Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməsindən qərəzli şəkildə boyun qaçırılması məhkəmələr tərəfindən müəyyən edilməlidir


  • 17 Sentyabr 2021 17:09

X-in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işi

İşin halları:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli hökmü ilə X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM”) 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il 16 mart tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. X kassasiya şikayəti verərək, onun barəsində olan məhkəmə qərarlarında təqsirinin əsaslandırılmamasından şikayət etmiş və həmin qərarların ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdir.

Yekun məhkəmə aktı:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il 13 avqust tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

Məhkəmənin mövqeyi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mövqeyinə əsasən, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X-in təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə X ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.

Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi də hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi, iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən X-in ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

Apellyasiya məhkəməsinin mövqeyinə əsasən X-in əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən ona bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işin digər obyektiv halları ilə təsdiq olunmuşdur.

Buna baxmayaraq, kassasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən olunmuşdur ki, aşağı instansiya məhkəmələri cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən imtina etmiş, sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra “CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və cinayət tərkibinin əsasları olmadan ittiham hökmü çıxarmışdır.

Belə ki, cinayət məsuliyyətinin əsaslarına müəyyən edən CM-nin 3-cü maddəsinə görə, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Hazırkı cinayət işinə tətbiq edilən CM-in 306.1-ci maddəsinin dispozisiyasında sadalanan tərkib əlamətlər isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsindən ibarətdir. Yəni, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarındakı mövqeyindən də görünür ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir.

Kassasiya məhkəməsinin kollegiyası tərəfindən kassasiya şikayətindəki dəlillərlə bağlı cinayət işinin materiallarında bir sıra sübutların mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, X Nərimanov rayon İşsizlik İdarəsində işaxataran vətəndaş kimi qeydiyyatda olmuş, ona məxsus torpaq sahəsi hərraca çıxarılmış, zərərçəkmiş şəxslərə müxtəlif dövrlərdə fərqli məbləğlərdə pul ödənişləri edilmişdir.

Göstərilən sübutlar nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilməmişdir. Cinayət işinə birinci instansiyada baxılanda məhkəmə baxışı və son söz zamanı təqsirləndirilən şəxs və məhkəmə çıxışı zamanı müdafiəçi tərəfindən irəli sürülən sübutlar və dəlillərə mübahisələndirilən hökmdə nəinki heç bir qiymət verilməmiş, ümumiyyətlə onlar hökmün təsviri-əsaslandırıcı hissəsində belə öz əksini tapmamış, apellyasiya instansiya məhkəməsi isə apellyasiya şikayətində müdafiəçi tərəfindən irəli sürülən sübutlar və dəlilləri sadalamaqla kifayətlənmişdir. Bu isə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərinə, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi yanaşmasına ziddir. Məsələn, Ayatulla Ay Türkiyəyə qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir. Digər, Regner Çex Respublikasına qarşı işdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, “ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənmədiyi şəraitdə təqdim edə bilsin.

Yuxarıda qeyd edilənlərə yanaşı, məhkəmə aktının icra edilməməsi ilə bağlı şikayətlərə əsasən qəbul edilmiş Kərimov və Qeyriləri Azərbaycana qarşı işdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər onun cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrini icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır.

Yuxarıda qeyd olunanları, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-cı maddəsi ilə təqsirləndirməyə dair işlərdə “qərəzli” əlamətinin işin konkret hallarına uyğun olaraq müəyyən edilməsi haqda göstərişinə və Avropa Məhkəməsinin məhkəmə baxışının ədalətliliyinin təmin edilməsinə dair tövsiyələrinə, həm də CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət edilməməsi, eləcə də apellyasiya şikayətində qaldırılmış müvafiq dəlillərə münasibətin bildirilməməsi X-in ədalətli məhkəmə araşdırması hüququnun lazımi səviyyədə təmin edilmədiyinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir. *Bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilmişdir və məhkəmə qərarının tərkib hissəsi olmamaqla, onun qısa mətnini təşkil edir.

Oxşar xəbərlər