- 7 Sentyabr 13:30
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatın görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Məmmədov onunla eyni müttəhimlər kürsüsündə əyləşmiş Tofiq Yaqublunun suallarını cavablandırıb.
Tofiq Yaqublu Elnur Məmmədova suallar versə də, o, həmin sualları cavablandırmaqdan imtina edib.
Daha sonra zərərçəkmiş qismində tanınmış Elşən Hüseynov ifadə verib. O bildirib ki, sinir sindromu və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Onun sözlərinə görə, nə Tofiq Yaqublu, nədəki Elnur Məmmədovla ədavəti və düşmənçiliyi yoxdur, onların heç birini əvvəllər tanımayıb: “Mən Elnur Məmmədovla sosial şəbəkədə dostluq etdim. Onunla sosial şəbəkədə yazışma zamanı xəstəliyim barədə danışdım. Bildirdim ki, xəstəliyimlə bağlı üç ölkədə - Almaniya, İsrail və ya Belerusda müalicə almaq istəyirəm. Mənim xəstəliyim bir günlük, iki günlük, bir aylıq müalicəsi bitən olmadığı üçün müalicə aldığım ölkədə uzun müddət qalmalı idim. Buna görə də Elnur mənə Almaniya getmək üçün viza təşkil etməyi, orada oturum almağı təklif etdi. Bu da mənim müalicə almağım üçün uyğun gəldiyi üçün razı oldum. Elnur həmin vaxt bu işləri görmək üçün Tofiq Yaqublunun adını çəkdi. Mən əvvəlcə ona inanmadım. Amma sonradan hər ikisinin tanınmış şəxs olduğu üçün razı oldum”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnur Məmmədovla Nərimanov Rayon Məhkəməsinin yaxınlığında görüşüb: “Həmin vaxt Elnur Tofiq Yaqubluya yaxınlaşdı. Onunla nəsə söhbət etdi. Həmin vaxt Elnurun əlində qara papka var idi. Onu Tofiq Yaqublu alaraq baxdı və sonra özünə qaytardı. Sonra onlar görüşüb ayrıldılar. Mən düşündüm ki, görüşmək üçün məni də çağıracaqlar. Amma çağırmadılar. Bunu səbəbini öyrənmək üçün Elnurdan soruşdum. Dedi ki, sənin görüşməyin məsləhət olmadı”.
Elşən Hüseynov qeyd edib ki, onun evində 25 min avro olub, həmin pulu viza və Almaniyada oturum almaq üçün Tofiq Yaqubluya çatdırılması üçün Elnur Məmmədova verib. Onun sözlərinə görə, sonradan 10 min manat da istəyiblər, onun 10 min manatı olmadığı üçün tanışından həmin məbləğdə pulu alaraq onlara verib: “Mənə dəymiş ziyan ödənilməyib. Dəymiş ziyanın ödənilməsini istəyirəm. O pul mənim həyatımı, taleyimi həll edir”.
Daha sonra Elşən Hüseynov dövlət ittihamçısının suallarını cavablandırıb. Zərərçəkmiş qeyd edib ki, Elnur Məmmədovla bu məsələləri müzakirə edən zaman Tofiq Yaqublu ilə yanaşı Qənimət Zahidin də adını çəkib: “Mənə dedi ki, bu işləri görmək üçün onun tanışları var. Məni onların vasitəsi ilə Almaniyaya yollaya biləcəyini dedi. Mən ondan tanışlarının kim olduğunu soruşdum. O da Tofiq Yaqublu, Qənimət Zahidin adını mənə dedi”.
Bundan sonra Elşən Hüseynov Tofiq Yaqublu və onun vəkillərinin suallarını cavablandırıb.
Növbəti proses avqustun 16-da davam edəcək.
İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
Orxan Rasifoğlu