Hakim: “Bir il təcrübəsi olan müstəntiqin verdiyi ittiham Ali Məhkəmənin qərarında müəyyənləşdirilmiş meyarlarla kəskin ziddiyət təşkil edir”


  • 29 İyul 2019 15:51

“Əksər hallarda ədaləti bərpa etmək funksiyası məhkəmənin üzərinə düşür. Lakin buna qədər olan mərhələdə kadrların hazırlığına xüsusi diqqət yetirmək lazmdır”.

E-huquq.az xəbər verir ki, bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev bildirib.

O deyib ki, Ali Məhkəmənin Plenumunun ümumiləşdirməsi və meyarların müəyyənləşdirilməsi çox mühümdür: “Əvvəla, Ali Məhkəmənin bu funksiyası konstitusiyanın 131-ci maddəsi ilə müəyyənləşdirilir. Cinayət Prosesual Məcəlləsində birmənalı izahatlar verməklə məhkəmə təcrübəsini ümumiləşdirmək kimi funksiyalar dəqiq müəyyənləşir. Ali Məhkəmənin bu sahədə çox uğurlu qərarları var. Kadrların hazırlığı ilə bağlı məsələlər nəzəri və praktiki cəhətdən çox yerdə uzlaşmır. Əksər hallarda ədaləti bərpa etmək funksiyası məhkəmənin üzərinə düşür. Lakin buna qədər olan mərhələdə kadrların hazırlığına xüsusi diqqət yetirmək lazmdır. O halda belə bir vəziyyətin mövcudluğunda Ali Məhkəmənin ümumiləşdirməsi, meyarların müəyyənləşdirilməsi çox mühümdür. Bütün şərhləri oxumaqla təcrübədəki ziddiyyətləri aradan qaldırmaq mümkün deyil. Mənə elə gəlir ki, Ali Məhkəmənin Plenum qərarları həmin bu ziddiyyətləri qismən də olsa, aradan qaldırmağa yönəlikdir. Məsələn, 2016-cı ildə qaçaqmalçılıq təcrübəsi ilə bağlı Ali Məhkəmənin çox uğurlu bir qərarı oldu. Qaçaqmalçılıq işlərində, xüsusilə narkotik vasitələrin qaçaqmalçılığına dair cinayət işləri üzrə kifayət qədər ziddiyyətli cəza tədbirləri mövcuddur”.

Hakim deyib ki, Ali Məhkəmənin qərarları ibtidai istintaq orqanında geniş tədris olunmalıdır: “Niyə Ali Məhkəmənin həmin qərarı ibtidai istintaq orqanlarında tədris olunub geniş öyrənilməsin? Çünki onlarda xüsusi tədris günləri var. Gənc kadrın, müstəntiqin 1 il təcrübə ilə verdiyi ittiham Ali Məhkəmənin həmin qərarında müəyyənləşdirilmiş meyarlarla kəskin ziddiyət təşkil edir. Ona görə də hesab edirəm ki, bu, çox vacibdir. Ali Məhkəmənin həmin funksiyası ilə bağlı məlum Fərmanda da ciddi tədbirlərin görülməsi əlavə olunub”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər