlər insanın yaşını torlu qişanın görüntüləri əsasında orta hesabla 2,5-2,7 illik xəta ilə müəyyən edən süni intellekt modeli hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Seul Milli Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış model insanın xronoloji yaşı ilə göz görüntülərindən hesablanan yaş arasındakı fərqi müəyyən edir. Alimlər bu göstəricinin bioloji qocalma prosesinin qiymətləndirilməsində istifadə oluna biləcəyini bildirirlər.
Modelin hazırlanması üçün 7 535 nəfərin 29 530 torlu qişa görüntüsündən, sınaq mərhələsində isə 7 416 şəxsin 14 832 görüntüsündən istifadə olunub.
Araşdırmada torlu qişanın yaşı ilə bağlı fərqin bəzi sağlamlıq və həyat tərzi amilləri ilə əlaqəli olduğu müəyyənləşdirilib. Belə ki, şəkərli diabet 2,52, makula degenerasiyası 0,60, katarakta isə 1,86 illik yaş fərqi ilə əlaqələndirilib. Hazırda siqaret çəkənlərdə bu göstərici 0,50, keçmiş siqaret çəkənlərdə isə 0,46 il olub.
Tədqiqatçılar vurğulayıblar ki, bu nəticələr xəstəliklərlə "retinal yaş fərqi" arasında səbəb-nəticə əlaqəsini sübut etmir. Xüsusilə katarakta zamanı göz büllurunun bulanıqlığının görüntünün keyfiyyətinə təsir göstərə biləcəyi qeyd olunur.
Şəbnəm Mehdizadə