"Kommersiya məhkəmələri sahibkarlıq subyektlərinin məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir"


  • 3 İyun 2023 16:55

"Ölkədə aparılan davamlı siyasət, xüsusilə də qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş islahatlar təbii ki, iqtisadi mübahisələr sahəsində dərinləşməni zəruri etdi. Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında məhz sahibkarlıq subyektlərinin məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, həmçinin mübahisələrə bu sahədə daha dərin bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması məsələsi qarşıya məqsəd kimi qoyuldu. Bu məqsədlə ölkəmizdə 2020-ci ilin yanvarın 1-dən etibarən kommersiya məhkəmələri fəaliyyətə başladı. 3 ildir ki, kommersiya məhkəmələri ayrıca ixtisaslaşmış məhkəmə olaraq fəaliyyətdədir. Bu məhkəmələrin rolundan danışarkən xüsusilə həmin məhkəmələr yaradılarkən qarşıya qoyulmuş məqsədlərə xüsusi diqqət ayırmalıyıq".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.

O bildirib ki, hazırda Respublikamızda 6 kommersiya məhkəməsi fəaliyyət göstərir və bu məhkəmələr sahibkarlıq subyektlərinin məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir.

"Müraciətin asanlaşdırılmasında növbəti bir addım məhz kommersiya məsələləri üzrə məhz elektron icraatın aparılmasının qanunvericilikdə təsbit edilməsi idi. Bu, təsadüfi deyildi. Çünki elektron icraatın əsasında obyektivlik fasiləsizlik və şəffaflıq prinsipləri dayanır. Təbii ki, kommersiya məhkəmələrini yaradarkən dövlətin əsas məqsədi sahibkarlıq subyektlərinin mübahisələrinə daha tez zamanda, daha şəffaf şəraitdə, daha yüksək keyfiyyətlə baxılmasını təmin etməkdən ibarət idi. Məhz elektron icraatın tətbiqində də əsas məqsəd bundan ibarət olub.

Elektron icraatla əlaqəli məsələlər 2018-ci ildə qanunvericiliyə daxil edilsə də, daha sonra təkamül yolu keçərək qanunvericiliyə növbəti dəyişikliklər zamanı xüsusi diqqətdə saxlanılıb. Elektron icraatın daha da təkmilləşdirilməsi istiqamətində bu gün qanunvericiliyə xeyli sayda dəyişikliklər edilib. Nəticə etibarilə iddia ərizələrinin, eləcə də növbəti mərhələlərdə apellyasiya, kassasiya şikayətlərinin məhz elektron verilməsinin məcburliyi qanunla təsbit edildi. Digər tərəfdən, sübutlar, o sübutlar ki, məhkəmə qərar qəbul edərkən həmin sübutlara istinad edəcək, mütləq qaydada elektron kabinet vasitəsilə elektron icraatın tələblərinə uyğun olaraq təqdim olunmalı idi. Qeyd olunan dəyişikliklərdə əsas məqsəd məhkəmənin işlərə sürətli baxmasını təmin emtək idi. Çünki tərəf əgər iddia ərizəsini elektron kabinet vasitəsilə verirsə, qarşı tərəfin elektron kabineti varsa, bu elektron qadada verilmiş həmin sənəd barəsində daha tez məlumat əldə edir. Elektron icraat vaxt amilinə xeyli mənada qənaət edir.

Bundan əlavə, məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, eləcə də şəffaflığın artırılması baxımından bir mühüm amil də məhz kommersiya məhkəmələrində tətbiq olunur. Bu audio-video yazılışın tətbiq edilməsidir. Həmin proses baş verənə qədər, bir qayda olaraq, sahibkarlıq subyektlərindən, eləcə də məhkəmədə iştirak edən tərəflərdən məhkəmə iclas protokollarının məzmunu ilə bağlı şikayətlər olurdu. Yaxud vəsatət verilib, şikayətlərdə qeyd olunurdu ki, verilən vəsatətlərə məhkəmələrdə qiymət verilməyib. Həmin dəlilin nə dərəcədə düzgün olduğuna qiymət vermək üçün audio yazılışın həyata keçirilməsi çox əvəzedilməz tədbiridr. Biz deyə bilərik ki, audio-video yazılışın həyata keçirilməsi bu gün sahibkarlıq subyektlərinin işinə baxılmasında, şəffaflığın təmin olunması istiqamətində mühüm tədbirdir", - deyə Kollegiya sədri qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər