Çindən Yaponiyaya xəbərdarlıq: "Tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq"


  • 13:40

Çinin xarici işlər naziri Van İ Yaponiyanın İkinci Dünya Müharibəsi dövründəki təcavüzkar siyasətindən dərs çıxarmalı və müharibədən sonrakı beynəlxalq nizamı şübhə altına almamalı olduğunu bildirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Van İ Pekində səfərdə olan Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) sədri Takeşi İvaya ilə görüşüb.

Görüş zamanı çinli nazir bu il İkinci Dünya Müharibəsindən sonra yapon hərbi cinayətkarlarının mühakimə olunduğu Tokio Prosesinin 80-ci ildönümünün qeyd edildiyini xatırladıb.

"Əgər Yaponiya tarixdən dərs çıxarmasa, müharibədən sonrakı "Sülh Konstitusiyası"na qarşı çıxsa, keçmişdəki təcavüzkar siyasətini bərpa etməyə və hərbi cinayətkarları yenidən dirçəltməyə cəhd göstərsə, nəinki gələcəyə doğru irəliləyə bilməyəcək, hətta dünyanın üzünə baxa bilməyəcək. Onun heç bir gələcəyi olmayacaq”, deyə Van İ bildirib.

Çinli nazir Yaponiyanın qarşısında duran əsas vəzifələrdən birinin tarixi məsələlərdə düzgün mövqe tutmaq və Çinlə bağlı rasional və obyektiv yanaşmanı qorumaq olduğunu deyib. Van İ-nin açıqlamaları Pekin və Tokio arasında Tayvan məsələsi ətrafında artan diplomatik gərginlik fonunda səslənib.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi 7 noyabr 2025-ci ildə parlamentdə çıxışı zamanı Tayvan boğazında baş verə biləcək hərbi müdaxiləni Yaponiyanın mövcudluğuna təhlükə yaradan vəziyyət kimi qiymətləndirə biləcəyini və belə halda hərbi qüvvədən istifadə ehtimalını gündəmə gətirib. Bu açıqlama Tayvanı öz ərazisinin bir hissəsi hesab edən Çinin sərt etirazına səbəb olub. Takaiçi sonradan açıqlamalarının hipotetik xarakter daşıdığını bildirsə də, mövqeyindən geri çəkilməyib. Rəsmi Pekin isə bununla bağlı Tokioya diplomatik etirazını çatdırıb.

Bundan sonra iki ölkə arasında gərginlik artıb. Qarşıdurma fonunda səyahət xəbərdarlıqları, uçuşların ləğvi, mədəni tədbirlərlə bağlı məhdudiyyətlər, idxal məsələləri və digər siyasi fikir ayrılıqları gündəmə gəlib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər