DTX-nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi-praktiki konfransı keçirildi - FOTO


  • 8 May 21:18

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər və müasir çağırışlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə DTX-nin rəhbər əməkdaşları, Azərbaycan Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbər şəxləri və professor-müəllim heyətləri iştirak ediblər.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov giriş nitqi çıxış edərək DTX-nin rəisi general-polkovnik cənab Əli Nağıyevin adından qonaqları salamlayıb və konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

General-mayor E.Nəsirov belə bir mötəbər tədbirin məhz Ulu Öndərin adını daşıyan Akademiyanın təşkilatçılığı ilə keçirilməsini təkcə təhlükəsizlik orqanlarında çalışan əməkdaşlar üçün deyil, bütövlükdə milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər bir şəxs üçün xüsusi rəmzi və ideoloji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik və multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd edən natiq Ümummilli Liderin dövlət təhlükəsizliyi siyasətinin müxtəlif aspektlərini əhatə edən bu konfransın milli təhlükəsizlik siyasətinin elmi əsaslarla araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

E.Nəsirov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, konstitusion quruluşunun və ərazi bütövlüyünün qorunmasına xidmət edən təhlükəsizlik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik sənəd olub. Bu Konstitusiya Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və hüquqi dövlət anlayışının əsasını təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir. Onun əsasını qoyduğu təhlükəsizlik siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni siyasi müstəvidə uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi kimi tarixə düşmüşdür. Bu tarixi Zəfərlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının otuz ilə yaxın kağız üzərində qalmış qətnamələri hərbi, diplomatik yollarla reallığa çevrildi. Bu müharibə və 2023-cü ilin sentyabrında həyata keşirilən lokal xarakterli antiterror əməliyyatı həm də informasiya manipulyasiyası, hibrid müharibə, kiber təhdidlər kimi yeni tipli təhlükələrlə mübarizədə Azərbaycanın təhlükəsizlik sisteminin çevik və müasir yanaşmalara əsaslandığını bir daha sübut etdi. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin şanlı peşəkarlıq məktəbini böyük qürur və fəxarət hissi ilə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi, müstəqilliyimizin əbədiliyi, Ulu Öndərin irsinin dərindən öyrənilməsi, dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəsilə çalışacaq, Vətənə sədaqətlə xidmət edəcək göstərilən yüksək etimadı öz xidməti ilə doğruldacaq.

Ardınca konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafı” mövzusunda məruzə ilə çıxış etmişdir. Müstəqilliymiz bərpa olunan zaman demokratik quruluşu və qanununun alililiyini özünün başlıca məqsədi elan edən respublikamızın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması ilə yanaşı müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edildiyini bildirmişdir. Z.Əsgərov qeyd etmişdir ki, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunmasının milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda “Qlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Bütün dünyada informasiya texnologiyalarının geniş tətbiq olunmasının bir çox məsələlərə yenidən baxmağı tələb etdiyini bildirən natiq ölkəmizdə də bununla bağlı çox mühüm işlər həyata keçirildiyini, həm dövlət səviyyəsində, həm özəl sektorda, həm də insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunduğunu qeyd etmişdir. Akademik R.Əliquliyev vurğulamışdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başlamışdır. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Heydər Əliyevin dövlət təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti haqqında ətraflı bəhs edərək bu orqanların milliləşdirilməsinin məhz dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd etmişdir.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyasında daxili işlər orqanlarının rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti”, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, general-mayor Arif Həsənov “Heydər Əliyevin hərb siyasəti” mövzularında məruzələrlə çıxış etmişlər.

Konfrans işini Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşmışdır.

Oxşar xəbərlər