Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda ittiham olunan şəxslərin növbəti məhkəməsi keçirildi


  • 12:09

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Fərhad Qasımovun vəkili vəsatətlə çıxış edərək bəzi şahidlərin məhkəməyə lazımi sənədlərin təqdim etmədiyindən yenidən dindirilməsini xahiş edib.

Digər müdafiəçilər də vəsatətlə razılaşıb.

Məhkəmə yerində müşavirə ilə qərar qəbul edərək vəsatəti təmin edib.

Daha sonra məhkəməyə təqdim edilən bəzi sənədlər elan edilib. Sənədlər məhkəməyə Cavid Əzizovun ailə yaxınları tərəfindən təqdim edilib. Bəzi əmlaklar üzərinə qoyulan müsadirələrin qaldırılması ilə bağlıdır. Onlar sənəddə adıçəkilən əmlakların özlərinin maddi hesabına alındığını bildirib.

Vəsatət hazırki mərhələdə baxılmadan saxlanılıb.

Anar Əhmədovun vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Vəli Əliyevin və Bahadır Qasımovun da vəkilləri müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət versələr də məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası 11 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Humay Eminqızı

Oxşar xəbərlər