Həbsdə olan 2 vəkil azadlığa buraxıldı


  • 18:55

Həbsdə olan Tovuz Vəkil Bürosunun sədri Rəşad Abdullayev və vəkili Süleyman Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Sadir Ağakişiyev məlumat verib.

Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə hökmdən verilən şikayətlər təmin olunub və yekun qərar qəbul edilib.

Qərara əsasən, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunub. CM-nin 297-ci və 320.1-ci maddələri üzrə cəza təyin olunmayıb.

R. Abdullayevə 3 il, S.Əliyevə isə 2 il 6 ay, azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Hər iki şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, onlara qarşı CM-nin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmuşdu.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə R.Abdullayev 3 il 7 ay, S.Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxşar xəbərlər