"Kommersiya məhkəmələrində neqativ hallar aradan qaldırılıb, qərarların obyektivliyi şübhə doğurmur"


  • 24 May 15:34

"Vəkil kimi müşahidələrimə əsasən deyə bilərəm ki, son zamanlar məhkəmələrdə kommersiya mübahisələri ilə bağlı çox obyektiv və hərtərəfli araşdırma aparılır. İşlərə baxılarkən prosessual tələblərə əməl olunur, qanunlar düzgün tətbiq edilir. Nəticədə qəbul olunan qərarlar da ədalətli olur".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev deyib.

Onun sözlərinə görə, artıq qərarların obyektivliyi tərəflərdə şübhə doğurmur: "Hətta uduzan tərəf də qəbul olunan qərarla razılaşır. Çünki hakimlər çox savadlı, peşəkar və təcrübəlidirlər. Bunu öz şəxsi tərcümə əsasən deyirəm. Demək, hüquqlarını müdafiə etdiyim səhmdar cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırılmışdı. Hakim çox obyektiv araşdırma apardı və ədalətli qərar qəbul etdi. Onu da deyim ki, səhmdar cəmiyyətləri ilə bağlı işlərə baxmaq heç də asan deyil. Çünki səhmdar cəmiyyətləri ilə bağlı qanunvericilik, normativ hüquqi aktlar o qədər də təkmil deyil. Ona görə də bu kimi mübahisələrə baxılması nisbətən mürəkkəbdir. Bu işlərə baxan hakimlər daha savadlı, peşəkar və təcrübəli olmalıdırlar. Sevindirci haldır ki, bu gün Bakı Kommersiya Məhkəməsinin hakimləri sadaladığım həmin tələblərə cavab verirlər. Vəkil kimi şəxsən buna şahid oldum".

Vəkil deyib ki, kommersiya məhkəmələrinin fəaliyyəti ölkəmizdə biznes mühitinin inkişafında mühüm rol oynayır: "Bu gün kommersiya məhkəmələrində uzun sürən məhkəmə çəkişmələrinin, süründürməçiliyin qarşısı alınıb. Bu da ilk növbədə ölkəmizdə sahibkarlığın inkişafına mühüm töhfə verir. İşin obyektiv araşdırıldığını, məhkəmənin ədalətli qərar qəbul etdiyini, korrupsiyaya yol verilmədiyini görən sahibkar, əlbəttə, fəaliyyətinə daha əmin davam edə bilir. Təəssüf ki, bir müddət əvvəl məhkəmələrdə süründürməçiliyə yol verilməsi, ədalətsiz qərarların qəbul edilməsi bir çox sahibkarların xaricə üz tutmasına səbəb olmuşdu. Amma indi vəziyyət dəyişib. Hakimlərin bu sahədə ixtisaslaşması, bilik səviyyəsinin artırılması, ədalətli araşdırmanın aparılması artıq özünü göstərir".

Ş.Mirzəyevin fikrincə, kommersiya məhkəmələrinin daha səmərəli fəaliyyyətinin təmin edilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var: "Hesab edirəm ki, kommersiya mübahisələri ilə bağlı məhkəməyə müraciət zamanı tələb olunan dövlət rüsumu artırılmalıdır. Belə olduqda sahibkarlar yalnız əmin olduqları halda məhkəməyə müraciət edəcəklər. Beləliklə, məhkəmələrdə əsassız iddialar qaldırılmayacaq. Bu da məhkəmələrdə iş yükünün əsassız yerə artmasının qarşısını alacaq.

Bəzi ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, sahibkarlar pul tələbi ilə bağlı iddia qaldırdıqda həmin iddianın faiz nisbətində məhkəmənin hesabına depozit qoyurlar. İddiaçı uduzduqda həmin vəsait dövlətin hesabına keçir. Belə bir tələb sahibkarları iddia qaldırarkən daha məsuliyyətli olmağa və düşünülmüş addım atmağa vadar edir. Onlar bilərəkdən əsassız iddia qaldırmaqdan çəkinirlər. Hesab edirəm ki, ölkəmizdə də belə bir təcrübə tətbiq oluna bilər. Hətta həmin vəsaitdən müəyyən bir hissə hakimlərin mükafatlandırılmasına yönəldilə bilər. Ümumiyyətlə, düşünürəm ki, kommersiya işlərinə baxan hakimlərin əmək haqqı digərlərindən fərqlənməlidir. Çünki onlar böyük məbləğdə iddalara baxırlar. Heç olmasa, onların mükafatlandırılmasında fərqli bir yanaşma tətbiq olunmalıdır".

Vəkil, həmçinin hesab edir ki, kommersiya mübahisələrinə dair işlər üzrə qəbul olunmuş məhkəmə qətnamələrinin icrasında ödənişli xidmətdən istifadə olunmalıdır: "Bu, icra sənədinin vaxtında və operativ icra olunmasına xidmət edəcək. İndiki təcrübə onu göstərir ki, tələbkar bu tip işlərdə aylarla, bəzən illərlə vaxt itirir. İcra xidməti ödənişli olsa, icra sənədi də vaxtında icra olunacaq. Ödənişli icra həm icra məmurlarının təminatına, həm də sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək".

Xəyalə Bünyatova

Oxşar xəbərlər