- 2 May 21:46
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəmələr tərəfindən normativ hüquqi aktların tətbiqi təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ümumiləşdirmə aparılıb.
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarından əsas məqamları diqqətə çatdırırıq.
1. Əmlakın əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır
2. Əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər.
3. Özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.
4. Yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin.
5. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır
6. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi nəzərə alınır.
7. Nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.
8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər.
9. Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, sərf olunmuş vəsaitin ailənin ümumi təsərrüfatından xərcləndiyi barədə prezumpsiyanın qüvvədə olması baxımından belə fəaliyyət nəticəsində əldə edilmiş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.
10. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz.
11. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
12. Bundan əlavə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.
13. Çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
14. Bununla yanaşı, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair bağlanmış müqavilələr mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin.
15. Birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz.
16. Valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
17. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
18. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır
19. Birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir.
20. Birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır.
21. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və danışmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir.
22. Ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir.
23. Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır.
24. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir, buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir.
25. Tərəflər arasında razılıq olmadıqda isə bölgü ər-arvaddan hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir.
26. Konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər.
27. Tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər.
28. Kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər.
29. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməlidir.
30. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər.
31. Ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır
32. Nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır.
33. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir.
34. Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır.
35. Çünki ər- arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
36. Nikah müqaviləsi nikahadək bağlanmışsa, onun qüvvəyə minməsi nikahın dövlət qeydiyyatına alınmasından asılıdır (tamamlayıcı ünsür). Bu şərtlərə cavab verməyən nikah müqaviləsi Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsız (əhəmiyyətsiz) olduğu üçün ər- arvadın ümumi əmlakının bölünməsi zamanı hüquqi əsas kimi çıxış edə bilməz.
37. Nikah etibarsız sayıldıqda ər və arvad arasında bağlanmış nikah müqaviləsi də etibarsız sayılır
38. Ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.
39. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə öz aralarında bağladıqları sazişdən, habelə mediasiya prosesində əldə edilmiş barışıq sazişindən irəli gələn öhdəliklərin icrasına məcburetmə barədə, eləcə də həmin sazişlərin ləğv edilməsi və ya etibarsız sayılması barədə iddialar ailə hüququna deyil, müqavilə hüququna əsaslandığı üçün belə mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb edilmir.
40. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda ər-arvadın (onlardan birinin) tələbi ilə birgə mülkiyyətdə olan əmlakın bölgüsünün aparılması nikah pozularkən məhkəmənin həll etməli olduğu məsələlər sırasında olduğu üçün əmlak bölgüsü tələbi nikahın pozulması tələbi ilə birləşdirildikdə iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla (bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə) geri qaytarıla bilməz.
Qərarın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz: Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
Turan Abdullazadə
Vəkillər Kollegiyasının üzvü