"Məhkuma məhz cərimə cəzasına görə cinayətlərin residivi əsas götürülməklə cəza təyin edilməsi ədalət prinsipinə ziddir"


  • 25 May 2022 15:15

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Teyyub Muxtarov Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, hakim müraciətində Cinayət Məcəlləsinin 18.4.4-cü və 83.3.2-ci maddələri, həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsini istəyib.

Həmin müraciəti təqdim edirik.

"Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən C*** G*** Ə**** oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməya görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə G. C Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

Dövlət ittihamçısı həmin hökmdən apellyasiya protesti verərək göstərmişdir ki, G. C qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırki hökm üzrə 09 oktyabr 2020-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi vardır. Ona görə də hökmün təqsirləndirilən şəxs G. C cinayətlərin residivinə görə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

Dövlət ittihamçısı tərəfindən verilmiş eyni məzmunlu kassasiya protesti əsasında cinayət işinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, məhkum qeyd edilən hökm üzrə CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzasını 12 fevral 2019-cu ildə tam icra etdiyinə görə onun məhkumluğunun ödənilməsi müddətinin axımı 12 fevral 2019-cu il tarixdən başlanmış və məhkumluğu ödənilmədiyi dövrdə, yəni 09 oktyabr 2020-ci il tarixde yenidən az ağır cinayət əməli törətmişdir. Eyni zamanda, məhkəmə CM-in 61.1.1-ci maddəsi ilə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almayaraq maddi hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir.

Hazırki cinayət işi üzrə mövcud olan hüquqi məsələyə məhkəmələrin və ittiham tərəfinin müxtəlif yanaşması cinayətin residivi və məhkumluq institutlarının hüquqi müəyyənlik prinsipinin tələbləri baximından yenidən şərh edilməsini zəruri edir.

Müraciətin edilməsinə səbəb olan hazırki cinayət işinin halı ondan ibarətdir ki, məhkum G.C Sabirabad Rayon Məhkəməsinin 09.02.2016-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına, CM-in 29, 232.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cezasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzalarına məhkum edilmişdir.

G.C azadlıqdan mahrumetmə cəzasını 16 iyun 2016-ci il tarixdə tam çəkib qurtarmış, cəriməni isə 12 fevral 2019-cu il tarixdə dövlət büdcəsinə tam ödəmişdir. G.C 09 oktyabr 2020-ci il tarixdə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

Göründüyü kimi, məhkum əvvəlki hökmlə iki əsas cəzaya, yəni azadlıqdan məhrumetmə cəzasına və cərimə cəzasına məhkum edilmiş, hər iki cəzanı çəkib qurtarmışdır. Əvvəl azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış və həmin cəzanı çəkib qurtarmasından iki il keçmiş, sonra ise cərimə cəzasını çəkib qurtarmış və həmin cəzanı çəkib qurtarmasından bir il keçmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkuma əvvəlki hökmlə təyin edilmiş hər iki cəza əsas cəza olduğundan və CM-in 83.4 və 83.4-1-ci maddələrində yalnız əsas və əlavə cəzaya münasibətdə məhkumluğun ödənilməsi müddətləri tənzimləndiyindən, iki əsas cəzaya münasibətdə isə CM-də konkret norma olmadığından bu məsələ məhkəmə təcrübəsində müxtəlif yanaşmalara səbəb olur.

Burada cinayətin residivi və məhkumluq anlayışlarını bir-birindən fərqləndirmək, fərqli yanaşmalara səbəb olan bu anlayışların mahiyyətinə varmaqla qanuni, adalətli va humanist nəticəyə gəlmək mümkündür.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 ve 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin müraciətinə dair' Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr 2010-cu il tarixli qerarında ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən CM-in 18.4-cü maddəsi CM-nə daxil edilməmişdi ve residivin müəyyən edilməsi zamanı cinayətin təsnifatından və cəzanın növünden asılı olmayaraq bütün qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivi müayyən edilərkən nəzərə alınırdı. Lakin CM-in 18.4-cũ maddəsi CM-nə daxil edildikdən sonra Qanunvericilik cinayətin residivi institutuna daha humanist və ədalətli münasibət sərgilədi və residiv institutunun təsir dairəsi kifayət qədər məhdudlaşdırıldı.

Eyni zamanda, CM-in 18.4-cù maddəsinin tələbləri baxımından həmin maddədə göstərilən hallarda törədilmiş cinayətlərə görə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və CM-in 18.5-ci və 65.2-ci maddələrinin tələblərinə uyğun olaraq daha sərt cəzalar tətbiq edilməməlidir.

Yuxarıda da qeyd edildiyi kimi, məhkumluq institutu və cinayətin residivi institutu faqli sahələr olsa da, lakin cəza təyinetmədə bir-biri ilə sıx bağlıdır. Zənnimizcə, CM-in 18.4.4-cü maddəsinə əsasən məhkuma təyin edilmiş cərimə cəzasının cinayətin residivi müəyyən edilərkən nəzərə alınmalı olmamasına baxmayaq, məhz cərimə cəzasına görə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin cezanı ağırlaşdıran hal kimi nəzərə alınması və məhkuma məhz cərimə cəzasına görə cinayətlərin residivi əsas götürülməklə CM-in 65.2-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməsi CM-in 8, 9 və 18.4-cü maddələrinin məram və ruhuna ziddir.

Insan Hüquqları üzrǝ Avropa Məhkəməsi "Bratyakin Rusiyaya qarşı" iş üzrə 9 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" İş üzrə 29 yanvar 2009-cu il, "Radçikov Rusiyaya qarşı" iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd etmişdir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qararları ləğvetmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Məhkəmə təcrübəsində mövcud olan bu fərqli mövqelər qeyd edilən məsələlərlə bağlı Qanunvericiliyin şərhini zəruri edir. Hesab edirik ki, məhkəmə təcrübəsinin vahid mövqeyinin formalaşdırılması məqsədi ilə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi ədalət mühakiməsinin maraqlarina uyğun olardı.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunların təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun", - deyə qeyd edilib.

Oxşar xəbərlər