İddia ərizələri, iddiaya etirazlar və hazırlıq icraatı ilə bağlı dəyişikliklər - SİYAHI


  • 26 İyul 2021 12:58

Məhkəmə təcrübəsinin təhlili mülki və kommersiya işlərinə qanunla müəyyən edilmiş ağlabatan müddətlərdə baxılmasına maneə olan mühüm hallara iddia ərizələrinin (ərizələrin) məhkəməyə hazırlıqsız vəziyyətdə verilməsi, prosessual qanunvericiliyin tərəflərə bir sıra prosessual hərəkətlərin məhkəmə qətnaməsinin qəbul edilməsinədək edilməsi imkanını verməsi, habelə işlərin məhkəmə baxışına araşdırmaya hazır olmayan vəziyyətdə çıxarılmasının aid olduğunu göstərmişdir.

İstinad edilən problemlərin aradan qaldırılması məqsədi ilə, MPM-ə aşağıdakı dəyişikliklər edilmişdir:

1) İddia ərizəsi və ona etirazın forma və məzmunu, habelə əlavə edilməli sənədlərin siyahısı ilə bağlı:

- iddia ərizələrinin və ona etirazların forma və məzmununda tərəflərə dair təqdim edilməli olan məlumatların dairəsi genişləndirilmişdir;

- iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısının, habelə yazılı sübutların özlərinin əlavə edilməli olması şərti müəyyən edilmişdir;

- iddiaya etirazda iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir.

2) Aşağıdakı prosessual hərəkətlərin edilməsi imkanı (müəyyən istisnaların olması şərti ilə) yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, yəni hazırlıq iclası mərhələsi ilə məhdudlaşdırılmışdır:

- cavabdehin (iddiaçının) əsl cavabdeh (iddiaçı) ilə əvəz edilməsi;

- başqa cavabdehin cəlb edilməsi;

- iddianın əsasını və ya predmetini dəyişdirilməsi;

- iddia tələbinin həcminin artırılması və ya azaldırlması;

- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürmələri;

- sübutların təqdim edilməsi;

- qarşılıqlı iddianın verilməsi, məhkəmə baxışında bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə istisnasız şəkildə yol verilmir.

3)Məhkəmə baxışınadək olan prosessual müddətlər dəyişdirilmişdir:

- Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

- Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər.

- İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

- Hazırlıq iclasının müddətini hakim işin xüsusiyyətlərini, habelə işin məhkəmə baxışına hazırlıq vəziyyətindən asılı olaraq, MPM-in 167-ci maddəsində işə baxılmaq üçün nəzərdə tutulmuş müddətləri nəzərə almaqla özü müəyyən edir.

İstinad edilən hər 3 dəyişiklik paketinə dair ayrı-ayrılıqda müfəssəl açıqlama veriləcəkdir.

Sənan Hacıyev,

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri

Oxşar xəbərlər