ABŞ-nin Kanada məhsullarına tətbiq etdiyi idxal qadağası qüvvəyə minib


  • 13:50

ABŞ-nin Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq etdiyi qadağa qüvvəyə minib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar iki ölkə arasında yüksək gömrük rüsumları ilə başlayan və aylardır davam edən ticarət gərginliyinin sonuncu addımlarından biridir. Ağ Evin qərarına əsasən, qadağa Kanada mənşəli spirtli içkilər, şəkər qamışı şirəsi siropu (melasa), motosikletlər, həmçinin zərdab və onun törəmələri də daxil olmaqla müəyyən süd məhsullarına şamil edilir. Yeni məhdudiyyətlər uzun müddətdir davam edən tariflər və qeyri-müəyyənlik səbəbindən çətinliklərlə üzləşən ayrı-ayrı sektorlara əlavə təzyiq yaradır. Bununla belə, ekspertlər qadağanın ABŞ iqtisadiyyatına ciddi təsir göstərəcək miqyasda olmadığını bildirirlər. Beynəlxalq ticarət hüquqşünası Barri Appltonun sözlərinə görə, bu addım uzunmüddətli gərginlikdən sonra Kanadanın mövqeyini sınamaq məqsədi daşıya bilər.

Kanada ötən il ABŞ-yə təxminən 1,2 milyard dollar dəyərində spirtli içki ixrac edib. ABŞ bu ayın əvvəlində mövcud tarif rejimini dəyişdirərək Kanada ilə ticarət gərginliyini daha da genişləndirib. Müxtəlif pendir növləri tam qadağan edilmək əvəzinə, 50 faizlik tarif tətbiq olunan məhsullar siyahısına daxil edilib. Kağız, alüminium, taxta-şalban, mebel və işıqlandırma məhsulları da həmin siyahıya əlavə olunub. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, məhdudiyyətlərin məqsədlərindən biri ABŞ-nin tarif siyasətinə qarşı cavab tədbirləri görməyi nəzərdən keçirən digər ölkələrə mesaj verməkdir. ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi jurnalistlərə açıqlamasında Kanada ilə yeni ticarət sazişinin hələ də mümkün olduğunu deyib.

Tramp Kanadanın gömrük rüsumlarının ləğvi ilə bağlı təklif irəli sürəcəyini və nəticədə "ədalətli razılaşma" əldə ediləcəyini bildirib.

ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir isə yeni ticarət sazişinin bağlanması üçün Vaşinqtonun tələsmədiyini və mövcud vəziyyətdən razı olduğunu qeyd edib.

Kanadanın Hökumətlərarası Əlaqələr Naziri Dominik Leblan da Qririn mövqeyinə münasibət bildirərək Kanadanın razılaşmaya hazır olduğunu, lakin danışıqlar üçün ABŞ-dən zəng gözləmədiyini deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər