"Ermənistanda baş verənlər müharibə və rəzil məğlubiyyət sonrası çalxalanmadır" - Bəhruz Məhərrəmov


  • 26 Fevral 2021 15:07

"Ermənistanda baş verənlər 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətə daxildə səbəb axtarışı, həmçinin bölgədə marağı olan güclərin nüfuz mübarizəsidir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov İrəvanda Baş nazir Nikol Paşinyanın devrilməsinə yönəlmiş hərbi çevriliş cəhdinə münasibət bildirərkən deyib. Deputat Ermənistanda baş verənləri müharibədə rəzil məğlubiyyətdən sonrakı çalxalanma kimi qiymətləndirib.

"Əslində Ermənistan hərbi siyasi hakimiyyətində hər kəs bilir ki, bu biabırçı məğlubiyyətin bir səbəbi var. Güclü Azərbaycan. Daha dəqiqi, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan hərbçisinin qəhrəman əzmi, ordumuzun gücü və müasir imkanları. Ermənistanın siyasətçiləri üçün də hərbçiləri üçün də bunu etiraf etmək asan deyil. Çünki onlar illərdir xalqı aldadıb, erməni əsgərinin "gücü", erməni istehkamlarının "keçilməzliyi", Azərbaycan ordusunu "zəifliyi" və "qorxaqlığı" kimi miflər uyduraraq xalqı arxayın etmişdilər ki, artıq işğal etdikləri torpaqları Azərbaycan geri ala bilməz. Üstəlik, onlar gənc nəsli yeni işğalçılıq təfəkküründə böyüdür, illərdir "dənizdən dənizə böyük Ermənistan" xəstə təxəyyülünü yeni nəslin beyninə yeridirdilər. Cənab İlham Əliyev də bu gün mətbuat konfransında çox gözəl vurğuladı, qeyd etdi ki, onları bu vəziyyətə salan, erməni xalqını bu rəzil duruma salan məhz bu xülyalardır. Obyektiv yanaşsaq, indiki məqamda Ermənistanın perspektivi yoxdur. Tutaq ki, hərbçilər Paşinyanı devirib hakimiyyətə gəlsəydilər, nə dəyişəcəkdi, Qarabağı yenidən işğal ediləcəkdimi? Bu mənada hesab edirəm ki, Ermənistanda baş verənlər sadəcə müharibə və rəzil məğlubiyyət sonrası çalxalanmadır. Eyni zamanda Qərbin və Rusiyanın nüfuz mübarizəsidir", - deyə o bildirib.

B.Məhərrəmov Paşinyanın hakimiyyətdə qala bilməsinin ölkədə böyük dəstəyinin olması anlamına gəlmədiyini deyib. Deputat həmçinin qeyd edib ki, Ermənistanda dünən baş verənlər son deyil: "Ötən gün Paşinyanın hakimiyyətdə qala bilməsi əslində Paşinyanın ölkədə böyük dəstəyinin olması demək deyil. Hazırda Ermənistanda hakimiyyətə gəlmək böyük riskdir, müxalifət iqtidarı məğlubiyyətdə, "torpaqları itirməkdə" ittiham edir, lakin indi hakimiyyətə gələn qüvvə rəzil məğlubiyyətin nəticələrini aradan qaldıra biləcəkmi? Həmçinin, əskər payı oğurlayan, fərari və cani hərbi elitaya da, uzun illər diktatura, xunta rejimi ilə dövləti idarə edən "Qarabağ klanı" adlanan cinayətkarlara Ermənistanda o qədər nifrət var ki, müqayisədə Paşinyan dünənki proseslərdən sonra hakimiyyətdə qala bildi. Lakin bu nə ilk, nə son prosesdir. Çünki Ermənistan tam müstəqil dövlət deyil. Ermənistanın iqtisadi infrastrukturu, energetika, rabitə və nəqliyyat sektoru, rəsmən Rusiyanın nəzarətindədir, sərhədləri rus hərbçiləri qoruyur. Siyasi hakimiyyət isə Soros iqtidarının əlindədir. Paşinyan bölgədə Rusiya üçün etibarlı tərəfdaş deyil. Bu mənada dünən baş verənlər son deyil. Amma istənilən halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir”. 44 günlük müharibə onlara elə dərs olub ki, Ermənistanda baş verəcək proseslərin nəticəsində sonrakı mərhələdə kimin qalib çıxacağından asılı olmayaraq, prosesin biz tərəfə yönəlməsi, düşmənin yenidən dirçəlməsi ağlabatan deyil. Yenidən baş qaldırmağa cəhd etsələr, "dəmir yumruq" məsələni kökündən həll etməyə hər saniyə hazırdır".

Sevgül Qasımzadə

Oxşar xəbərlər