Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyin məqsədini açıqladı


  • 30 İyun 2022 15:02

""Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"da dövlət qulluğunda idarəetmənin təkmilləşdirilməsi üçün müxtəlif vasitələrlə yanaşı, mütərəqqi motivasiya sisteminin yaradılması da nəzərdə tutulur. Bu məqsədlə Strategiyada dövlət qulluqçuları arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, digər sahələrdə çalışan mütəxəsislərin dövlət qulluğuna cəlb edilməsi üçün dövlət qulluqçularının əmək haqqı sisteminin təkmilləşdirilməsi qarşıda quran vəzifələrdən hesab edilir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O xatırladıb ki, bu ilin əvvəlində icra hakimiyyəti orqanlarında əməyin ödənişi sistemi təkmilləşdirilib, dövlət qulluqçularının vəzifə maaşı qaldırılıb. Komitə sədri bildirib ki, məhkəmə və qanunvericilik hakimiyyəti orqanlarında da icra hakimiyyəti orqanları ilə eyni-vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulur.

"Birincisi, bu sahələrdə də oxşar mexanizm tətbiq edilir. Yəni, əməkhaqqına əlavələr ləğv edilir, əvəzində vəzifə maaşları artırılır. İkincisi, hakimiyyət orqanlarının əməkhaqlarında mövcud olan bağlılıq aradan qaldırılır, hər bir hakimiyyət qolunda əməkhaqqı müstəqil müəyyən edilir. Bu Qanun layihələri dövlət orqanlarında daha mütərəqqi, qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq hazırlanan vahid əməkhaqqı sistemini tətbiq etmək və dövlət orqanlarında çalışanların sosial müdafiəsini gücləndirmək məqsədi ilə hazırlanıb", - deyə Əli Hüseynli vurğulayıb.

Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, qanunun 106-cı maddəsində (Hakimlərin maddi təminatı) "Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində" sözləri "3550 manat" sözləri ilə əvəz edilir. Yəni, Ali Məhkəmənin sədrinin maaşı 2475 manatdan 3550 manatadək artırılır. Eyni zamanda hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinət isə ləğv olunur. O cümlədən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilməsi də dayandırılır.

Hazırda Milli Məclisin Plenar iclasında müzakirəyə çıxarılan qanun qəbil ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Etibar Məmmədli

Oxşar xəbərlər