Xroniki stress ürəkdə struktur dəyişikliklərinə səbəb ola bilər


  • 17:34

Davamlı stress nəticəsində yaranan xroniki iltihabın ürəkdə struktur dəyişikliklərinə səbəb ola və infarktla insult riskini artıra biləcəyi müəyyən edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "European Journal of Preventive Cardiology" jurnalında dərc olunan araşdırmada məlumat verilib.

London İmperial Kollecinin alimləri Böyük Britaniyanın məlumat bazasından 488 081 şəxsin tibbi, genetik və həyat tərzi göstəricilərini, həmçinin sosial və ətraf mühit amillərini təhlil ediblər. Araşdırmaya görə, orqanizmdə xroniki iltihabın yüksək olması daha kiçik ürək kameraları, qalınlaşmış ürək divarları və hər döyüntüdə vurulan qanın azalması ilə əlaqəlidir. Bu dəyişikliklərin ürək çatışmazlığından əvvəl meydana çıxa biləcəyi bildirilib.

İltihab səviyyəsi ən yüksək olan iştirakçılarda infarkt və ya insult kimi ciddi ürək-damar hadisələrinin baş vermə ehtimalı ən aşağı göstəricilərə malik şəxslərlə müqayisədə 43 faiz daha yüksək olub. Tədqiqatçılar həmçinin yüksək iltihab səviyyəsi ilə sosial-iqtisadi çətinliklər və psixoloji gərginlik arasında əlaqə müəyyən ediblər. Bununla belə, alimlər bu nəticələrin stresslə iltihab arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayıblar.

Mütəxəssislərin fikrincə, siqaret, piylənmə və fiziki hərəkətsizlik kimi risk faktorlarının azaldılması, həmçinin sağlam qidalanma və müntəzəm fiziki aktivlik ürək-damar xəstəlikləri riskinin aşağı salınmasına kömək edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər