"Oğurluq və dələduzluq əməllərinin tövsif edilməsi ilə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmalar mövcuddur"


  • 20 Sentyabr 2022 16:00

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Teyyub Muxtarov Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, hakim müraciətində Cinayət Məcəlləsinin 177-ci və 178-ci maddələrinin Konstitusiyanın 25-ci maddəsinin I hissəsi baxımından, eləcə də Cinayət Prosessual Məcəlləsinin 318-ci və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"Cinayət işinin materiallarından görünür ki, XXXX oğluna qarşı irəli sürülmüş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, həmçinin həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib təkrar özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 02.03.2019-cu il tarixdə Gəncə şəhər sakini XXXX Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adi ilə aldadıb, etibarından sui-istifadə etməklə sonuncuya məxsus "Kapital Bank" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirərək kartda olan 512 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir.

Bundan sonra, o, təkrar 11.03.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini XXXX Gəncə şəhəri "Bazarstore mağazalar şəbəkəsinin qarşısındakı "Beynəlxalq Bank'a aid bankomatdan pul çıxararkən ona bankomatın işləmədiyini bildirib, pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldadıb, etibarından sui-istifadə etməklə, sonuncuya məxsus kartda olan 543 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir.

Bundan sonra o, təkrar 05.07.2019-cu il tarixdə saat 09:45-də Gəncə şəhər sakini XXXX Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısındakı bankomata özünə məxsus "Kapital Bank" plastik kartını saldıqdan və həmin kartdan 200 manat məbləğində avans pul çıxarılması əmrini verdikdən sonra XXXX XXXXnın qarşısına keçib bankomatda pul olmadığını bildirib qolundan tutaraq sıxıb itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib çıxıb getməsini tələb edərək, 200 manat pul bankomatdan çıxdıqdan sonra isə həmin 200 manat pulu bankomatdan gözünün qarşısında götürərək qaçmaqla sonuncunun 200 manat məbləğində pulunu ələ keçirib açıq talamaqla soyğunçuluq etmişdir. (3-cü epizod) Bu əməllərə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 180.2.2 ve 180.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin «24» yanvar 2022-ci il tarixli hökmü ilə o, CM-in 178.2.2, 180.2.2 ve 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 178.2.2-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 180.2.2 ve 180.2.4-cü maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları qismən toplamaq yolu ile XXXX XXXX qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

Hazırki müraciətin edilməsinin aşağıdakı səbəbləri vardır:

1. Hazırki vəziyyətdə şəxsin əməlinin tövsifi ilə, yəni əməlin (1-ci və 2-ci epizodların) CM-in 177.2.3-1-ci maddəsi ilə və yaxud CM-in 178-ci maddəsi ilə tövsif edilməsi və bu sahədə məhkəmə təcrübəsində müxtəlif yanaşmaların mövcudluğu ilə bağlıdır ki, bu da CM-in 177-ci və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsi baxımından şərhini zəruri edir.

2. İttiham orqanı təqsirləndirilən şəxsə qarşı yüngül cinayət əməlinə görə ittiham irəli sürmüşdürsə və məhkəmə baxışı zamanı (birinci və ya apellyasiya instansiyası məhkəmələrində) təqsirləndirilən şəxsin əməlində daha ağır cinayət tərkibinin mövcudluğu halında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 318-ci və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti ilə bağlıdır.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci səbəblə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

CM-in 177-ci maddəsinə əsasən, 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri ve ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.2. Eyni əməllər:

177.2.2. təkrar törədildikdə;

177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-in 178-ci maddəsinə əsasən, 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.2. Eyni əməllər: 178.2.2. tekrar törədildikdə; dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırki cinayət işi üzrə mövcud olan kazusun təhlil edilməsi və əməlin CM-in müvafiq maddəsi ilə tövsif edilməsi üçün oğurluq və dələduzluq cinayət əməllərini bir-birindən fərqləndirən əlamətlər müəyyən edilməli və bu iki maddə arasında mövcud olan sərhəd aşkara çıxarılmalıdır.

Oğurluq cinayət əməlinin tövsifedici əlamətləri barədə aşağıdakıların qeyd edilməsi zəruridir:

Oğurluq obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq zamanı təqsirkar zor tətbiq etmir, öz vəzifə səlahiyyətlərindən istifadə etmir, əmlakı ələ keçirmək üçün onun sahibi ilə ünsiyyət yaratmağa və sonucunu aldatmağa əl atmır. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, ondan xəbərsiz və gizli götürərək öz sərəncamına keçirir.

Talamanın ayrıca forması kimi oğurluğun zəruri obyektiv əlaməti özgənin əmlakını götürmənin gizli olmasıdır. Götürmənin gizliliyi dedikdə, cinayət aktının həm mülkiyyətçidən, həm də digər şəxslərdən (əlbəttə, oğurluğun birgə iştirakçılarından başqa) xəbərsiz, xəlvəti həyata keçirilməsi başa düşülür.

"Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.

Oğurluğun gizliliyinin obyektiv meyarı təqsirkarın ona məxsus olmayan əmlakı götürməsi faktını mülkiyyətçinin və ya başqa titul sahibinin, habelə digər şəxslərin dərk edib-etməməsini nəzərdə tutur. Bu zaman obyektiv meyardan istifadə edərək talamanın gizli hesab edilməsinin bir neçə variantı mümkündür: ikincisi, oğurluq əmlakın mülkiyyətçisinin və ya başqa şəxslərin olduğu birincisi, oğurluq heç bir şahid olmadan törədilir, lakin həmin şəxslər bu və ya başqa səbəbdən təqsirkarın özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü dərk etmirlər.

Talamanın gizliliyinin obyektiv meyarının ikinci variantı təcrübədə bəzən səhv olaraq açıq talama kimi qiymətləndirilir. Lakin nəzərə almaq lazımdır ki, məsələn, talama mülkiyyətçinin və ya başqa şəxsin yanında baş versə də, o, baş verən kriminal əməlin mahiyyətini dərk etmək iqtidarında olmadıqda əməl oğurluq hesab ediləcəkdir. Eləcə də əgər təqsirkar öz əməlini çoxlu adamların əhatəsində törədirsə, lakin ətrafdakılar onun kriminal əməl törətdiyini hiss etmirsə və ya onun tamamilə qanunauyğun hərəkət etdiyini hesab edirlərsə özgənin əmlakını belə götürmə də oğurluq hesab ediləcəkdir.

Talamanın gizliliyinin subyektiv meyarı təqsirkarın özgənin əmlakını mülkiyyətçidən və başqa şəxslərdən xəlvəti götürmək niyyətini və onun bu əməli məhz gizli törətməsinə daxili inamını nəzərdə tutur. Təqsirkar oğurluq törədərkən məhz gizli hərəkət etdiyinə əmindir.

Dələduzluq cinayət əməlinin tövsifedici əlamətləri barədə aşağıdakıların qeyd edilməsi zəruridir:

Dələduzluq cinayətinin predmeti talama cinayətlərinin digər formalarının predmetindən bir qədər fərqlənir. Belə ki, dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox, həm də əmlaka olan hüquqlarını qanunsuz əldə edir.

Talamanın digər formalarından fərqli olaraq, obyektiv cəhətdən bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakın və ya Əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və ya onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Təqsirkar aldadaraq və ya etibardan sui İstifadə edərək zərətçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti Əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) eks oluna bilər.

Hazırda mövcud olan istintaq və məhkəmə təcrübəsinə əsasən isnad edilən cinayət işinin 1-ci və 2-ci epizodlarında əks edilmiş cinayət əməlləri bəzi hallarda oğurluq kimi, bəzi hallarda isə dələduzluq kimi tövsif edilir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinin pozulması kimi qiymətləndirilməlidir.

Həmin maddəyə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Lakin eyni cinayət əməli törətmiş şəxslərin əməllərinin müxtəlif maddələrlə tövsif edilərək cəzalandırılmaları bərabərlik prinsipinin tələblərini pozur. Hazırki işin hallarından görünür ki, zərərçəkmiş şəxs özünə məxsus olan bank kartını təqsirləndirilən şəxsə könüllü verir, lakin təqsirləndirilən şəxs pulu bankomatdan gizli qaydada çıxararaq ələ keçirir və pulun mənimsənilməsindən zərərçəkmiş şəxsin məlumatı olmur. Məhz zərərçəkmiş şəxsin bank kartını təqsirləndirilən şəxsə könüllü verməsi istintaq və məhkəmə təcrübəsində yanılmalara səbəb olmaqla əməlin dələduzluq cinayət əməli kimi tövsif edilməsi ilə nəticələnir. Lakin nəzərə alınmır ki, zərərçəkmiş şəxs təqirləndirilən şəxsə bank kartını könüllü verir, lakin həmin kart vasitəsilə bankomatdan çıxarılan pulu könüllü vermir, pulun çıxarılmasını başa düşmür və pul təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanır. Qeyd edilənlərə əsasən hesab edirik ki, CM-in 177.2.3-1-ci ve 178-ci maddələri Konstitiusiyanın 25-ci maddəsinin 1-ci hissəsi və hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından şərh edilməlidir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ikinci səbəblə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırkı cinayət işinin halları baxımından düşünülə bilər ki, qeyd edilən problemin həlli üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsinə zərurət yoxdur və təqsirləndirilən şəxsin əməlini CM-in 178.2.2-ci maddəsindən CM in 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif etməklə vəziyyətdən cıxmaq mümkündür. Məlumdur ki, hər iki maddənin sanksiyalarındakı cəzaların (azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə) növləri və hədləri eynidir, lakin dələduzluq cinayət əməlində əlavə cərimə cəzası da nəzərdə tutulmuşdur. Bu faktın özü CM-in tələbləri baxımından dələduzluq cinayət əməlinin oğurluq cinayət əməlindən daha yüngül cinayət əməli hesab edildiyini göstərir.

Bununla da, təqsirləndirilən şəxsin əməlinin CM-in 178-ci maddəsindən CM-in 177-ci maddəsinə tövsif edilməsi nəticəsində məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318-ci maddəsinin tələbləri də pozulmuş olacaqdır. Digər tərəfdən XXXX XXXX barəsində cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi mümkünlüyünü nəzərdə tutan cinayet qanunvericiliyinin müvafiq normalarının tətbiqinin qarşısı alınaraq məhkumun həmin normalardan yararlana bilməsi və barəsində güzəştli qərarın qəbul edilməsinə nail olmaq hüququ da pozulacaqdır.

"Məhkəmə baxışının hədləri" adlanan CPM-in 318-ci maddəsinə əsasən:

318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır.

318.2-2. Təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi ya məhkəməyədək va sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır.

318.2-3. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiali üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır.

318.2-4. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiali üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

318.3. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.

Cinayət Kollegiyası onu da vurğulamağı lazım bilir ki, cinayət məsuliyyətindən azad etmə əsasları və qaydası nəzərdə tutulmuş CM-in Xİ fəslinin normalarına əsasən oğurluq cinayətini törətmiş şəxsin bu normalarda göstərilən hər hansı əsasla cinayət məsuliyyətindən azad edilməsi mümkün olmasa da, həmin fəslin 73-1.2-ci maddəsində CM-in 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi hallarında imperativ şəkildə cinayət məsuliyyətindən azad edilməsi təsbit edilmişdir. Həmçinin CM-in 80-1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətindən azad etmə ilə bağlı CM-in 73-1.2-ci maddəsində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Göründüyü kimi, qanunvericiliyin qeyd edilən normalarında CM-in 178.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin CM-in 73-1.2-ci maddəsində göstərilən şərtləri yerinə yetirdikdə həm cinayət məsuliyyətindən, həm də cəzadan azad edilməsini müəyyən etdiyi halda, oğurluq cinayətini törətmiş şəxsin barəsində bu normaların tətbiqini mümkünsüz etmişdir.

CPM-in 318-ci maddəsi və yuxarıda sadalanan hallar məhkumun əməlinin CM-in 178-ci maddəsindən CM-in 177-ci maddəsinə tövsif edilməsini mümkünsüz edir və bu tövsif yalnız CPM-in 318-ci maddəsinin tələbləri qaydasında mümkündür. CPM-in 318-ci maddəsində nəzərdə tutulmuş daha ağır cinayətin əlamətlərinin mövcudluğu ilə bağlı prosessual hərəkətlərin edilməsi və prosessual qərarların qəbul edilməsi ittiham tərəfinin iradəsindən asılı edilmişdir və bununla bağlı qərarlar yalnız işə birinci instansiya məhkəməsində baxılarkən qəbul edilə bilər. Lakin ittiham tərəfi bununla bağlı mövcud olan hüququndan istifadə etmədikdə məhkəmə öz arbitr rolunu qorumalı və işə verilmiş ittiham daxilində baxmalıdır.

"Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 37-ci bəndində göstərilmişdir:

"CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissesində əks etdirilməli və əsaslandırılmalıdır.

Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın.

Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir:

a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur,

b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi)."

Həmin qərarın 64-cü bəndə isə göstərilmişdir:

"64. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığı üçün məhkəmə təqsirləndirilən şəxsin əməlində ittihamda göstərilən cinayətin deyil, diger - daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış etməklə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verməyə və cinayət işini, sadələşdirilmiş icraat materialını CPM-in 350.4-cü maddəsinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmağa haqlı deyil.

Nəzərə almaq lazımdır ki, məhkəmənin öz mülahizələrinə görə şəxsin əməlində irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış edərək təqsirləndirilən şəxsə bəraət verib ona daha ağır ittihamın irəli sürülməsi üçün işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarması, mahiyyət etibarı ilə məhkəməyə xas olmayan ittiham tərəfinə aid funksiyasının üzərinə götürülməsi olmaqla cinayət prosesində məhkəmənin həyata keçirdiyi tərəfsiz arbitr rolu, CPM-in 32-ci maddəsində təsbit edilmiş cinayət prosesində tərəflərin çəkişməsi prinsipi, 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsini qadağan edən CPM-in 350.3-cü maddəsi ilə bir araya sığmır.

Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayət-prosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir."

Lakin apellyasiya instansiya məhkəməsində ağır cinayətin əlamətlərinin mövcudluğu ilə bağlı məsələdə daha məhdudlaşdırıcı norma müəyyən edilmişdir. Belə ki, CPM-in 391.8-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə va apellyasiya protestine baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.9-cu maddəsində göstərilmişsir ki, bu Məcəllənin 391.8 vǝ 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə:

391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Zənnimizcə, sadalanan hallar hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından CPM-in 318 ve 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərhini zəruri edir.

Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini ve «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rehber tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən

Xahiş edirəm:

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında məhkum XXXX XXXX XXXX oğlu barəsində olan cinayət işinə baxılması ilə əlaqədar vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olunması, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci və 178-ci maddələri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsi baxımından, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci və 391.8-1-ci maddələri əlaqəli şəkildə şərh edilsin".

Oxşar xəbərlər