- 2 İyul 15:58
Vəkil sayının ciddi artmasına baxmayaraq, vəkillər arasında rəqabətin mövcud olmadığını demək mümkün deyil. Vəkil sayının artması, digər tərəfdən baxıldığında, müvəkkilin peşəkar vəkili tapmasını da çətinləşdirir. Cari şəraitdə önəmli olan peşəkar vəkili tapmaqdan çox, özünü ön plana çıxara bilən vəkilin seçilməsidir. Bu səbəbdən vəkillərin “ən yaxşı”, “filan işlər üzrə mütəxəssis” və.s kimi ifadələrdən istifadə etməklə, xüsusilə onlayn platformalarda özlərini nümayiş etdirməyə çalışdıqları müşahidə olunur.
Vəkil seçimi üçün obyektiv meyarların müəyyənləşdirilməməsi düzgün müvəkkil-vəkil uyğunluğuna mane olur, nəticədə çox vaxt vəkil müraciət edilən mövzu üzrə kifayət qədər biliyə malik olmasa da, maddi səbəblərlə işi qəbul etmək məcburiyyətində qalır. Bu isə həm vəkil, həm də müvəkkil üçün sağlam nəticələr doğurmaq ehtimalını əsaslı şəkildə azaldır.
Hüquq geniş sərhədlərə malik sosial elmdir. Cəmiyyət inkişaf etdikcə hüquqi mübahisələrin də inkişafı qaçılmazdır. Bu, hüquq sahəsində yeni alt sahələrin yaranmasına və bu sahələr üzrə ixtisaslaşma tələb etməsinə səbəb olur.
Vəkillərə ixtisas sahələrini (mütəxəssis ünvanı) göstərmək imkanı verilməklə, dolayı olaraq reklam qadağasının pozulmasına yol verən davranışların da qarşısı alına bilər. Beləliklə, yanıldıcı şəxsi ifadələrin yerini obyektiv meyarlara əsasən verilən ixtisas adları (mütəxəssis ünvanı) alacaq və haqlı bir üstünlük əldə edilə biləcək.
Vəkilin etik qaydaları pozmadan özünü tanıtması və ixtisas sahələrini qeyd etməsi, yanıldıcı olmayan məlumatlandırmaya və müvəkkilin düzgün vəkil seçiminə xidmət edir. İxtisaslaşmaya icazə verilməsi, reklam qadağasının məqsədinə uyğun şəkildə qorunub saxlanılmasına da kömək edir.
Vəkilin kifayət qədər və uyğun peşə ixtisası yoxdursa, keyfiyyətli hüquqi yardımdan danışmaq olmaz. Bəzi hallarda vəkillər iş fəaliyyətində qarşılaşdıqları sahələrə uyğun şəkildə ixtisaslaşırlar. Ancaq bu ixtisaslaşma müəyyən meyarlara əsaslanmır, tamamilə təsadüfi olaraq iş gedişində formalaşır. Bu ünvanı vəkil özü-özünə təyin edir.
Hər hansı sahədə ixtisaslaşmış vəkili yalnız tanış insanlardan soruşaraq tapmağa çalışmaq isə hüquq sistemimizin ciddi boşluğudur. İxtisaslı vəkil sistemi, peşəsində ixtisaslaşmış vəkilə çıxışı asanlaşdırmaq imkanını təmin edir.
Vəkillər Kollegiyası tərəfində aparılan vəkillərin reyestrində vəkillərin “ixtisaslaşdığı sahələr” bölməsi yuxarıda qeyd etdiyimiz kimi, vəkilin özü tərəfindən təqdim edilən qeydiyyatdır. Fikrimcə, belə bir qeydiyyat vəkilin “fəaliyyət sahəsi” kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Çünki hazırda qanunvericilikdə vəkilə “ixtisas (mütəxəssis) sahəsi adının verilməsi” barədə prosedur qayda yoxdur.
Mütəxəssis adının verilməsi vəkilə də peşə səriştəsini artırdığı sahələrdə özünü “ixtisaslı” kimi təqdim etmək haqqı qazandırır.
Maraqlıdır ki, ixtisaslaşma modeli Türkiyə Respublikasında 18.04.2014-cü ildə Vəkillik haqqında qanun layihəsində nəzərdə tutulmuşdur. Amma bu qanun lahiyəsi hələ də təsdiq edilməmişdir.
Həmin Qanunun lahiyəsinin 75-ci bəndində göstərilir ki, “Türkiyə Vəkillər Kollegiyası müraciət əsasında cinayət hüququ, mülki hüquq, inzibati və vergi hüququ sahələrində “ixtisaslaşmış vəkil” (uzman avukat) ünvanından istifadə etmək səlahiyyəti verə bilər. İcra hüququ sahəsi üçün belə səlahiyyət nəzərdə tutulmur. İxtisas ünvanı almaq istəyən vəkilin ən azı on illik peşə stajına malik olması tələb olunur. İxtisaslaşmış vəkil ünvanından istifadə səlahiyyəti ilə bağlı əsaslar və prosedurlar Türkiyə Vəkillər Kollegiyası tərəfindən hazırlanacaq müvafiq Nizamnamə ilə tənzimlənir”.
Əslində Türkiyədə hazırlanan bu qanun lahiyəsi, Almanyada tətbiq edilən qanunun tələbi ilə eynilik təşkil edir. Almaniya Federal Vəkillik Qanunun 43/c maddəsində “ixtisaslaşmış vəkil” sistemi təsbit edilmişdir. Həmin normaya əsasən ailə hüququ, cinayət hüququ, sığorta hüququ, tibb hüququ, icarə və mənzil mülkiyyəti hüququ, miras hüququ, əqli mülkiyyət hüququ, informasiya texnologiyaları hüququ, bank və qiymətli kağızlar bazarı hüququ, beynəlxalq ticarət hüququ, idman hüququ və.s hüquq sahələri üzrə “ixtisaslaşmış vəkil” ünvanı verilə bilər.
Qanuna görə, vəkil xüsusi bilik və təcrübəsini təsdiqləyən sənədləri Vəkillər Kollegiyasının baxışına təqdim edir. Kollegiya hər ixtisas sahəsi üzrə ən azı üç vəkildən ibarət komitə yaradır. Bu komitələr vəkillərin müraciətlərini qiymətləndirmək öhdəliyini daşıyır. Komitələr Nizamnamədə nəzərdə tutulan sübutedici sənədləri hər bir ixtisas sahəsinin tələbləri çərçivəsində dəyərləndirirlər.
Bir vəkil eyni vaxtda ən çox üç sahə üzrə ixtisas (mütəxəssis) adından istifadə edə bilər. Vəkil müraciət etdiyi sahələrlə bağlı xüsusi bilik və təcrübəsini təsdiqləyən sənəd və məlumatları təqdim etməlidir. Təqdim olunacaq sənədlər Nizamnamədə hər bir ixtisas sahəsi üzrə ayrıca göstərilmişdir. Kollegiyanın həmin ixtisas sahələrinə uyğun yaratdığı komissiyalar tələb olunan sənədləri araşdırdıqdan sonra vəkilin ixtisas adı daşıyıb-daşıya bilməyəcəyinə dair qərar qəbul edirlər.
Vəkil müraciət etdiyi ixtisas sahəsi üzrə həm nəzəri, həm də praktiki biliklərini sübut etməlidir. Məsələn, əgər vəkil əmək hüququ sahəsində ixtisas adı almaq istəyirsə, o, fərdi və ya kollektiv əmək hüququ mövzularında təlim keçməlidir. İxtisas hazırlığı minimum 120 saatlıq kursdan ibarətdir və sahədən asılı olaraq arta bilər. Daha sonra praktik təcrübə təsdiqlənməlidir.
Əmək hüququ üzrə ixtisas ala bilmək üçün ən azı 100 məhkəmə işi aparmaq və ya məhkəmə proseslərində iştirak etmək tələb olunur. Digər sahələr üçün gözlənilən göstərici orta hesabla 40-160 məhkəmə işi və ya prosesi yerinə yetirməkdir.
İxtisas adı alındıqdan sonra təhsil prosesi bitmir. İxtisaslaşmış vəkillər hər il azı bir dəfə öz sahələri üzrə ən azı 15 saatlıq əlavə təlimdə iştirak etməlidirlər. Bu təlimlər aktual yenilikləri izləmək və bilikləri dərinləşdirmək məqsədi daşıyır. Alınan bütün təlim və sertifikatlar mütləq şəkildə Kollegiyaya bildirilməlidir.
Nəticə
Ədalət mühakiməsinin bir hissəsi olan vəkillərin peşə etikasına uyğun davranması, dürüst, etibarlı və çalışqan olması gözlənilir. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsi)
Vəkillik kommersiya fəaliyyəti deyil və belə də olmamalıdır. Bu baxımdan, kommersiya fəaliyyətinin ayrılmaz hissəsi olan reklam və rəqabət ictimai xidmət göstərən vəkillik üçün uyğun deyil. Lakin vəkil sayının kəskin artması peşədə qaçılmaz rəqabət doğurmuşdur və bu, nəzərdən qaçırıla bilməz. Vəkil iş tapmaq üçün səy göstərməyə məcbur qalır və özünü reklam qadağasının “qaranlıq sularında” tapır. Bu zaman “məlumatlandırma” və ya “öz fəaliyyətinin təbliği” adı altında gizli reklam fəaliyyəti müşahidə edilir.
Cəmiyyətdəki inkişaf yeni hüquqi mübahisələr doğurur və bu sahələrdə də ixtisaslaşmaya ehtiyac var. Deməli, ictimai və peşəkar inkişafa ayaq uydurmaq, tələblərə uyğun həllər təklif edə bilmək üçün “ixtisaslaşmış vəkil” modelini inkişaf etdirmək vacibdir.
İxtisaslaşmış vəkil modeli müasir hüquq praktikasının üç əsas problemini eyni anda həll etməyə yönəlir: hüquqi biliklərin dərinləşməsi ehtiyacı, reklam qadağası və müştərinin düzgün vəkili tapmaqda yaşadığı informasiya boşluğu.
“İxtisaslaşmış vəkil modeli”nə imkan verən hüquqi çərçivə vəkilə öz ixtisas sahəsini açıq şəkildə göstərmək haqqı tanıyır, amma bunu şişirdici marketinqdən uzaq, obyektiv kriteriyalarla edir. “İxtisaslaşmış vəkil modeli” müvəkkilin peşəkar vəkil axtarışına imkan yaradır.
Vüsal Cəfərov
Vəkillər Kollegiyasının üzvü