- 27 Noyabr 16:01
Əmtəə nişanlarının mühafizəsi məsələsini şərh etməzdən öncə mühafizə elementinin dairəsinin müəyyən edilməsi vacib faktordur.
Hüquqi məfhum kimi əmtəə nişanının leqal anlayışı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci maddəsində ifadə olunmuşdur: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və sadalanan məfhumların hər hansı uzlaşması qeydə alına bilər.
Əmtəə nişanının milli qanunvericilikdə təsbit olunmuş anlayışından da göründüyü kimi qrafik təsvir olunma əmtəə nişanının əsas ünsürüdür. Zamanla bəzi yurisdiksiyalar mal və ya xidmətlərin mənbəyini müəyyən etmək üçün digər elementlərdən istifadə etmişlər. Yurisdiksiyadan asılı olaraq, bu elementlərə ticarət geyimi (məhsulun dizaynı, qablaşdırılması və ya konfiqurasiyası kimi), rəng, holoqram, qoxu, səs, dad və hərəkətli təsvirlər (rəng, səs və məhsul dizaynının aspektlərini birləşdirən) daxil ola bilər. Bunlara qeyri-ənənəvi nişanlar (non-traditional marks) deyilir.
Qeyri-ənənəvi nişanların mühafizəsi hansı formada həyata keçirilir?
1994-cü il Böyük Britaniya Ticarət Nişanları Aktı və 2009-cu il EUTM Qaydalarına əsasən, ticarət nişanının qeydiyyata alına bilməsi üçün o, qrafik şəkildə təqdim edilməli idi. Baxmayaraq ki, bu, vizual olaraq görünməyən nişanların avtomatik olaraq mühafizədən kənarda qalması demək deyildi, lakin bu, qeyri-ənənəvi ticarət nişanı üçün çox vaxt problem yaradırdı.
Bundan əlavə, hətta qrafik təsvir maneəsini aşmaq mümkün olsa belə, qeyri-ənənəvi nişanlar çox vaxt fərqliliyin olmaması səbəbindən qorunmaqdan imtina edilirdi. Qeyri-ənənəvi nişanlar arasında dad və qoxu kimi işarələrin qeydə alınması ona görə çətindir ki, bu cür işarələr mal və ya xidmətin mənbəyini göstərə bilmir, bu cür nişanları orta istehlakçı üçün “aydın” və “asanlıqla əlçatan” formada təqdim etmək çətin idi. Əksər hallarda, istehlakçı əmtəə nişanın fərqləndiri elementlərinə görə məhsulu seçdikdən sonra onun qoxu, dad kimi spesifik elemetləri ilə tanış olur.
Bu məsələ Ümumdünya Ticarət Təşkilatının Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Əlaqədar Aspektləri üzrə Sazişində əmtəə nişanının hüquqi tərifinin "bir müəssisənin mal və ya xidmətlərini digərlərindən fərqləndirə bilən... hər hansı bir işarəni" əhatə edəcək şəkildə genişləndirilməsi nəticəsində öz həllini tapmışdır.
Bundan sonra, rəng, səs, multimedia, hərəkətli qeyri-ənənəvi əmtəə nişanları 2016-cı ildən etibarən Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə təqdim edilmiş və qeydiyyata alınmışdır.
Səs işarəsi bir şəxsin və ya təşkilatın mal və xidmətlərini müəyyən etmək üçün istifadə edilən fərqli səsdir. Bu, bir melodiya və ya hətta mühərrikin səsi ola bilər. Bununla belə, qeydiyyata alına bilmək üçün səs brend adı və loqotip kimi unikal və yaddaqalan olmalıdır. Dünya təcrübəsinə baxsaq, Kanada Əqli Mülkiyyət İdarəsi hazırda səs əmtəə nişanlarının qeydiyyatına icazə versə də, bu, həmişə belə olmayıb. Belə ki, dünyada qeydə alınan ilk qeyri-ənənəvi nişan ABŞ Patent və Əmtəə Nişanı Ofisinin 4 Aprel 1950-ci ildə səs işarəsi kimi qeydə aldığı “Metro Goldwin Mayer” şirkətinin istifadə etdiyi şirin kükrəməsi səsidir. Məhz, bu nişan 1990-cı illərdən etibarən Fransa, Kanada və digər ölkələrdə səsli ticarət nişanları üçün yol açmağa başladı. Belə ki, səsin əmtəə nişanı kimi qeydiyyata alınması üçün tətbiqin səs markasının qeydiyyatı üçün olduğu barədə bəyanat, səsi qrafik olaraq ifadə edən rəsm, səsin təsviri və xüsusi formatlarda təqdim ediləcək səsin elektron qeydinin təqdim edilməsi kimi tələblər bu sahədə vahid təcrübəni formalaşdırmışdır. Bu inkişaf 2012-ci ildə “Intel Corporation” səsi və "Toys‘R’Us” cingiltisi də daxil olmaqla bir neçə başqa səs ticarət nişanının qeydə alınamsı üçün təkan oldu.
Şəxsin qeydə alınmış əmtəə nişanına dair müstəsna hüququ pozulduğu təqdirdə milli və beynəlxalq səviyyədə hansı hüquq müdafiə vasitələri nəzərdə tutulmuşdur?
Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
Bəzi əmtəə nişanları var ki, onlar digər ölkələrdə qeydiyyata alınmadan mühafizə olunurlar. Belə ki, “Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Paris Konvensiyası”nın 6- quınquıes maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur.
“Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna əsasən əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər.
Əqli mülkiyyətin əsas obyektlərindən biri olan əmtəə nişanlarının əsas funksiyasının fərqləndiricilik olduğunu nəzərə alsaq, mövcud əmtəə nişanı ilə eyni, yaxud istehlakçını çaşdıracaq qədər oxşar əmtəə nişanının istifadəsi bazarda haqsız rəqabətin yaranmasına səbəb olur.
Əmtəə nişanına dair müstəsna hüququnun pozulduğunu iddia edən şəxs bu məsələni məhkəmə və ya inzibati qaydada həll edə bilər. Bu halda, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü üçün nişanlar arasında oxşarlığın müəyyən edilməsinin ən effektiv üsulu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə müstəsna mühafizə obyekti olan nişan və onunla eynilik (və ya oxşarlıq) təşkil edən nişanın müqayisəli ekspertizasının aparılmasıdır. Bundan sonra, hüquq pozuntusunun baş verdiyi yəqin edildikdən sonra, müstəsna hüquq sahibi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə bazarda haqsız rəqabətə səbəb olan nişanın istifadəsini aradan qaldıra və mühafizə olunan əmtəə nişanından qanunsuz istifadə edən şəxsin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsinə nail ola bilər.
Geniş tanınmış əmtəə nişanı ilə qeydiyyata alınmış əmtəə nişanı arasında oxşarlıq müəyyən edilən zaman hansına üstünlük verilməlidir?
Azərbaycan Respublikasında qeydiyyata alınan əmtəə nişanları, beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız qorunan əmtəə nişanları və Azərbaycan Respublikasında hüquqi cəhətdən mühafizə edilməyən, lakin intensiv istifadəsi nəticəsində istehlakçılar arasında tanınmış əmtəə nişanları (işarələr) geniş tanınmış əmtəə nişanları kimi tanına bilər. Geniş tanınmış əmtəə nişanının (Konvensiyada istifadə edilən “məşhurluq” anlayışı ilə səsləşir) əsas xüsusiyyətləri budur:
- Əmtəə nişanının müəyyən bir ölkədə bu maddəyə müvafiq olaraq geniş tanınması üçün onun sözügedən ölkədə dövlət qeydiyyatına alınması zəruri deyil. Yəni, əmtəə nişanı dövlət qeydiyyatına alınmadan da geniş tanına bilər;
- Əmtəə nişanının geniş tanınmış kimi qorunması üçün mütləq həmin ölkənin səlahiyyətli dövlət orqanının qərarı ilə geniş tanınmalıdır;
- Başqa bir əmtəə nişanı geniş tanınmış əmtəə nişanının təqlidi, təzələməsi yaxud tərcüməsi olduqda və bununla da müştərilər arasında çaşqınlıq yaratmaq potensialına malik olduqda, geniş tanınmış əmtəə nişanının sahibi həmin nişanın qeydiyyata alınmasına və ya qanunsuz istifadəsinə mane ola bilər, əgər artıq qeydə alınıbsa, onun qeydiyyatının ləğv olunmasını tələb edə bilər.
Qeyd edilənlər onu deməyə əsas verir ki, bir nişanın geniş tanınmış olması üçün onun dövlət qeydiyyatına alınması mütləq deyil. Eyni zamanda, geniş tanınmış əmtəə nişanına müstəsna hüququ olan şəxs həmin nişana oxşar olan və hətta, qeydiyyata alınan digər nişanın qeydiyyatının ləğv edilməsinə nail ola bilər.
Bununla bağlı ölkəmizdə məhkəmə presedeni də mövcuddur. Belə ki, "Arzum" və "Felix" adlı əmtəə nişanları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə müraciət edilərək dövlət qeydiyyatına alınmışdır. Sonradan, bir Türkiyə şirkəti həmin nişanların məhz onların fəaliyyəti nəticəsində məşhurluq qazandığını, məhz onların əqli mülkiyyəti olduğunu iddia etmiş və bu fakt sübut edildiyi üçün Azərbaycan Respublikasında qeydiyyata alınmış həmin nişanların qeydiyyatı ləğv edilmişdir (geniş tanınmışlıq amilinə görə).
Beləliklə, əqli mülkiyyət obyekti olan əmtəə nişanının dövlət qeydiyyatına alınması və ondan istifadə zamanı mövcud milli və beynəlxalq qanunvericiliyin tələblərinə və formalaşmış praktikaya riayət etmək zəruruidir. Əks halda, bu uzun sürən məhkəmə mübahisələrinə və bazar subyektinin işgüzar nüfuzuna xələl gətirə bilər.
Hicrət Hüseynzadə
“Mirzayev and Partners Law Firm” hüquq şirkətinin hüquqşünası
Əlaqə vasitəsi: hicret.huseynzade@gmail.com / 051-252-78-55