Şaiq Mirzəyev: "Oxşar işlər üzrə fərqli qərarlar vəkillərdə hüquqi çaşqınlıq yaradır"


  • 2 İyul 14:40

"Bakı Apellyasiya Məhkəməsi oxşar işlər üzrə bir-birinə zidd qərarlar qəbul edir. Bu isə biz vəkilləri çətin vəziyyətdə qoyur. Çünki hansı hüquqi təcrübəyə əsaslanmalı olduğumuzu bilmirik".

Bu fikirləri e-huquq.az-a açıqlamasında vəkil Şaiq Mirzəyev bildirib.

O, mövqeyini iki konkret nümunə əsasında izah edib.

"Bir müddət öncə tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov icarə müqaviləsi əsasında idarə etdiyi obyektdən qanunsuz olaraq çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Həmin mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılırdı. Ələkbər Həbibov, həmçinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ona icarəyə verilən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 ünvanında yerləşən icarə obyektində (“Haven” kimi tanınan restoran) ona qarşı yaradılacaq məhdudiyyətlərin, həmçinin adı çəkilən obyektin özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdi. Məhkəmə ərizəni təmin etmişdi. Həmin qərardaddan verilən şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi. Bakı Apellyasiya məhkəməsinin hakimləri - Təranə Mahmudova, Elnur Həsənov və Ziya Şirinov həmin qərardadı ləğv etmişdi. Nəticədə obyektin fəaliyyətinə məhdudiyyət qoyuldu və beləliklə, Bakı Apellyasiya Məhkəməsi əslində işin mahiyyəti üzrə qərar vermiş oldu. Halbuki birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxış başa çatmayıb və bu cür müdaxilə yolverilməzdir. Qeyd edim ki, həmin məhkəmə iclasına hakim Təranə Mahmudova sədrlik etsə də, faktiki olaraq işi Elnur Həsənov aparmışdı. Bu qərar məni təəccübləndirmişdi. Çünki təcrübədə bu cür hallarda birinci instansiya məhkəməsinin qərardadları əsasən qüvvədə saxlanılır. Bakı Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılan işlə bağlı bu cür qərardad qəbul etməsi sahibkara ciddi zərbə vurdu. Çünki Bakı Apellyasiya Məhkəməsi işin taleyini həll etmiş oldu. Ələkbər Həbibov tam qanuni şəkildə fəaliyyət göstərirdi. Bu ədalətsiz və qanunsuz yanaşma sahibkarın və onunla birgə çalışan şəxslərin ciddi maddi itkilər yaşamasına səbəb oldu", - deyə vəkil qeyd edib.

Ş.Mirzəyev ikinci nümunə kimi bu yaxınlarda Bakı Apellyasiya Məhkəməsi tərəfindən "Alpin-Az" QSC-nin ərizəsi üzrə qəbul edilmiş qərardadı göstərib: "Belə ki, "Alpin-Az" MMC "Veles" QSC-yə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Eyni zamanda "Alpin-Az" MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Veles" QSC-nin bütün bank hesablarında olan pul vəsaitləri üzərinə və şirkətə məxsus əmlaklar üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdi. Məhkəmənin 08 may 2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, "Veles" QSC-yə məxsus əmlakların üzərinə həbs qoyulması qərara alındı. Həmin qərardaddan "Veles" QSC-nin nümayəndəsinin verdiyi şikayət məhkəmənin 15 may 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Şikayətə hakim Elnur Həsənovun sədrliyi ilə baxıldı və təmin edilmədi. Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıldı.

Buradan aydın görünür ki, müvəqqəti təminat tədbirləri ilə bağlı iki oxşar işdə, birində tərkib üzvü olan, digərində isə iclasa sədrlik edən hakim Elnur Həsənov bir-birinə zidd qərarlar qəbul edib. Birinci işdə Bakı Kommersiya Məhkəməsinin qərardadı ləğv edilib, digər işdə isə həmin məhkəmənin qərardadı qüvvədə saxlanılıb. İndi bir vəkil kimi mənə maraqlıdır: Biz analoji hallarda hansı qərarı məhkəmə təcrübəsi kimi qəbul etməliyik? Bakı Apellyasiya Məhkəməsinin hakimi bu fərqli yanaşmaları necə izah edəcək?"

Ş.Mirzəyevin sözlərinə görə, oxşar hüquqi məsələlər üzrə Bakı Apellyasiya Məhkəməsinin bəzi hakimləri tərəfindən müxtəlif və bir-birinə zidd qərarlar qəbul edilməsi hüquqi müəyyənlik prinsipinə zərbə vurur: "Bu, təkcə hüquqşünasları deyil, bütövlükdə ədalət mühakiməsinin şəffaflığına və vətəndaşların məhkəməyə olan inamına mənfi təsir göstərir. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, analoji hallarda eyni hüquqi mövqenin tətbiqi, hüquqi sabitlik və proqnozlaşdırıla bilmə baxımından həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, Ali Məhkəmənin rəhbərliyi və kollegiya sədrləri səviyyəsində praktikaya istiqamət verən ümumiləşdirilmiş yanaşmaların hazırlanması və bütün instansiya məhkəmələri üçün tövsiyə olunması zəruridir. Bu cür addımlar yalnız hüquqi sistemin effektivliyini artırmaz, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə olan inamını möhkəmləndirər".

Məsələ ilə bağlı vəkil Kəmalə Əmirxanovanın da fikirlərini öyrəndik. O saytımıza açıqlamasında bildirdi ki, müvəqqəti təminat tədbiri ilə bağlı müraciətlərə baxılarkən oxşar işlərdə ziddiyyətli qərarların qəbul edilməsinin qarşısını almaq məqsədilə vahid və konkret hüquqi qaydaların müəyyən edilməsi zəruridir: "Hazırda problem ondadır ki, müvəqqəti təminat tədbiri barədə verilən qərardadlardan kassasiya şikayəti vermək imkanı mövcud deyil. Bu isə o deməkdir ki, əgər apellyasiya məhkəməsi düzgün və ardıcıl hüquqi mövqe ortaya qoymayıbsa, həmin qanun pozuntusunu Ali Məhkəmə səviyyəsində aradan qaldırmaq mümkün olmur. Təcrübədə hər bir iş fərdi əsaslarla, onun spesifik halları nəzərə alınmaqla qiymətləndirilir. Lakin oxşar işlərdə eyni hüquqi mövqe və yanaşmanın tətbiqi zəruridir. Bu baxımdan, belə işlərə dair vahid praktikaya əsaslanan ümumiləşdirilmiş yanaşmanın formalaşdırılması vacibdir. Hesab edirəm ki, kollegiya sədrləri tərəfindən müvafiq qaydalar müəyyən edilməlidir. Vəkillərin belə hallarda əlacsız qalmaması üçün məhz bu yolla problemi həll etmək mümkündür".

Oxşar xəbərlər