Qərbi Azərbaycana qayıdış və işğal dövrü: Hüquqi aspektlər


  • 9 Dekabr 2023 16:51

Azərbaycan Nürnberq tribunalı təcrübəsindən istifadə etməlidir

Azərbaycan xalqı ötən iki əsrdə Ermənistan tərəfindən məruz qaldığı silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkmişdir.

E-huquq.az xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü Polad Mehdiyevin AzərTAC Dövlət İnformasiya Agentliyi tərəfindən yayımlanan məqaləsində işıq üzü görüb. Həmin məqaləni təqdim edirik:

Ermənistan dövlətinin azərbaycanlılara qarşı törədiyi əməllərin araşıdırılması və buna hüquqi qiymət verilməsi iki istiqamət üzrə aparılmalıdır.

Birinci istiqamət, Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilmiş azərbaycanlıların hüquqları;

İkinci istiqamət, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləri.

Üç mərhələdə həyata keçirilən deportasiya

Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyası ötən əsrin əvvəllərindən başlayaraq üç mərhələdə həyata keçirilmişdir.

Birinci mərhələ 1905–1920-ci illər;

İkinci mərhələ 1948–1953-ci illər;

Üçüncü mərhələ 1987–1991-ci illər.

Azərbaycanlıların deportasiyası zamanı yüz minlərlə azərbaycanlı (sadəcə sonuncu deportasiya mərhələsində 250 mindən artıq) əhali qanuni yerləşdiyi yerlərdən qovulmuş, azərbaycanlılar yaşamaq hüquqlarından, azadlıq hüquqlarından, mülkiyyət hüquqlarından məhrum edilmişdirlər.

Minlərlə insan qətlə yetirilmiş və minlərlə yaşayış evləri dağıdılmışdır.Ötən dövr ərzində ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş (bu barədə SSRİ Nazirlər Kabinetinin və Ermənistan SSRİ-nin çoxlu sayda sərəncamları mövcuddur) , azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilmişdir. Manuk Vardanyanın publik etirafına görə ölkədəki bütün türk mənşəlli sözlərin dəyişdirilməsi üçün onlara 2007-ci ilin sonuna qədər vaxt lazım olub.

“Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Ulu Öndər Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci il tarixli fərman imzalanmışdır. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyasının yekununda Azərbaycan Respublikası Prezidentinin fərmanı kimi yayımlandı.

Fərmanda əsasən "son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilikdir

Bu proses bölgəni etnik cəhətdən yekcins (homogen) etmək, indiki Ermənistan ərazisini "təmizlənmək" məqsədi ilə azərbaycanlıların yaşadığı yerlərdən sistematik şəkildə, zorakılıqla məcburi çıxarılması prosesidir. Yəni etnik təmizləmədir.

Etnik təmizləmə müəyyən bir ərazinin homogen etnik tərkibinin yaradılması cəhdi kimi tövsif edilir.

Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir.

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında 21 dekabr 1965-ci il tarixli Konvensiyanın 1-ci maddəsinə əsasən irqi ayrı-seçkilik dedikdə məqsədi yaxud nəticəsi insanın hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, istifadə olunmasını yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irq, dərinin rəngi, nəsil, milli yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirmə, istis-na, məhdudiyyət yaxud üstün tutulma başa düşülür.

Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilikdir, onların məhz azərbaycanlı olmaları idi. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.

Azərbaycanlılara qarşı törədilmiş qeyd edilən deportasiya, irqi-ayrıseçkilik və.s cinayətlərə dair hələdə Beynəlxalq Ədalət Məhkəməsində - Haaqada hüquqi qiymət verilməyib.

Bununla əlaqədar olaraq hesab edirəm ki, Azərbaycan Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın tətbiqi ilə bağlı iş üzrə iddia qaldırmalıdır.

Zorla çıxarılmış azərbaycanlıların Ermənistanda vətəndaşlıq hüquqları bərpa olunmalıdır

Digər tərəfdən, 1991-ci ilədək Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşamış azərbaycanlılar Ermənistan SSR-nin vətəndaşı olublar. Onların bu günədək həmin vətəndaşlıqdan məhrum edilməsi və ya vətəndaşlıqdan imtina etmələri barədə hər hansı hüquqi əsas mövcud deyil. Əgər vətəndaş yaşadığı ölkədən öz iradəsinin ziddinə olaraq, işgəncə, ölüm və digər zorakılıq hərəkətləri nəticəsində zorla çıxarılıbsa, bu, onun həmin ölkə vətəndaşlığından məhrum edilməsi üçün əsas verə bilməz.

Ermənistan SSR-nin həmin dövürdə qüvvədə olan 1978-ci il Konstitusiyasının 31-ci maddəsinə əsasən “vahid SSRİ vətəndaşlığı barədə qaydalara uyğun olaraq hər bir Ermənistan vətəndaşı həm də SSRİ vətəndaşıdır”. “SSRİ vətəndaşlığı” haqqında qanunun 7-ci maddəsinə görə isə vətəndaşlığı itirilməsi yalnız məhkəmə qərarı ilə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən həyata keçirilə bilər. Ermənistan SSR-dən zorla çıxarılmış yerli azərbaycanlıların həmin ölkədəki vətəndaşlıq hüquqlarının itirilməsi barədə heç bir məhkəmə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı mövcud deyil.

Ermənistan müstəqilliyi haqqında 21 sentyabr 1991-ci il tarixli bəyannaməyə əsasən Ermənistan Respublikası özünü Ermənistan SSR-nin siyasi və hüquqi varisi elan etmişdir. Bununla da sələfinin bütün beynəlxalq və ölkə daxili bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Bu isə o deməkdir ki, Ermənistan SSR zamanında öz vətəndaşları olan qərbi azərbaycanlılara qarşı trörədilmiş bütün cinayətlərə görə, eyni zamanda onların geri qayıdış hüquqlarının təmin olunmasında indiki Ermənistan Respublikası birbaşa həm siyasi, həm də hüquqi məsuliyyət daşıyır.

Qeyd edilən hüquqi əsaslara əsasən hesab edirəm ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlıq hüquqları bərpa olunmalıdır.

Beynəlxalq konvensiyalar azərbaycanılıların Ermənistana qayıdışı barədə nə deyir?

İndiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi eyni zamanda onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.

Qərbi azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüquqları vardır.

Belə ki, beynəlxalq insan hüquqları standartlarını formalaşdıran, insanların bərabər hüquqlara malik olması fikrinə əsaslanan, BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci il tarixində qəbul edilən ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən "Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Ümumdünya İnsan Hüquqları Bəyannaməsi universal beynəlxalq hüquqi aktdır, Bəyannamədə nəzərdə tutulmuş bir sıra hüquqlardan irəli gələn öhdəliklər "erga omnes" xarakterlidir, yəni beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır.

Nəzərə alaq ki, “Ermənistanın müstəqilliyi” haqqında 21 sentyabr 1991-ci il tarixli Bəyannaməyə əsasən, Ermənistan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur, belə olan halda onlar həm dövlətdaxili hüquqa, həm də beynəlxalq hüquqa əsasən Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, eyni zamanda azərbaycanlıların öz doğma torpaqları olan indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə borcludur.

Bundan başqa “Mülki və siyasi hüquqlar” haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən “Hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz”.

“Mülki və siyasi hüquqlar” haqqında Beynəlxalq Pakt hüquqi statusuna görə beynəlxalq müqavilədir və tərəflərin üzərinə məcburi öhdəliklər qoyur. Paktı ratifikasiya etmiş dövlətlər beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən biri olan "pacta sunt servanda" prinsipinə uyğun olaraq Pakt üzrə öhdəliklərə əməl etməyə borcludurlar. Nəzərə alaq ki, Ermənistan Paktın iştirakçısıdır, belə olan halda Paktın 12-ci maddəsinin tələblərinə görə azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış hüququnu təmin etməyə borcludur.

Hər iki beynəlxalq sənəddə əksini tapmış "öz ölkəsi" termini milli mənsubiyyət kimi başa düşülməməlidir və o nəzərdə tutulmur, dövlətə mənsub olma, onunla siyasi-hüquqi bağlılıq, qarşılıqlı hüquq və vəzifələrin olması və həmin ölkənin ərazisində uzunmüddətli yaşayış amilləri nəzərdə tutulur.

Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı görülən hüquqi tədbirlər

Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalov Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən ictimai dinləmədə bu yöndə açılan cinayət işlərinə toxunub. Bildirib ki, 30 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Baş prokuroru cənab Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etməvə ya məcburi köçürmə), 109 (təqib), 120.2.4(xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Həqiqətən də, qeyd olunan faktlarla beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan soyqrım, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, adam öldürmə cinayətlərinin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə cinayət işi başlanaraq istintaq aparılması yerində atılmış bir addımdır.

Qayıdış konspesiyasında hansı məsələlər prioritet qaydada qoyulub?

Onu da qeyd etmək lazımdır ki, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətdə Qərbi Azərbaycan İcması tərəfindən müstəsna əhəmiyyət kəsb edən işlər görülməkdədir.

İcma tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Sənədin əsas məqamları aşağıdakılardır:

- İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır;

- Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

- Qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

- Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

- Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır;

- Qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

- Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

- Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir;

- İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.

Məlum olduğu kimi Bakıda və digər Azərbaycan şəhərlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə on minlərlə erməni əhali yaşamaqdadır. Ermənistan və bəzi qərb dövlətləri son anti-terror tədbirləri nəticəsində bölgədən köç etmiş ermənilərin müəyyən şərtlər daxilində Azərbaycana qayıtmalarını və bu məsələnin Azərbaycanla Ermənistan azrasında bağlanacaq sülh müqaviləsində öz həllini tapmasını istəyirlər. Buna uyğun olaraq Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları məsələsi şərt kimi irəli sürülə və bağlanacaq sülh müqaviləsi ilə öz həllini tapa bilər.

Nürnberq tribunalının təcrübəsindən istifadə etmək lazımdır

Digər bir məsələ işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləridir.

Ermənistan dövləti və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən I Qarabağ müharibəsi dövründən son anti-terror tədbirlərinə qədər olan dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırım), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir.

Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, cinayəti törədən həm Ermənistan dövlətidir həm də ayrı-ayrı şəxslərdir. Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır.

Sülh əleyhinə cinayətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə dair Nürnberq tribunalının təcrübəsi mövcuddur. O təcrübədən istifadə etmək lazımdır.

Azərbaycan tərəfindən həbs edilmiş Arayik Harutunyan, Ruben Vrdanyan, Arkadi Kukasyan, Bako Saakyan və.s şəxslər Ermənistan dövləti tərəfindən törədilmiş cinayətin iştirakçılarıdırlar.

Onların rəhbərlik etdiyi separatçı rejim mütəşəkkil cinayətkar qrupun sabit cinayətkar birliyidir (cinayətkar təşkilat).

Separatçılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı istiqamətləri üzrə cinayətlər törədilmişdirlər:

1. Sülh və insanlıq əleyhinə cinayətlər

2. Müharibə cinayətləri

3. Şəxsiyyət əleyhinə olan cinayətlər

4. Mülkiyyət əleyhinə olan cinayətlər

5. İçtimai təhlükəsizlik əleyhinə olan cinayətlər

6. Dövlətin konstitusiya qurluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər

Ermənistan tərəfindən törədilən cinayət əməllərinin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi fəal iştirak edən və ya bu barədə əmr verən şəxslər kimi cinayətinə görə məsuliyyət daşıyırlar.

Oxşar xəbərlər