- 23 May 21:20
Məlum olduğu kimi, Cinayət-Prosessual Məcəlləyə əsasən ibtidai istintaqa prokuror və məhkəmə nəzarəti mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd edilən hüquqi mövqeyə əsasən, məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür.
Cinayət-prosessual qanunvericilik ibtidai istintaq zamanı bir sıra məsələlərdə olduğu kimi, həmçinin də bir sıra qətimkan tədbirinin seçilməsi və uzadlması zamanı da prokuror və məhkəmə nəzarətini tanıyır. Bu baxımdan qanunvericilik həbs qətimkan tədbirinin seçilməsi və onun uzadılması üçün prosedur qaydaları o cümlədən vəsatət və təqdimatın təqdim edilməsi müddətləri və buna səlahiyyəti olan şəxslərin dairəsini müəyyənləşdirir. Artıq illərdir ki, bu məsə ilə bağlı praktikada mövcud olan müəyyən qüsurlu məsələlərlə rastlaşır və məhkəmələrin doğru olmadığını düşündüyüm mövqeləri ilə rastlaşdığım üçün müəyyən məsələləri qeyd etmək istərdim.
1. Həbs qətimkan tədbirinin seçilməsi və uzadılması zamanı təqdimatlara baxılmasında kimlər iştirak edə bilər? Artıq formalaşmış praktika bundan ibarətdir ki, bir çox hallarda məhkəmələrdə həbs qətimkan tədbiri ilə bağlı təqdimatlara baxılması zamanı təqdimat vermiş prokuror özü yox, prokurorluğun digər əməkdaşları iştirak edir. Bununla bağlı dəfələrlə vəsatət versəm də, bir-iki dəfə istisna olnaqla, vəsatətim təmin edilməyib. Bəs qanunvericilik bu barədə nə deyir?
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 447.3-cü maddəsinə əsasən, istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:
- vəsatət vermiş şəxs;
- ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror;
- vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan, yaxud barəsində ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılan şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi.
Göründüyü kimi, qanunvericilik bu qəbildən olan işlərə baxılmasında iştirak etmək hüququ olan şəxslərin dairəsini konkret müəyyən edir. Burada müvafiq prokuror hissəsi qanunvericiliyə 2017-ci ildə əlavə edilmişdir. Belə ki, həmin tarixə kimi həbs qətimkan tədbirinin seçilməsi və uzadılması hüquq yalnız prosessual-rəhbərliyi həyata keçirən prokurora aid edilsə də, sonradan bu səlahiyyət digər şəxslərə də verilmişdir. Qanunvericilikdə məhz bu aspektdən burada müvafiq prokuror əlavəsini etmişdir.
Vəsatət verdikdə məhkəmələr, eyni zamanda ittiham tərəfi qeyd edirlər ki, bunun üçün prokurorlar tərəfindən hansısa əmr və ya etibarnamə verilir. Əmr və ya etibarnamə qanunvericiliklə müəyyən edilmiş, mümkün olan səlahiyyətlərin ötürülməsini mümkün hesab edir. Buradakı təmsilçilik isə şəxsi olmaqla ötürülməsi mümkün deyil.
CPM-nin 447.6-ci maddəsinə əsasən, müraciətlərin baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 447.3-cü maddəsində göstərilən şəxslərin istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
Göründüyü kimi, təqdimata baxılmasında iştirak etmək hüquqdur və bu hüquqdan istifadə edilməməsi təqdimata baxılmasına mane olmur. Bu baxımdan hesab edirəm ki, həbs qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimata baxılmasında ya təqdimat vermiş prokuror özü iştirak etməli, ya da işə onun iştirakı olmadan baxılmalıdır.
2. Həbs qətimkan tədbirinin uzadılması barədə təqdimatlar məhkəməyə hansı müddət ərzində təqdim edilməldir? Bu müddətə əməl edilməyən təqdimatların taleyi necə olmalıdır?
CPM-nin 159-cu maddəsi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin həbsdə saxlanılması müddətinin uzadılması zamanı vəsatətlərin və təqdimatların təqdim edilməsi və həbsin uzadılmasının müddətlərini, eyni zamanda təqdimat və vəsatət təqdim etməyə səlahiyyəti olan şəxslərin dairəsini müəyyənləşdirir. Həmin maddəyə əsasən ilk uzatma zamanı təqdimat məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış, digər hallarda isə müddətin keçməsinə ən geci 4( dörd) gün qalmış məhkəməyə təqdim edilməlidir.
Qanunvvericilik bu müddəti imperativ hesab etsə də, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə daha az qaldığı halda təqdimatın taleyini müəyyən etmir. Lakin məhkəmələr belə təqdimatlara baxır, ən yaxşı halda müstəntiqlər barəsində xüsusi qərar çıxarırlar. Hesab edirəm ki, bu mövqe də doğru deyil.
Belə ki, CPM-nin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır.
Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir.
Konstitusiya Məhkəməsi Plenumunun CPM-nin 158.1 və 159.1-ci maddələrinin həmin Məcəllənin 159.3, 159.3-1, 159.7, 448.1.1, 448.1.2 və 448.1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərardadında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də istisna olunur. Lakin sadalanan normalarda birbaşa nəzərdə tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin (məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış saxlanılmasını nəzərdə tutan müddəalarına cavab verən yanaşma kimi qiymətləndirilə bilər.
Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərardadda irəli sürdüyü mövqeni də rrəhbər tutaraq, hesab edirəm ki, həbsdə saxlama müddətinin uzadılması üçün təqdimatın imperativ qaydada müəyyən edildiyi kimi, həbsin bitməyinə ən az 5 və ya 4 gün qalmış məhkəməyə təqdim edilməli olduğu halda, bu müddət keçdikdən sonra təqdim olunarsa, onda məhkəmələr həmin təqdimatları baxılmamış saxlamalıdır.
Anar Mövsümoğlu
Vəkillər Kollegiyasının üzvü