Axtarışa məruz qalmısınızsa, nə etməlisiniz?


  • 25 Yanvar 09:15

Təəssüf ki, istənilən hüquqi və fiziki şəxs ,hətta tamamilə qanuna tabe olan şəxs olsa da, axtarışla üzləşə bilər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının evinizə, ofisinizə axtarışa gəlməsi həm əməliyyat-axtarış fəaliyyəti çərçivəsində (hələ cinayət işi başlanmadan), həm də mövcud cinayət işinin istintaqı ilə bağlı ola bilər.

Bəs evinizin, yaşayış yerinizin, ofisinizin axtarışına məruz qalırsınızsa nə etməlisiniz?

1. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını binaya buraxmazdan əvvəl onların rəsmi şəxsiyyətini yoxlayın və axtarış keçirilməsi ilə bağlı məhkəmə qərarı ilə tanış olun.

2. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına əsassız müqavimət göstərməyin: onlara hücum olarsa, asayiş keşikçiləri güc və xüsusi vasitələrdən istifadə edə bilərlər. Sakit olun və tələblərə əməl edin.

3. Mülkiyyətə zərər verməmək üçün kilidləri və qapıları könüllü olaraq açmaq tövsiyə olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları, məsələn, yerində seyfi aça bilməsələr belə, onu həmişə mütəxəssisə açdıra bilərlər.

Diqqətli olun ki, hüquq-mühafizə orqanlarının əməkdaşları otaqlarda dolaşmasınlar və ya otaqda tək qalmasınlar: əşyaların atılması riski həmişə var.

4. Hüquq-mühafizə orqanlarının əməkdaşları kompüter avadanlığını ələ götürmək istəyirlərsə, onda olan məlumatların surətini çıxarmaq üçün ərizə yazın. Surətçıxarma prosesi mütəxəssis tərəfindən aparılmalıdır. Bununla belə, unutmayın ki, bəzi hallarda müstəntiqlər belə tələbi təmin etməkdən imtina edəcəklər (məsələn, əgər onlar surəti çıxarılan məlumatın cinayət törətmək üçün istifadə oluna biləcəyinə inanırlarsa).

5. Əşyaları, xüsusilə qiymətli əşyaları götürərkən protokolda həmin əşyaların fərdi xüsusiyyətlərinin (çəkisi, ölçüsü, miqdarı, sayı və s.) təsvir edilməsini tələb edin.

6. Axtarış keçirilməsinə dair protokolun,aktın surətini tələb edin. Axtarış zamanı pozuntulara yol verildiyini hesab edirsinizsə, bu pozuntuları protokolun sonunda qeyd edin.

7. Axtarış qərarı imzalamış müstəntiqin iştirakı olmadan aparıldıqda, axtarışı aparan vəzifəli şəxsin adının axtarış qərarının özündə göstərilib-göstərilmədiyi və ya onun tərəfindən axtarışın aparılması haqqında qərarın olub-olmaması yoxlanılmalıdır. Unutmayın ki, axtarışın aparılması haqqında qərar bu istintaq hərəkətini həyata keçirmək səlahiyyəti olmayan heç bir şəxsə axtarış aparmaq hüququ vermir.

Ən vacib məsləhət ondan ibarətdir ki, imkan daxilində öz vəkilinizi axtarışa dəvət edin. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışa gəlişləri barədə heç vaxt xəbərdarlıq etmədikləri üçün bunu necə etmək olar? Bunun üçün müstəntiqdən axtarışa hazırlaşmaq üçün sizə 20-30 dəqiqə vaxt verməsini xahiş edə bilərsiniz. Bu vaxt vəkilə zəng etmək üçün istifadə edilməlidir (buna görə də vəkilin telefon nömrəsi həmişə telefonunuzun əlaqə siyahısında olmalıdır). Əgər müstəntiq sizə vaxt verməkdən imtina edirsə, hər halda vəkil çağırın. Əksər hallarda müstəntiqlər vəkilin axtarışda iştirakına icazə verirlər.

Axtarış zamanı vəkil hüquqlarınıza ciddi riayət olunmasını təmin edəcək. Axtarılan şəxsin maraqları vəkil tərəfindən müdafiə olunarsa, hüquq-mühafizə orqanlarının əməkdaşları psixoloji təzyiq, fiziki zorakılıq və digər qeyri-qanuni üsullardan istifadə etməkdən çəkinəcəklər. Bundan əlavə, əgər axtarış zamanı hər hansı pozuntuya yol verilərsə, vəkil bu pozuntuları axtarış protokolunda göstərəcək. Axtarış başa çatdıqdan sonra vəkil həm axtarıış qərarının özündən -həmin qərarın qanuniliyi və əsaslılığı ilə bağlı, həm də axtarışın gedişi ilə bağlı şikayət verə bilər və yol verilmiş pozuntular axtarış protokolunun yolverilməz sübut kimi sübutlar siyahısından çıxarılmasına, habelə götürülmüş əşyaların və səndlərin qaytarılmasına əsas ola bilər.

Axtarış zamanı götürülmüş əşyalar və sənədlər bir çox hallarda ekspertiza edilmədən və maddi sübutlar siyahısına daxil edilməsi haqqında qərar çıxarılmadan işdə uzun müddət saxlanılır. Belə hallarda vəkilin verdiyi şikayət nəticəsində həmin əşyalar və sənədlər sahibinə qaytarıla bilər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova

Oxşar xəbərlər