- 18:07
"Hamımız bilirik ki, real həyatda müxtəlif qərəzlər və stereotiplər mövcuddur. Bu qərəzlər məlumatların toplanması və formalaşdırılması prosesində də öz əksini tapa bilər. Əgər süni intellekt sistemləri belə qərəzli məlumatlar əsasında öyrədilərsə, nəticədə onların qəbul etdiyi qərarlar da qərəzli ola bilər".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Rəşad Xalıqov Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.
“Bu isə ayrı-ayrı şəxslərə və ya sosial qruplara münasibətdə ədalətsiz nəticələrin yaranmasına, bərabər imkanlar prinsipinin pozulmasına və insan hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Məhz buna görə də biz hesab edirik ki, süni intellektin hüquqi və etik aspektləri texnologiyanın inkişafına sonradan əlavə edilən tamamlayıcı elementlər kimi deyil, sistemin yaradılmasının ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir”, - deyə o qeyd edib.
R.Xalıqov bildirib ki, süni intellekt sistemlərinin layihələndirilməsinin ilk mərhələsindən etibarən şəffaflıq, hesabatlılıq, ayrı-seçkiliyin qarşısının alınması, insan hüquqlarının qorunması və etik prinsiplərə uyğunluq məsələləri diqqət mərkəzində saxlanılmalıdır:
"Bu prinsiplər texnologiyanın sonrakı mərhələlərində deyil, məhz onun dizaynı və inkişafı prosesinin təməl elementləri kimi qəbul edilməlidir. Çünki etibarlı, ədalətli və insan yönümlü süni intellekt sistemlərinin qurulması yalnız bu yanaşma əsasında mümkündür”.